Oana

Özbəkistanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Şəhidlər bağı”nın və abidə kompleksinin açılışı olub

Daşkənd, 8 may, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə mərkəzin həyətində yeni bağ salınıb, burada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən abidə kompleksi yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulub, ağac və gül kolları əkilib, ərazi abadlaşdırılıb, yaşıllaşdırma və dizayn işləri aparılıb.

Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan “Xarı bülbül” abidə kompleksinin açılışı olub.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bağın yaradılmasında əsas məqsədin Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, AMM-nə gələnlərə bu haqda məlumat vermək, gənc nəslə, yerli azərbaycanlılara Vətənə məhəbbət, qəhrəmanlıq hisslərinin aşılanması olduğunu bildirib.

Mərkəzin direktoru Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə barədə danışaraq əzəli torpaqlarımızın düşmən işğalından azad edildiyini vurğulayıb. O, rəşadətli ordumuzun 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi cəmi 44 gün ərzində azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər salnaməsi yazdığını qeyd edib. S.Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu və onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov ölkələrimizin dostluğundan danışıb, Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi günlərində AMM ilə sıx əlaqə saxladıqlarını, hər gün qardaş ölkə ilə maraqlandıqlarını deyib. E.Nuriddinov qeyd edib ki, Özbəkistanın tanınmış elm və mədəniyyət xadimləri Vətən müharibəsi günlərində videomüraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildiriblər.

Özbəkistan Jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Kərim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibətilə xalqımızı təbrik ediblər. Çıxış edənlər 30 ilə yaxın davam edən haqsızlığa, işğala son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını söyləyib, AMM-də “Şəhidlər bağı” və abidə kompleksinin yaradılmasını yüksək qiymətləndiriblər.

Sonra iştirakçılar Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto-sərgi ilə tanış olublar. Sərgidə ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi, işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, dini-mədəni abidələrimizin məhv və təhqir edilməsi, erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. əksini tapıb.

Daha sonra Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə dualar oxunub, ehsan verilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email