Kategoriler
Azertac

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Kategoriler
Azertac

Türk yazıçısının yeni toplusunda biləcəksiniz – “Dağın içində nə var?”

Bakı, 14 dekabr, AZƏRTAC

“Mütərcim” Nəşriyyat və Kitab Evi müasir türk yazıçısı Aykut Ərtoğrulun “Dağın içində nə var?” adlı hekayələr toplusunu çap edib. Kitab Azərbaycan Yazıçılar Birliyi Tərcümə seksiyasının rəhbəri Kamran Nəzirlinin “Müasir Türk Nəsri” layihəsi çərçivəsində nəşr olunub. Layihənin məsləhətçiləri Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlı və Azərbaycan Yazıçılar Birliyinin İstanbul təmsilçisi, yazıçı, tərcüməçi İmdat Avşardır. Kitaba toplanmış hekayələri Azərbaycan dilinə Ruslan Abdullayev uyğunlaşdırıb. Nəşriyyat müdiri Rita Müslümovadır.

Kitabın tərtibçisi və redaktoru, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli AZƏRTAC-a bildirib ki, “Dağın içində nə var?” müəllifin Azərbaycanda çıxan ilk kitabıdır. Kitaba yazıçının son illər yazdığı 15 hekayəsi daxil edilib.

K.Nəzirli bildirib ki, bu ilin yayında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllim başda olmaqla yazıçılarımızdan bir qrupu İstanbulda düzənlənən Zeytunburnu Türk Dünyası Beynəlxalq Öykü Festivalinda iştirak etmişdir. Festivalda Azərbaycan yazıçılarıyla yanaşı, Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş hekayə ustaları və tərcüməçilər vardı: “Festivalın əsas hədəfi qardaşlıq bağlarının güçləndirilməsi, ədəbi əlaqələrimizin və əsərlərimizin daha da inkişaf etdirilməsi, daha geniş auditoriyalara tanıdılmasıydı. Festival günlərində müxtəlif görüşlər keçirdik, müzakirələr apardıq, “Çağdaş Azərbaycan Hekayəsi ”, “Çağdaş Ədəbi Əlaqələr” və s. mövzularda təqdimatlar etdik. Məhz həmin günlərdə keçirilən bir sıra görüşlərdə ümumi fikir bu oldu ki, ədəbi əlaqələrimizi daha da gücləndirək, türk dünyası yazıçılarını daha geniş auditoriyaya tanıdaq, bu məqsədlə sistemli addımlar ataq. İndi Azərbaycan oxucusuna təqdim edilən kitab da bu addımlardan biridir. Məqsəd Azərbaycan oxucusunu müasir türk nəsri ilə tanış etmək, yeni nəsil postmodern yazıçıları tanıtmaqdır. Belə layihələr qarşılıqlı olacaq və daha geniş coğrafiyanı əhatə edəcək.

Bizim xalqlarımız yeni nəsil ortaq türk ədəbi nümunələri ilə daha yaxından tanış olmalıdırlar. Bu sahədə çox böyük addımlar atılır. Bu gün ədəbi nümunələrimiz dünyaya Türk Birliyi qapısından daha sürətlə çıxa bilər. Burada məhdudiyyətlər yoxdur, mərkəzləşdirilmiş “rus senzoru” da yoxdur, məsələ yalnız sanballı əsərlərin ortaya qoyulmasında, təşkilati baxımdan bu işlərin yüksək peşəkarlıqla həyata keçirilməsindədir”,- deyə layihə rəhbəri bildirib.

Kategoriler
Azertac

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkmənbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olub

Türkmənbaşı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarətdir.

Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunur.

Eyni zamanda, sərgidə milli “ume” ayini icra olundu, türkmən təbiətinin gözəlliyini və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edildi.

Sonra türkmən qızlar folklor mahnıları ifa etdilər, toy adət-ənənələri təqdim olundu. Həmçinin yerli qadınların hazırladıqları keramika nümunələri, tikmələr, keçə xalçalar qonaqlarda xoş təəssürat yaratdı.

Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edildi.

Sonda konsert proqramı və Türkmənistanın milli geyimləri nümayiş olundu.

Kategoriler
Azertac

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşü olub

Türkmənbaşı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Kategoriler
Azertac

Qazaxıstanın Baş naziri öz gücünə əmin olmayan nazirləri istefaya çağırıb

Bakı, 14 dekabr, AZƏRTAC

Qarşıya qoyulan vəzifələri həll edə biləcəyinə əmin olmayan hökumət üzvləri istefa verə bilərlər.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

“Dövlət başçısı bizdən dəqiq cavab gözləyir: yeni ilə hökumətin bu tərkibi ilə qədəm qoymaq olarmı? Mən Baş nazir kimi Prezidentin tapşırıqlarının yerinə yetirilməsi üçün hər şeyi edəcəyəm”, – deyə Əlixan Smailov bildirib.

