Kategoriler
Azertac

Azərbaycanın xarici ticarət dövriyyəsi 41,2 milyard dollar olub

Bakı, 21 noyabr, AZƏRTAC

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 41 milyard 256,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 30 milyard 962,9 milyon dollar, idxalın dəyəri 10 milyard 293,3 milyon dollar təşkil edib, nəticədə 20 milyard 669,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,9 faiz, real ifadədə isə 9,1 faiz artıb. İxrac real ifadədə 13,3 faiz, idxal 1,1 faiz artıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 89 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Yunanıstan, Birləşmiş Krallıq, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Portuqaliya, Ukrayna, ABŞ, Vyetnam, İsveçrə, Qazaxıstan, Tunis, İran və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiyanın, 15,8 faizi Türkiyənin, 14,4 faizi Çinin, 4,4 faizi Almaniyanın, hər biri 3,5 faiz olmaqla ABŞ və Qazaxıstanın, 3,3 faizi İranın, 2,8 faizi Türkmənistanın, 2,2 faizi İtaliyanın, 2,1 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, hər biri 1,8 faiz olmaqla Belarus, Birləşmiş Krallıq və Ukraynanın, 1,7 faizi Fransanın, 1,6 faizi Hindistanın, 1,3 faizi Braziliyanın, 1,2 faizi Finlandiyanın, 1 faizi Özbəkistanın, 0,9 faizi Gürcüstanın, 0,8 faizi Polşanın, 13,6 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri Aktam Xaitovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Aktam Xaitov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi öz adından və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adından təbrik etdi, Özbəkistanın dövlət başçısının xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Aktam Xaitov Prezident Şavkat Mirziyoyevin Azərbaycan ilə qarşılıqlı əlaqələri yüksək qiymətləndirdiyini vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Bu il ərzində Özbəkistana üç dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə görüşlərini məmnunluqla xatırladı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Özbəkistanın Liberal Demokratik Partiyası arasında əməkdaşlığın səmərəliliyinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavinini qəbul edib

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını ifadə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Kasım-Jomart Tokayevi təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda səsvermənin nəticələrinin qazax xalqının Kasım-Jomart Tokayevə olan böyük inam və etimadının bariz təzahürü, onun qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinə verilən yüksək qiymət olduğu vurğulanıb.

Qeyd olunub ki, qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

“Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, – deyə dövlətimizin başçısı bildirib.

Kategoriler
Azertac

Bağdad Amreyev Türkiyə Xarici İşlər Nazirliyinin yüksək mükafatına layiq görülüb

Ankara, 19 noyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) sabiq Baş katibi Bağdad Amreyev Türkiyə Xarici İşlər Nazirliyinin “Xidmətdə fərqlənmə” yüksək mükafatı (Üstün Hizmet Ödülü) ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, mükafat laureata Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən təqdim olunub.

Təqdimetmədə çıxış edən nazir Mövlud Çavuşoğlu Bağdad Amreyevin türk dünyası qarşısındakı xidmətlərini yüksək dəyərləndirib.

Türkiyə XİN-in yüksək mükafatına layiq görüldüyünə görə, səmimi minnətdarlığını ifadə edən sabiq Baş katib TDT-nin missiyasının tarixi əhəmiyyətindən bəhs edib.

Kategoriler
Azertac

Azərbaycan və Qırğızıstan sahibkarları investisiya imkanları barədə fikir mübadiləsi aparıb

Bakı, 18 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyev ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Qırğızıstan sahibkarları arasında əməkdaşlıq və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Türkiyənin Dokuz Eylül Universiteti və AMEA fundamental elmlər üzrə birgə seminar keçirib

Bakı, 18 noyabr, AZƏRTAC

Türkiyənin Dokuz Eylül Universiteti və AMEA arasında bağlanmış müqavilə əsasında iki qurumun birgə təşkilatçılığı ilə fundamental elmlər üzrə ikinci beynəlxalq ikitərəfli onlayn seminar öz işinə başlayıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən elmi tədbirin açılış mərasimində çıxış edən Dokuz Eylül Universitetinin Fənn fakültəsinin kafedra müdiri professor Levent Çavaş iştirakçıları proqramla tanış edib. Dekan 5 elm sahəsini – biologiya, kimya, fizika, riyaziyyat, kompüter və yer elmlərini əhatə edən ötənilki seminarın böyük uğur qazandığını qeyd edib. O, bu il elm sahələri sırasına yer elmlərinin də əlavə edildiyini, eləcə də məruzələrin sayının artırıldığını diqqətə çatdırıb.

