TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.

Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.

 
Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, 1 nəfər azərbaycanlı öldürülüb

Bakı, 24 yanvar, AZƏRTAC

Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

AZƏRTAC “CNN Türk”ə istinadla xəbər verir ki, Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Fərman İsmayılov adlı azərbaycanlı mühəndis olduğu bildirilir.

Gəminin kapitanı bildirib ki, quldurlar radar sistemini pozduqları üçün hazırda gəminin hansı istiqamətdə hərəkət etdiyi bilinmir.

 
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
Bakı, 23 yanvar, AZƏRTAC


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntülərini yayıb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Qamışlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.


 
Pənahəli xanın tikdirdiyi Şahbulaq qalası

Ağdam, 23 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın dilbər guşələrindən olan Qarabağ tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Erməni işğalçıları 30 ilə yaxın müddət ərzində bu tarixi abidələri, məscidləri, məzarlıqları dağıdıb, muzeyləri və maddi-mənəvi sərvətlərimizi talan ediblər. Düşmən tarixi ərazilərimizdəki abidələrimizin bir qismini məhv etməklə yanaşı, bəzilərini də erməniləşdirməyə cəhd göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsə aid Şahbulaq qalasıdır.

Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Şahbulaq qalası füsunkar təbiətə malik ərazidə yerləşir. Qalanın yaxınlığında axan bulağın suyu hovuza tökülür, oradan isə düzən əraziyə axır. Ərazidəki əsrarəngiz mənzərə insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, yaxınlıqdakı sərin sulu bulaq Şahbulaq qalasının turizm əhəmiyyətini daha da artırır.

 
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər, həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri belə həmişə fəxrlə söhbət açıb, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik bir şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə, içdiyi hərbi anda, vətəninə, xalqına sadiq bir insan və qətiyyətli general kimi qiymətləndiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti, dəyəri, xalqımızın ümummilli lideri Heydər Əliyev verib və onun adı ölkəmizdə, eləcə də respublikamızın hüdudlarından çox-çox uzaqlarda əbədiləşdirilib. Heydər Əliyev Həzi Aslanovun Böyük Vətən müharibəsində mərdliklə vuruşan Azərbaycan xalqının ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib. O, bu döyüşlərdə həlak olub, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirib, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirib.

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 46
  TKA 2008