16185008154581316954 1000x669

Milli Məclisin sədri: Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir

Sankt-Peterburq, 15 aprel, AZƏRTAC

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə Sankt-Peterburqda keçirilən görüşdə söyləyib.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.

Parlamentin sədri Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün geridə qaldığını, 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 30 il işğal altında qalmış torpaqlarımızı azad etdiyini vurğulayıb. Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri təəssüflə bildirib ki, Ermənistan bütün çağırışlara baxmayaraq, beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. O, beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymağa çağırıb.

Sədr Sahibə Qafarova ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən işlər barədə həmsöhbətinə məlumat verib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu vurğulayıb, 2013-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb. T.Narbayeva Azərbaycan və Özbəkistan regionları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email