TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub
Avqustun 19-da Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" beynəlxalq turnirinə yekun vurulub. AZƏRTAC xəbər verir ki, günün ilk yarışında Milli Gimnastika Arenasında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizəyə qoşulublar. İki hərəkətin cəminə görə Bakı Gimnastika Məktəbinin (BGM) yetirməsi Leyli İsmayılova 25,950 xal toplayaraq birinci olub. “Ocaq Sport” klubunun təmsilçisi Nərminə Bayramova 24,500 xalla ikinci yeri tutub. Ukraynalı Anastasiya Korotianskaya isə 23,850 xalla ilk üçlüyü qapayıb. 2007-ci il təvəllüdlü yeniyetmələrin çoxnövçülük üzrə halqa və topla yarışlarının ümumi nəticəsinə görə “Ocaq Sport” klubunun yetirmələri ilk üç pillədə qərarlaşıblar. Belə ki, Fatimə Məmmədzadə (24,950 xal) qızıl, Mədinə Dəmirova (23,550 xal) gümüş, Kamilla Seyidzadə (22,700 xal) bürünc medal qazanıblar. Sonra 2006-cı il təvəllüdlü yeniyetmələr çoxnövçülük üzrə ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda mübarizə aparıblar. Zəhra Paşayeva 41 xalla birinci, Alina Gözəlova 40,050 xalla ikinci, Kamilla Əliyeva isə 39,050 xalla üçüncü olub. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir. Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə turnirin ən yaxşılarının adlarına aydınlıq gəlib. Bu yaş kateqoriyasında da “Ocaq Sport” klubunun təmsilçiləri rəqibləri üçün əlçatmaz olublar. Nərminə Səmədova (64,500 xal), Arzu Cəlilova (61,300 xal) və Məryəm Səfərova (60,750 xal) fəxri kürsünün ilk üç pilləsində yer alıblar. Daha sonra komanda yarışlarına start verilib. Bala gimnastların (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla mübarizəsinin ümumi nəticəsinə görə “Ocaq 8” komandası 19,900 xalla birinci, “Ocaq 10” kollektivi 18 xalla ikinci, “BGM 1” isə 17,950 xalla üçüncü olub. Gənclərin (2003-2005-ci il təvəllüdlü) yarışında isə Azərbaycan milli komandası lentlərlə hərəkətlərdə 15,450 xal toplayıb. Gürzlərlə hərəkətlərdə öz bacarığını nümayiş etdirən Misir yığmasının çıxışını hakimlər 12,150 xalla qiymətləndiriblər. Digər təmsilçimiz “Ayulduz 2” komandası lentlə hərəkətlərdə 5 xal qazana bilib. Bütün yaş kateqoriyaları üzrə həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük yarışlarında qalib gələn gimnastlara diplom və mükafatlar təqdim olunub. Bununla da bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub. Xatırladaq ki, yayın son gimnastika yarışında Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport” klubunun, “AyUlduz” klubunun, Sərhədçi İdman Olimpiya Mərkəzinin, “Zirvə” İdman Klubunun, Respublika Kompleks İdman Məktəbinin, o cümlədən Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Ukrayna və Misirdən, ümumilikdə, 130-dan çox gimnast iştirak edib.
 
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il iyulun 1-dək olan dövr ərzində ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yeri yaradılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin birinci yarısında isə ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 25 faizi Bakının, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb. Bununla yanaşı, birinci yarımildə ölkədə 22,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 74 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 20,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
 
“GymBala” beynəlxalq turnirinin sonuncu gününə balaca gimnastların mübarizəsi ilə start verilib
Avqustun 19-da Milli Gimnastika Arenasında “GymBala” beynəlxalq bədii gimnastika turnirinin sonuncu gününə ayrı-ayrı alətlər üzrə final yarışları ilə start verilib. AZƏRTAC xəbər verir ki, günün ilk yarışında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizə aparırlar. Gün ərzində, həmçinin 2007-ci il təvəllüdlü yeniyetmələr halqa və topla öz məharətlərini göstərəcəklər. Bundan başqa, 2006-cı il təvəllüdlü yeniyetmələr ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda yarışacaqlar. Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə ən yaxşılar müəyyənləşəcək. Qrup yarışlarında isə bala gimnastlar (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla, gənclər (2003-2005-ci il təvəllüdlü) lentlərlə çıxış edəcəklər. Bununla yanaşı, Misirin gənclərdən ibarət komandası gürzlərlə hərəkətlərdə bacarığını nümayiş etdirəcək. Xatırladaq ki, yayın son gimnastika yarışında ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edir.
 
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir: “Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir”. Qarşılıqlı faydalı əməkdaşlığın, birgə gerçəkləşdirilən irimiqyaslı layihələrin strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlar olduğunu vurğulayan Prezident İlham Əliyev birgə səylərlə Azərbaycan-Türkiyə müttəfiqliyinin və qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə bu ölkənin Nazirlər Kabinetinin iclasında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub. AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Nazirlər Kabinetinin sədri Rəşid Meredova Xəzər sammitində əldə olunmuş razılaşmaların müddəalarının qısa müddətdə yerinə yetirilməsinə dair tədbirlər planının hazırlanması barədə tapşırıq verib. Dövlət başçısı Xəzəryanı ölkələr arasında ticari-iqtisadi və nəqliyyat sahələrində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb, Baş nazirin müavinlərinə təkliflərin hazırlanması ilə bağlı göstəriş verib. Həmçinin 2019-cu ildə Aşqabadda keçiriləcək Birinci Xəzər İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə olunub. İclasda Türkmənistanın Xəzərdə axtarış-xilasetmə işləri üzrə beştərəfli Sazişin hazırlanmasında fəal iştirak etməsi də qərara alınıb. Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 9 > 1748
  TKA 2008