Dokuz Eylül Universitetinin Fənn fakültəsinin dekanı professor Aylin Alın isə çıxışında artıq ikinci dəfə keçirilən beynəlxalq elmi seminarın Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, elmi problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, tədbirin işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri akademik İradə Hüseynova Dokuz Eylül Universitetinin rəhbərlərini və seminar iştirakçılarını həm öz adından, həm də seminarın fəxri sədri, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin adından salamlayıb.

Akademik İradə Hüseynova bugünkü seminarın Azərbaycan və türk dünyası üçün çox əlamətdar bir dövrə – Qarabağda işğalçı Ermənistan üzərində qazanılmış tarixi Zəfərin ikinci ildönümü günlərinə təsadüf etdiyini bildirib.

“AMEA son 2-3 il ərzində Türkiyənin elm və təhsil müəssisələri ilə çox sayda ortaq beynəlxalq elmi tədbirlər həyata keçirib”, – deyən AMEA-nın vitse-prezidenti əlavə edib ki, müvafiq elm sahələri üzrə tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda, gələcək elmi, elmi-texniki əməkdaşlığa təkan vermək bu tədbirlərin ana xəttini təşkil edir. Qeyd edib ki, müvafiq elm sahələrində aparılan fundamental tədqiqatlar, edilən elmi kəşflər gələcəkdə innovativ yeniliklərə, tətbiqi sahələrin inkişafına təkan verəcək: “Biz alimlərin üzərinə düşən vəzifə Türkiyədə və Azərbaycanda bu elmlər üzrə kadr hazırlığının gücləndirilməsinə, birgə tədqiqatların əlaqələndirilməsinə töhfələr verməkdir. Əminəm ki, bu gün Azərbaycan elmində aparılan islahatlar qeyd edilən elm sahələrinin, eləcə də bu sahələr üzrə Türkiyə elmi ilə əməkdaşlığımızın, dünya elminə inteqrasiyanın inkişafında əhəmiyyətli uğurlar qazanmağa imkan verəcəkdir”.

Son illərdə Azərbaycan və Türkiyənin elm və təhsil müəssisələrinin müştərək layihələrdə fəal iştirak etdiklərini deyən akademik İradə Hüseynova AMEA ilə TUBİTAK arasında bağlanmış müqavilələr əsasında çoxsaylı ikitərəfli qrant layihələrinin icra edilməkdə olduğunu diqqətə çatdırıb. Alim cari ildə də birgə qrant müsabiqəsinə bir neçə layihənin hazırlanmaqda olduğunu, bu layihələr sırasında Dokuz Eylül Universiteti ilə AMEA institutlarının ortaq layihəsinin də yer aldığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti tədbirin işinə uğurlar arzulayıb, seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Dokuz Eylül Universitetinin rektoru professor Nükhet Hotar beynəlxalq seminarın əhəmiyyətinə diqqət çəkib, rəhbərlik etdiyi universitetin son illərdə qazandığı uğurlardan və planlardan danışıb. O, Dokuz Eylül Universitetində Azərbaycanın universitetləri və AMEA ilə əlaqələrə böyük önəm verildiyini, bu əlaqələri gücləndirmək istiqamətində çalışdıqlarını bildirib.

Sonra seminar öz işini 6 elm sahəsi üzrə paralel seksiyalarda davam etdirib.

Qeyd edək ki, seminarın fəxri sədrləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Dokuz Eylül Universitetinin rektoru professor Nükhet Hotar, sədrləri isə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və Dokuz Eylül Universitetinin Fənn fakültəsinin dekanı professor Aylin Alındır.

