TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Polis general-leytenantı Oruc Zalov: Gəncədə şəhid olan polis əməkdaşları dövlətçiliyə sadiqlik göstəriblər
Polis əməkdaşları Gəncədə və ölkədə sabitliyin qorunması üçün öz andlarına sadiq qalıb, dövlətçiliyə sadiqlik göstəriblər. Onlar şəhidlik zirvəsinə yüksələrək minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov ilə keçirilən vida mərasimində daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib. Daxili işlər nazirinin müavini deyib ki, şəhid olan zabitlər polis şərəfini ləyaqətlə qoruyublar. Hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər. İlqar Balakişiyev 35 il daxili işlər orqanlarında xidmət edib, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İlqar Balakişiyev ulu öndər Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. O, Gəncə şəhərinin sakinləri arasında böyük hörmətə malik olub. Nümunəvi xidmət göstərərək sübut edib ki, əsl polis işçisi necə olur. Şəhid qardaşımız Səməd Abbasov da şərəfli bir xidmət yolu keçib. Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Səməd Abbasov daim kollektivdə nümunəvi xidməti ilə fərqlənib. Gəncə sakinləri olan hər iki polis qardaşımızı bu gün son mənzilə yola salırıq. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq. İnanıram ki, gənclər onlardan nümunə götürüb ölkədə əmin-amanlığın qorunması üçün yeri gəlsə, canlarını belə əsirgəməyəcəklər. Ruhları şad olsun, ailələrinə səbir diləyirəm".
 
Əli Həsənov: Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir
Bakı, 11 iyul, AZƏRTAC İyulun 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, “bu, icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyi ilə əlaqəli olmuşdu. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində Gəncə hadisələri barədə statusunda bildirib. Əli Həsənov qeyd edib ki, iyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış videomüraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi “sosial zülm”ə qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu. Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə “solçu inqilabı” haqqında düşünməyib də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib. Prezidentin köməkçisi bildirib ki, sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı haqqında islamofob və antişiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində “sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış. Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin Aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtube kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı. Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, polis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil. Əli Həsənov yazır ki, belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - deputatlar, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər. XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir. İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktı Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzunmüddətli iş aparılıb. Bəzi sosial səhifələrdə “qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları terrorun yeni dalğasına çağırış kimi qiymətləndirilə bilər. Çünki bu aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür. Sonra Prezidentin köməkçisi yazır: “1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, “devrim” (əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü: “Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırılmasının vacibliyinə diqqət çəkilirdi. Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm”. “Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır”, - deyən Əli Həsənov bildirir ki, bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar.
 
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqının mənzil-qərargahına gəldi. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk birgə foto çəkdirdilər. Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü oldu. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verdi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd etdi. Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olundu. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanacaq “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirdilər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd etdilər. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi oldu. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini parafladılar. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir. Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Sonda xatirə şəkli çəkdirildi.
 
Hikmət Hacıyev: Azərbaycanın inkişafı Ermənistanla bərabər, bəzi xarici dairələri də ciddi narahat edir
Gəncədə ictimai asayişi pozmaq istəyən bəzi qüvvələrin qarşısını alarkən şəhid olmuş polis zabitlərinin ailələrinə, yaxınlarına və həmkarlarına dərin hüznlə baş sağlığı veririk. Qısa müddət ərzində bu radikal təmayüllü şəxslərin qanunazidd əməllərinin qarşısı alınmışdır. Bu kimi provokativ və ölkəmizdə sabitliyi pozmaq məqsədi güdən uğursuz cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, güclənməsi, beynəlxalq nüfuzunun günbəgün artması Ermənistanla bərabər, bəzi xarici dairələri də ciddi surətdə narahat edir. AZƏRTAC xəbər verir ki, bunu iyulun 11-də keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib: “Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə xidmət başında olan zabitə qarşı hücum ön xətdə qulluq edən əsgər və zabitlərə, bütün Azərbaycan xalqına xəyanətdir. Bu kimi destruktiv əməllərə bəraət qazandırmağa çalışan və qərb ölkələrində gizlənmiş milli satqınlar xalqımız qarşısında utanmalıdırlar. Ölkəmizə, xalqımıza və dövlətçiliyə qarşı bu kimi xəyanətkar əməllərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Bütün gənclərimizi, o cümlədən Gəncədə yaşayan və daim dövlətçiliyin keşiyində olan gənclərimizi ayıq sayıq olmağa çağırırıq. Gəncədə doğulmuş, boya başa çatmış, orta məktəbi orada bitirmiş bir vətəndaş olaraq əminliklə deyə bilərəm ki, bu kimi marginal kiçik qrupların destruktiv fəaliyyətinə Gəncənin vətənpərvər gəncləri, Gəncə əhalisi heç zaman imkan verməz”.
 
Baş Prokurorluq, DİN və DTX Gəncədə qanunazidd aksiyanın qarşısının alınması barədə birgə məlumat yayıb
İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. AZƏRTAC xəbər verir ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu barədə birgə məlumat yayıb. Məlumatda deyilir: “Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 8 > 1744
  TKA 2008