TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi beynəlxalq təşkilatla əməkdaşlığa maraq göstərir
Bakı, 12 aprel, AZƏRTAC Beynəlxalq platforma olan Tolerantlıq və Sülh üzrə Qlobal Şura AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bununla bağlı müzakirələr AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun Şuranın ümumi işlər üzrə müdiri, Livanın “əl-Cümhuriyyə” qəzetinin redaktoru Marlen Vehbe və Əlcəzairin “Nahar TV” telekanalının əməkdaşı Cəmaləddin Buşa ilə görüşündə aparılıb. Bakıya Azərbaycan Prezidenti seçkilərini müşahidə etmək üçün gəldiklərini deyən Marlen Vehbe səsvermənin demokratik və şəffaf keçdiyinin şahidi olduqlarını bildirib. O qeyd edib ki, Azərbaycan tolerantlıq və sülh ideyalarının təşviqi istiqamətində mühüm işlər həyata keçirir və bununla bağlı Şura ölkəmizlə sıx əlaqələr qurmaq istəyir. “Biz AZƏRTAC-ın sədrlik etdiyi OANA ilə əməkdaşlıq sazişi imzalamaqda maraqlıyıq. Düşünürük ki, AZƏRTAC və OANA-nın geniş imkanlarından istifadə etməklə tolerantlıq və sülh ideyalarını daha geniş yaya bilərik”, - deyə Marlen Vehbe vurğulayıb. Dünyanın bir çox nüfuzlu media nümayəndələrinin Azərbaycanda keçirilən prezident seçkilərini izlədiyini deyən İdarə Heyətinin sədri Aslan Aslanov xarici mətbuatın səsverməyə, onun nəticələrinə böyük maraq göstərdiyini və bu haqda obyektiv məlumatlar yaydığını qeyd edib. Bildirilib ki, AZƏRTAC 2016-cı ildən OANA-ya rəhbərlik edir və ötən müddət ərzində 40-dan çox üzv agentliyin informasiyalarının daha geniş auditoriyaya çatdırılması üçün bir sıra addımlar atılıb. AZƏRTAC, həmçinin 100-dən çox xəbər agentliyini öz ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edir. Eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurub və Tolerantlıq və Sülh üzrə Qlobal Şura ilə də sıx əlaqələr yaratmağa hazırdır. “Nahar TV”nin əməkdaşı Cəmaləddin Buşa təmsil etdiyi telekanalın AZƏRTAC ilə əməkdaşlıqda maraqlı olduğunu deyərək bildirib ki, teleşirkət Azərbaycanın sosial-iqtisadi inkişafı, mədəniyyəti və tarixi barədə reportajlar hazırlamağı planlaşdırır. Tolerantlıq və Sülh üzrə Qlobal Şura 2017-ci il noyabrın 2-də Maltada təsis edilib. Şuranın yaradılmasında məqsəd tolerantlıq və sülh mədəniyyətini təşviq etmək, diskriminasiyaya, dini ayrı-seçkiliyə, millətçiliyə qarşı mübarizə aparmaq, sülhə nail olmaq üçün tolerantlıq prinsiplərinin gücləndirilməsi məqsədilə beynəlxalq hüquq normalarını təkmilləşdirməkdir. Şura bu istiqamətlərdə BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
 
İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanıb
Bakı, 12 aprel, AZƏRTAC Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamısından məlumatların MSK-nın İnformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib. MSK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dır (99,68 faiz). Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölünüb: Əliyev İlham Heydər oğlu – 3 milyon 397 min 664 səs (86,03 faiz); Əlizadə Araz Məmməd-Mübariz oğlu – 54 min 603 səs (1,38 faiz); Hacıyev Hafiz Ələmdar oğlu – 59 min 977 səs (1,52 faiz); Həsənquliyev Qüdrət Müzəffər oğlu – 119 min 390 səs (3,02 faiz); Quliyev Fərəc İbrahim oğlu – 46 min 10 səs (1,17 faiz); Məmmədov Sərdar Cəlal oğlu – 119 min 674 səs (3,03 faiz); Nurullayev Razi Qulaməli oğlu – 29 min 282 səs (0,74 faiz); Oruc Zahid Məhərrəm oğlu – 123 min 6 səs (3,11 faiz). Bu, ilkin nəticələrdir. Bu gündən artıq MSK-ya dairə seçki komissiyalarının rəsmi protokolları daxil olmağa başlayıb. Bu protokollar qəbul ediləcək, sənədlər araşdırılacaq, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermənin yekun protokolu hazırlanacaq, qərar qəbul ediləcək və bütün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək. Məzahir Pənahov qeyd edib ki, səsvermə qanunauyğun keçirildi. Seçkiləri izləyən çoxlu sayda beynəlxalq və yerli müşahidəçi bütün bölgələrdə məntəqələrdə müşahidələr aparıb və nəticələri kütləvi informasiya vasitələrinə açıqlayıb. Bütün müşahidəçilərin seçki prosesi ilə bağlı fikirləri müsbətdir. Hətta kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkilərə hazırlığı və prosesin özünü nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər. Müşahidəçilər, yerli və beynəlxalq KİV-lər hansısa pozuntu faktları ilə rastlaşmadıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. Bu günlərdə artıq rəsmi protokolların qəbul olunması prosesi başa çatdırılacaq və Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri ictimaiyyətə açıqlayacaq.
 
Türkiyəli deputatlar: Seçkilər yüksək səviyyədə təşkil edilib
Bakı, 11 aprel, AZƏRTAC Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Hər şey qaydasında davam edir, indiyədək heç bir problemlə rastlaşmamışıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Necdet Ünüvar deyib. Türkiyəli deputat 11 aprel tarixinin Azərbaycan xalqı üçün önəmli bir gün olduğunu qeyd edib. O deyib ki, Azərbaycan strateji əhəmiyyəti olan mühüm bir ölkədir. Bu seçkilərə böyük maraq var. Necdet Ünüvar səsvermə başlayandan müxtəlif seçki məntəqələrində olduqlarını, prosesi yaxından izlədiklərini deyib. Milliyətçi Hərəkat Partiyasından deputat Kamil Aydın da seçkilərə çox yaxşı hazırlıq işlərinin görüldüyünü bildirib: “Bir çox seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişik və hər şey yüksək səviyyədə təşkil olunub. Seçkilərin bu cür keçirilməsi ölkədə demokratiyanın inkişafından xəbər verir”.
 
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi: Hazırlıq işləri və seçki prosesi mənə xoş təəssürat bağışladı
Sumqayıt, 11 aprel, AZƏRTAC Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub. Bu sözləri AZƏRTAC-a müsahibəsində ŞƏT-in təmsilçisi Cui Guojie deyib. O qeyd edib ki, seçki məntəqəsində vətəndaşların konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirmələri üçün maksimum şərait yaradılıb. “Hazırlıq işləri və seçki prosesi mənə xoş təəssürat bağışladı. Əminəm ki, səsvermə uğurlu keçəcək”, - deyə Cui Guojie bildirib.
 
Bolqarıstanlı deputat: Gənclərin səsvermədə fəallığı sevindirici haldır
Bakı, 11 aprel, AZƏRTAC Müşahidə apardığım seçki məntəqələrində vətəndaşların şəffaf, sərbəst şəkildə səs vermələri üçün yaxşı şərait yaradılıb. Heç bir qanun pozuntusuna rast gəlmədim. Ümid edirəm ki, belə də davam edəcək. Bu fikirləri AZƏRTAC-a müsahibəsində səsvermə prosesini izləyən bolqarıstanlı deputat Hamid Hamid bildirib. O qeyd edib ki, insanlar fəal şəkildə, yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak edirlər. Gənclərin fəallığını xüsusi qeyd etmək istəyirəm. Bu, çox sevindirici haldır. Gənclərin dövlət idarəçiliyində, qərar qəbuletmədə iştirakı çox əhəmiyyətlidir. Bolqarıstanlı deputat üçüncü dəfədir ki, Azərbaycanda seçkiləri izlədiyini deyib. O qeyd edib ki, Azərbaycan xalqının daha yaxşı günləri irəlidədir.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 3 > 1733
  TKA 2008