Onun sözlərinə görə, hökumət üzvləri səmərəli işləməlidir ki, hər bir qazaxıstanlı nəticəni hiss etsin. Yalnız belə bir komanda ilə məqsədə çatmaq mümkündür.

“Tələb çox sərt olacaq. Kim bunun öhdəsindən gələ biləcəksə işləyəcək. Kim öz gücünə əmin deyilsə, indidən istefa ərizəsini yaza bilər. Burada yer ancaq xalqı düşünənlər, cəsarətli qərarlar qəbul edən və onlara görə məsuliyyət daşıyanlar üçündür”, – deyə Baş nazir hökumət üzvlərinə müraciət edib.

Kategoriler
Azertac

TÜRKSOY-un tarixi missiyasının təşəkkülündə Heydər Əliyevin misilsiz xidmətləri

Ankara, 14 dekabr, AZƏRTAC

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında “Heydər Əliyev və TÜRKSOY” mövzusunda konfrans və “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə TÜRKSOY tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, millət vəkilləri, geniş ictimaiyyətin təmsilçiləri, tanınmış alimlər və ədəbiyyatçılar, Ümummilli Lider Heydər Əliyev ilə ünsiyyətdə olmuş şəxslər, azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Əvvəlcə TÜRKSOY-un foyesində Ulu Öndərin həyat yolunu əks etdirən kitab və fotosərginin açılışı olub. İştirakçılara Ulu Öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyəti, eləcə də sərgilənən nadir kitab və fotolar barədə ümumi məlumat verilib.

Konfransın açılış mərasimində nümayiş etdirilən qısa filmdə Ulu Öndər Heydər Əliyevin TÜRKSOY-la bağlı fikirləri və təşkilatın təmsilçiləri ilə keçirdiyi görüşlər əksini tapıb.

TÜRKSOY-un Baş katibi Sultan Rayev açılış nitqində Ümummilli Liderin TÜRKSOY-un yaranmasında rolunu və təşkilata göstərdiyi xüsusi diqqəti tarixi missiya kimi dəyərləndirib. Ulu Öndərin şəxsiyyətinin ucalığı faktlar əsasında təqdim olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolundan, müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasındakı misilsiz xidmətlərindən danışaraq Ulu Öndərin türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərdiyini vurğulayıb.

Baş katib və səfir AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının müəllifi olduğu təqdimatı keçirilən “TÜRKSOY-un mübarək yolu” kitabını türk dünyasının mədəniyyət diplomatiyasındakı uğurları tərənnüm edən mühüm əyani vəsait kimi dəyərləndiriblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdət Ünivar və İğdırın sabiq bələdiyyə sədri Əli Ağrı Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər.

Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə ucalmasına diqqət çəkən millət vəkili Şamil Ayrım 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq iki qardaş ölkənin və xalqın hər zaman bərabər olacağını bildirib.

Rektor Necdət Ünivar Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə dahi şəxsiyyətin özünün universitetin həyətində əkdiyi ağacın dibinə Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş torpağın səpildiyini bildirib.

Sabiq bələdiyyə sədri Əli Ağrı Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbər kimi gəlişini Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyası üçün tarixi xilaskarlıq şansı adlandırıb.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov xalqımızın böyük oğlu Heydər Əliyevin hələ SSRİ rəhbərliyində olduğu dövrdə türk respublikalarında elm, mədəniyyət və təhsilin inkişafı üçün gördüyü işlərdən bəhs edib. Görkəmli alim vurğulayıb ki, bütün bu tarixi işlərə görə, dahi şəxsiyyət yalnız Azərbaycanda deyil, bütün türk dünyasında xalq məhəbbəti qazanıb.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ulu Öndərin liderlik keyfiyyətlərini, Vətən sevgisini, xalqa bağlılığını vurğulayıb, onun türk dövlətlərinin birliyinin əsasını qoyduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Ümummilli Lider Heydər Əliyevin XX əsrdə Azərbaycan mədəniyyətinin formalaşmasına verdiyi töhfələri milli qənimət kimi dəyərləndirib.

***

Tədbirin ikinci hissəsində “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib.

Əsərin ərsəyə gəlməsi prosesi barədə məlumat verən müəllif Sabir Şahtaxtı nəşrin işıq üzü görməsində əməyi olan şəxslərə, eləcə də belə bir yüksək səviyyəli təqdimata görə, TÜRKSOY-a və Azərbaycan səfirliyinin rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib.

Təqdimat barədə şərh verən Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu diqqətə çatdırıb ki, əsərin “TÜRKSOY Liderlərin baxışında” adlı birinci fəslində Ümummilli Lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirləri dahi şəxsiyyətin türk dünyasının birliyinə və həmrəyliyinə göstərdiyi diqqət və qayğının göstəricisidir.

