TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Türkmənistan Prezidenti: Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni türkmən və Azərbaycan xalqlarının möhkəm qardaşlıq telləridir

Bakı, 21 yanvar, AZƏRTAC

Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. İkitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında keçirilən görüşdə bildirib.

Azərbaycan Prezidenti ilə mütəmadi görüşlərinin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzuların müzakirə olunduğunu qeyd edən Qurbanqulu Berdiməhəmmədov deyib: “Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır”.

Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyətinə toxunan Türkmənistan Prezidenti bir daha vurğulayıb ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində ölkələrimizin tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir.

 
Azərbaycan abayşünasları TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif ediliblər

Bakı, 21 yanvar, AZƏRTAC

Qazaxıstanın Azərbaycandakı səfirliyində “Abayı oxuyarkən” art-albomunun təqdimatı keçirilib. Art-alboma türk ölkələri rəssamlarının dahi qazax şairi və mütəfəkkirinin əsərlərinin motivləri əsasında çəkdiyi əl işləri daxildir.

AZƏRTAC xəbər verir ki, albom dahi şairin anadan olmasının 175 illiyi şərəfinə elan edilmiş “Abay Kunanbayev İli” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən buraxılıb.

Təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan-Qazaxıstan dostluq cəmiyyətinin vitse-prezidenti Eldar İsmayılov, həmçinin Azərbaycanın elmi və yaradıcı dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən D.Kaseinov vurğulayıb ki, xalq şairi, mütəfəkkir, maarifçi və qazax milli ədəbiyyatının banilərindən biri olan Abay təkcə Qazaxıstana deyil, həm də bütün türk dünyasına zəngin irs qoyub. Onun şeirləri və müdrik kəlamları bütün türk xalqlarının mədəniyyətinin zənginliyini və mənəviyyatını əks etdirir.

Tədbirin gedişində dahi qazax şairinin adının və irsinin tanıdılmasına böyük töhfələr verən şəxslərə “Abay 175 il” xatirə medallarının və təşəkkür məktublarının təqdimatı mərasimi keçirilib. Bakı Dövlət Universiteti (BDU) nəzdində Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatimə Dursunova, BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Əsgərov, jurnalist-publisist Aida Eyvazova, yazıçı-nasir Nəriman Əbdülrəhmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru Elman Quliyev, BDU-nun Türkologiya kafedrasının professoru Firuzə Ağayeva Fəxri mükafatlara layiq görülüblər.

Tədbirin sonunda qonaqlara dahi Abayın həyat və yaradıcılığı barədə sənədli film göstərilib, ənənəvi qazax təamları təklif olunub.

 
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistanın nəqliyyat-logistika sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə çatacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə videokonfrans formatında keçirilən görüşdəki çıxışında söyləyib.

“Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.

Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Prezident Qurbanqulu Berdiməhəmmədovun şəxsi xidmətlərini xüsusi qeyd edərək deyib: “Tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq”.

 
Prezident İlham Əliyev: Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır

Bakı, 21 yanvar, AZƏRTAC

Son illərdə Azərbaycan və Türkmənistan arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə videokonfrans formatında keçirilən görüşdəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Azərbaycan Prezidenti çıxışında ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunaraq qeyd edib ki, beynəlxalq strukturlarda da bir-birini fəal dəstəkləyir.

“Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Sədrlik çərçivəsində bizim təşəbbüsləri, xüsusən Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüslərini dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Belə qarşılıqlı dəstək bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 
Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” yatağına dair Anlaşma Memorandumu imzalayıblar

Bakı, 21 yanvar, AZƏRTAC

Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans formatında keçirilən görüşü çərçivəsində imzalanıb.

Görüşdəki çıxışında sənədin əhəmiyyətindən danışan Türkmənistan Prezidenti deyib: “Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib”.

Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər.

Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb. “Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu qeyd edən Azərbaycan Prezidenti əminliklə bildirib ki, “Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək”.

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 2 of 43
  TKA 2008