EMUN AMRULLAYEV TURKIYA GORUSHLAR

Emin Əmrullayev türkiyəli həmkarı ilə ümumi və peşə təhsili sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı, 22 fevral, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində fevralın 22-də ümummilli lider Heydər Əliyevin Ankara şəhərində yerləşən abidəsini ziyarət edib. Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb.

Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib.

Fevralın 22-də nümayəndə heyəti, həmçinin Ankara Universitetində olub. Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı təhsil naziri Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektor Necdet Ünüvara təşəkkürünü bildirib.

Nümayəndə heyəti universitetdə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib. Tədbir zamanı təhsil naziri Emin Əmrullayev,  Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış ediblər.

Tədbirdə, həmçinin Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya akademik baxış” mövzusunda təqdimatla çıxış edib.

Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Milli Təhsil Nazirliyinə bağlı Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq imkanını qazanıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email