Tədbirlərdəki bütün çıxışlarda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Azərbaycanda mədəniyyətin inkişafına, tarixi şəxsiyyətlərin tanınmasına, milli sərvətimiz olan tarixi əsərlərin tərcüməsinə və çoxtirajlı nəşrinə, o cümlədən TÜRKSOY-un fəaliyyətinin timsalında türk dünyasının mədəniyyət diplomatiyasının formalaşmasına, inkişafına və təşəkkülünə verdiyi dəyər, diqqət və qayğı yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, məhz bütün sahələr kimi mədəniyyəti də əhatə edən milli təmayüllü fəaliyyət, sərgilənən qətiyyətli mövqe sayəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri adını qazanaraq, bütün türk dünyasının sevimlisinə çevrilib.

Tədbirin sonunda “TÜRKSOY-un mübarək yolu” kitabına görə, yazıçı Sabir Şahtaxtıya “Əhməd Cavad” medalı təqdim edilib.

Kategoriler
Azertac

Qazaxıstan neft ixracı marşrutlarını inkişaf etdirməyi planlaşdırır

Bakı, 14 dekabr, AZƏRTAC

Qazaxıstan Çin və İran istiqamətində neft ixracı marşrutlarını inkişaf etdirmək niyyətindədir.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə respublikanın energetika naziri Bolat Akçulakov hökumətin iclasında bildirib.

“Transxəzər beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan, Gürcüstan və Türkiyə limanları istiqamətində, eləcə də Çin və İrana ixrac marşrutlarının inkişafına xüsusi diqqət yetiriləcək”, – Bolat Akçulakov belə deyib.

Nazir, həmçinin bildirib ki, ixrac istiqamətlərinin şaxələndirilməsi çərçivəsində alternativ neft ixrac marşrutlarının inkişafı üzrə yol xəritəsinin layihəsi hazırlanıb.

Kategoriler
Azertac

Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları Avazada bir araya gəliblər

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan Respublikasının, Türkiyə Respublikasının və Türkmənistanın xarici işlər nazirlərinin iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda dekabrın 14-də keçiriləcək Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşündə müxtəlif sahələr, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə qəbul olunacaq sənədlər, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün ölkələrimiz arasında üçtərəfli dialoqun inkişafında mühüm rol oynayacağını bildirib. Üç dövlət arasında beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı məmnunluqla qeyd edilib.

Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda, Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə töhfə verəcəyinə inam ifadə edilib. Bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyi amilinin aktuallığının artmasının ölkələrimiz arasında bu sahədə səylərin gücləndirilməsinin vacibliyini göstərdiyi bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfindən 30 illik işğalın nəticələrinin aradan qaldırılması, habelə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz geri qayıdışının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Bu xüsusda, mina təhlükəsinin regionda aparılan bərpa və quruculuq işlərinə, o cümlədən sülh gündəliyinin irəli aparılmasına ciddi əngəl törətdiyi vurğulanıb.

Daha sonra digər ölkələrin xarici işlər nazirləri çıxış edərək üçtərəfli tərəfdaşlığın perspektivləri barədə danışıblar.

Kategoriler
Azertac

Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirləri görüşüb

Bakı, 13 dekabr, AZƏRTAC

Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşü keçirilib.

Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Rəşad Nəbiyev görüşdə iştirak edib.

Nazir görüşdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan bir sıra iri regional nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı olub: “Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası – bütün bu layihələr daha geniş regional əməkdaşlığa hesablanıb və geostrateji coğrafi mövqeyi olan ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirir”.

Qeyd olunub ki, alternativ marşrutlara nisbətən qısa olan Orta Dəhliz rəqabətqabiliyyətlilik baxımından daha əlverişlidir. Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq digər bir amil Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasıdır.

Vurğulanıb ki, Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq, həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” tranzit marşrutları üzrə yükkeçirmə qabiliyyətini artırmaq imkanı yaradacaq.

Çıxışın sonunda səsləndirilib ki, regionun nəqliyyat potensialından maksimum istifadə etmək bizim ümumi məqsədimizdir. Nəqliyyat sistemlərimizin bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.

Kategoriler
Azertac

“Mən həqiqət səsiyəm”: Əhməd Cavad Özbəkistanda anılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “İstiqlal şairlərimiz, Dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans və özbək dilinə tərcümə olunmuş Əhməd Cavadın “Mən həqiqət səsiyəm” (Men haqiqat sadosiman) şeirlər kitabının təqdimatı keçirilib.

Tədbirdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan, Türkiyə səfirliklərinin diplomatları, Özbəkistanın dövlət və hökumət nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, təhsil sahəsinin tanınmış nümayəndələri, müəllim və tələbələr, jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış “Nizami adına Tədqiqat Mərkəzi” ilə tanış olublar. Qeyd edək ki, ocaqda Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi nəşrlər, Azərbaycana dair kitab kolleksiyası, şair və yazıçılarımızın portretləri, milli suvenirlər nümayiş etdirilib.

Sonra universitetin mərkəzi foyesində Azərbaycan Mədəniyyət Mərkəzinin və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun layihəsi ilə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinə baxış keçirilib. Sərgidə qədim Azərbaycan dövlətlərinin ərazilərini əks etdirən tarixi xəritələr, əsrlər boyu türklərin yaşadığı əraziləri göstərən xəritələr, Şərqi Türkistan, böyük coğrafiyaşünasların Mərkəzi Asiya, bugünkü türk dövlətlərini göstərən xəritələr, Qafqazların ən qədim dövr, orta əsrlər, habelə Sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş olunub.

Konfransda giriş sözü ilə çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqappar Qırğızboyev Dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy mövzusunda konfrans mərasimin böyük mənəvi əhəmiyyətə malik olmasını vurğulayıb. O, Özbək, Azərbaycan və türk xalqlarının milli simvollarını qeyd edərək, Dövlət Himni haqqında məlumat verib, üç ölkənin himnlərinin yaradılmasında şairlərimizin, himn müəlliflərinin rolunu xüsusi vurğulayıb. Rektor Əhməd Cavadın özbək dilinə tərcümə edilmiş “Mən həqiqət səsiyəm” kitabının təqdimatı qardaş xalqın poeziya sənəti ilə daha yaxından tanış olmağa imkan yaradılmasına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov üç ölkənin əbədiyaşar istiqlal şairləri Əhməd Cavad, Abdulla Aripov və Mehmet Akif Ersoy yaradıcılıqları haqqında danışaraq, tariximizin, ədəbiyyatımızın bu şanlı səhifəsini öyrənmək və araşdırmağın qürurverici olduğunu bildirib. Samir Abbasov bütün həyatları boyu istiqlaliyyətimizə sadiq qalan və Dövlət himnlərini yazmaqla əbədilik qazanan hər üç şairin əsərlərinin Vətənimizin azadlığı, millətimizin böyüklüyü, şanlı bayraqlarımızı vəsf etmək olduğunu qeyd edib.

Diplomat bu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunduğunu, dahi şairin şeirlərinin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə və çap olunduğunu diqqətə çatdırıb.

Türkiyənin Özbəkistandakı səfirliyinin katibi Buğra Doğan Mehmet Akif Ersoyun qələmə aldığı İstiqlal Marşının bənzərsiz bir qəhrəmanlıq dastanı Türk Qurtuluş Savaşının ruhu və simvolu olduğunu bildirib. Çıxışında diplomat bildirib ki, Əhməd Cavadın uzun illər həsrətlə oxuduğu “Çırpınırdı, Qara dəniz” mahnısı bu gün Şuşada qürur və təntənə ilə ifa olunur. O, xalqlarımız arasında mədəni-ədəbi əlaqələrin günü-gündən genişləndiyini məmnunluqla qeyd edib.

Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizaməttin Aykurt rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələr, hər üç şairin yaradıcılığının xalqlarımız üçün ən böyük nemət olan müstəqilliyə həsr edildiyini vurğulayıb. Əhməd Cavad yaradıcılığının qardaş Türkiyədə də çox sevildiyini vurğulayan N.Aykurt bu cür şəxsiyyətlərin əbədiyaşarlıq qazandığını qeyd edib.

Digər çıxışçılar TİKA-nın Özbəkistan nümayəndəliyinin rəhbəri Cemalettin Tunay, universitetin özbək dili və ədəbiyyatı kafedrasının müdiri Feruza Burxanova, Əhməd Cavadın “Mən həqiqət səsiyəm” şeirlər kitabının tərcümə müəllifi Şəhla Kasımova, Universitetin özbək dili və ədəbiyyatı kafedrasının dosenti Dilafruz Kalandarova istiqlal şairlərimizin yaradıcılığı haqqında məruzə edərək, onların əsərləri haqqında fikirlərini bölüşərək, fəaliyyətlərində oxşarlığın çox olduğunu qeyd ediblər.

Natiqlər bu cür tədbirlərin qardaş türk xalqları arasında həmrəyliyinin güclənməsinə təkan verdiyini və ədəbiyyatımızın tanıdılmasına xidmət etdiyini qeyd ediblər.

Sonda “Mən həqiqət səsiyəm” şeirlər kitabı təqdim edilib və iştirakçılara paylanılıb.

Qeyd edək ki, kitabda şairin Vətənə məhəbbət, istiqlaliyyət, bayraq, sevgi mövzusunda Azərbaycan və Özbək dillərində şeirləri yer alır.