01

AZƏRTAC-ın “Xarıbülbül” musiqi festivalından bəhs edən məqaləsi dünyanın bir sıra informasiya portallarında yayımlanıb

Bakı, 21 may, AZƏRTAC

Mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalı dünyada geniş rezonans doğurub. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli analitik məqaləsinin xarici KİV-lərdə yayılması bu marağın ifadəsidir.

Məqalə AZƏRTAC-da dərc olunduqdan dərhal sonra yeddi ölkənin doqquz informasiya resursunda yayımlanıb. Onların arasında Belçikanın “EU Politics”, Rumıniyanın “News 24 hours”, Ukraynanın “Asmedia”, Moldovanın “Tribuna” , Qırğızıstanın “Golden Bridge”  və “Türktoday” informasiya portalları var.

Məqaləni, həmçinin bir sıra ərəb ölkələrinin KİV-ləri – Misirin “Asia Al-Youm”, Əlcəzairin “Nayrouz” və “Al-Hariri” saytları da oxucularına təqdim edib.

Qeyd edək ki, məqalədə Şuşada işğaldan sonra Azərbaycan Prezidenti İlham Əliyevin ideyası olan, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının özəlliklərindən bəhs edilir. Müəllif, həmçinin dövlətimizin başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya tarixi səfərlərindən bəhs edir, 30 illik işğal dövründə dağıntılara məruz qalmasına baxmayaraq, bu qədim Azərbaycan şəhərinın milli ruhunu qoruyub saxladığını diqqətə çatdırır. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən, Şuşada, eləcə də işğaldan azad olunmuş digər ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söhbət açır.

Məqalədə Qarabağın tacı olan Şuşadan dünyaya musiqinin dili ilə verilən önəmli mənəvi-siyasi mesajların təhlilinə də geniş yer ayrılır. “Xarıbülbül” musiqi festivalında Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi multikultural dəyərlərin, milli və dini dözümlülüyün təntənəsi kimi səciyyələndirilir.

“Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli analitik məqalə AZƏRTAC-ın saytında Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ispan və ərəb dillərində də yayılıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email