Kategoriler
Azertac

AMEA və TÜBİTAK-ın birgə müsabiqəsinə təqdim olunacaq layihələr müzakirə edilib

Bakı, 18 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında elan olunmuş müştərək layihə müsabiqəsi çərçivəsində bu elmi müəssisənin əməkdaşları tərəfindən təqdim olunması planlaşdırılan layihələrin müzakirəsi keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev əvvəlcə Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezident İlham Əliyevin 2022-ci il 28 iyul tarixli Fərmanının icrasından irəli gələn vəzifələrdən danışıb. Alim bildirib ki, İnformasiya Texnologiyaları İnstitutu yeni hüquqi şəraitdə qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, öz fəaliyyətini yenidən qurmalıdır. İnstitutun fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə elmi əməkdaşlıq əlaqələri möhkəmləndirilməli, dünyanın çağırışları fonunda rəqəmsal transformasiya, rəqəmsal iqtisadiyyat, Big Data və s. kimi qlobal problemlərə həsr olunan mövzular seçilməli, bu mövzular qlobal çağırışlara cavab verməli və milli maraqları əks etdirməlidir.

Rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqatların multidissiplinar xarakter daşıdığını qeyd edən alim institut əməkdaşlarının, xüsusilə gənc, yüksəkixtisaslı kadrların həm ölkə, həm də beynəlxalq səviyyəli qrant layihələrdə fəal iştirakının son dərəcə vacib olduğunu deyib.

Türk dövlətləri ilə səmərəli elmi əməkdaşlıq əlaqələrinin təşkilinin əhəmiyyətini önə çəkən akademik R.Əliquliyev bildirib ki, bu gün türk dünyasının əsas hədəflərindən biri texnoloji potensialın, iqtisadiyyat və innovasiyanın gücləndirilməsi, eləcə də yüksəkkeyfiyyətli insan resurslarının yaradılmasıdır.

Alim qeyd edib ki, hazırda Türkiyədə elm siyasətini həyata keçirən nüfuzlu qurumlardan olan TÜBİTAK-ın fəaliyyətinin əsas istiqamətini fundamental elmlər və texnologiya təşkil edir. Alim və mütəxəssislərimiz Türkiyənin tanınmış ali məktəbləri, tədqiqat mərkəzləri və elmi müəssisələrində çalışan həmkarları ilə əməkdaşlığı möhkəmləndirməli, birgə tədqiqatlar həyata keçirməli, kadr və təcrübə mübadiləsində fəal iştirak etməlidirlər.

Daha sonra institutun baş direktoru Qazaxıstan və Özbəkistanla əməkdaşlıq perspektivlərindən danışıb. Alim bu ölkələrin AMEA-nın elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin təşkilində maraqlı olduqlarını söyləyib, hər iki ölkənin elmi-tədqiqat mərkəzləri ilə birgə layihələrdə iştirak etməyin, multidissiplinar tədqiqatlar aparmağın vacibliyini vurğulayıb.

Sonda institutun alim və mütəxəssisləri tərəfindən təklif edilən qrant layihələr ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Kategoriler
Azertac

Enerji təchizatının keyfiyyəti ilə bağlı Türkiyənin təcrübəsi AERA ilə bölüşülüb

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış fəaliyyət planının ikinci mərhələsi üzrə növbəti görüş keçirilib.

AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə həssas istehlakçı qruplarının müəyyən edilməsi, enerji təchizatının keyfiyyəti və xidmət keyfiyyəti sahəsində paylayıcı sistem operatorunun məsuliyyəti ilə bağlı Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə bölüşülüb.

Görüş zamanı AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü təşkil olunan bu kimi təcrübə mübadilələrinin AERA və EPDK arasında əməkdaşlıq əlaqələrinin inkişafına və qabaqcıl təcrübənin daha da dərindən öyrənilməsinə töhfə verdiyini bildiriblər.

Daha sonra EPDK-nın enerji üzrə mütəxəssisi Ahmet Gök həssas istehlakçı qruplarının müəyyən edilməsi ilə bağlı təqdimatla çıxış edib.

“Xidmət keyfiyyəti sahəsində paylayıcı sistem operatorunun məsuliyyəti” mövzusunda danışan EPDK-nın enerji üzrə digər mütəxəssisi Osman Uzan isə Türkiyədə elektrikpaylayıcı şirkətlər barədə statistik məlumatları və xidmət keyfiyyətinin ölçülməsi üzrə metodları görüş iştirakçıları ilə bölüşüb.

Kategoriler
Azertac

KOBİA sədri Türkiyənin Varlıq Fondunun rəhbəri ilə görüşüb

Bakı, 18 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Varlıq Fondunun rəhbəri Arda Ermut ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə KOB subyektlərinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılması, eləcə də potensial investisiya layihələrinin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.