TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Emin Sabitoğlunun 80 illik yubileyi qeyd ediləcək
Bakı, 21 noyabr, AZƏRTAC Dekabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik və Xalq Çalğı Alətləri orkestrlərinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək. Qeyd edək ki, musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-dək filmə musiqi bəstələyib. “Şükriyyə”, “Ağ çiçək”, “Kəpənək”, “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları musiqisevərlərin dillər əzbəridir. Emin Sabitoğlu “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir çox məşhur filmlərin musiqisini yazıb. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına yazdığı musiqilər isə Emin Sabitoğlunun yaradıcılığında xüsusi yer tutur. Bəstəkarın operettaları isə milli kolorit, lirik və oynaq musiqi dili ilə səciyyələnir.
 
Azərbaycan II Dünya Turizm və Mədəniyyət Konfransında təmsil olunacaq
Bakı, 21 noyabr, AZƏRTAC Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində II Dünya Turizm və Mədəniyyət Konfransı keçiriləcək. AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, konfransda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edəcək. Konfrans turizm və mədəniyyət sektorları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, 2030-cu ilədək Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaqda bu sahələrin roluna həsr olunacaq. Tədbir mədəniyyət və turizm nazirliklərindən, müvafiq sektorlar üzrə milli, regional və yerli hakimiyyət orqanlarından, akademik müəssisələr və özəl sektordan 500-dək nümayəndəni bir araya gətirəcək.
 
Türk kinosunun tanınmışları Bakı Dövlət Universitetində
Noyabrın 16-da Bakı Dövlət Universitetində (BDU) üçüncü “Türk filmləri həftəsi” çərçivəsində tədbir təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə ümumilli lider Heydər Əliyevin "Biz Türkiyə ilə bir millət, iki dövlətik" kəlamını xatırladan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb. Vurğulanıb ki, dövlətlərimizin başçılarının siyasəti nəticəsində iki qardaş ölkə arasında dostluq münasibətləri gündən-günə inkişaf etməkdədir. Üçüncü "Türk filmlər həftəsi" layihəsindən danışan rektor diqqətə çatdırıb ki, bu təşəbbüs çərçivəsində beş gün ərzində tamaşaçılara hər gün beş türk filmi təqdim olunacaq. Noyabrın 20-dək davam edəcək festival çərçivəsində tamaşaçılar “Yeni dünya” filmi ilə yanaşı, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Əmrə Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi və bu ölkənin məşhur kino aktyorları layihə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə keçirilən festivalın əsas məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq. Qeyd edək ki, film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.
 
Özbəkistan müdafiə naziri hərbi hissəni ziyarət edib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər. Müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıq olub. Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.
 
Bakıda Türkmənistanın milli bayramı qeyd edilib
Noyabrın 16-da Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildikdən sonra səfir Mekan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O deyib ki, Türkmənistan Prezidenti birlik, sülh şəraitində gələcək qurmağa çalışır. Dövlət başçısı xarici siyasətin inkişafına xüsusi diqqət yetirir. Digər ölkələrlə bütün sahələrdə əlaqələr inkişaf edib. Türkmənistan ilə Azərbaycanı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir qeyd edib ki, bu əlaqələrin yaradılmasında iki xalqın əsrlər boyu davam edən mədəni, milli ənənələrinin böyük rolu var. Diplomat ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində dövlət başçılarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin yaşandığını vurğulayan səfir bunun siyasi, humanitar, iqtisadi, mədəni sahələrdə də özünü göstərdiyini deyib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını, enerji və nəqliyyat sahələrində regional, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edən gənclər və idman naziri Azad Rəhimov ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdirildiyini söyləyib. O, ölkələrimizi dostluğun, qarşılıqlı faydalı əməkdaşlığın birləşdirdiyini vurğulayıb. Nazir istifadəyə veriləcək yeni dəniz limanlarının, eləcə də həyata keçiriləcək digər layihələrin ölkələrimizin iqtisadi-siyasi əhəmiyyətinin artmasına gətirib çıxaracağını vurğulayıb. Azad Rəhimov bu ilin sentyabr ayında Aşqabadın qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarına uğurla ev sahibliyi etdiyini söyləyib. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 4 > 1713
  TKA 2008