TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 19-da saat 20.25-dən 20.35-dək Ağdam rayonunun Yusifcanlı, saat 23.20-dən 23.50-dək Goranboy rayonunun Tap Qaraqoyunlu, dekabrın 20-də saat 01.00-dan 01.15-dək Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05-dən 05.55-dək, 07.25-dən 07.50-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
“ALIN YAZISI” FİLMİNDƏ AZƏRBAYCANIN, TÜRKİYƏNİN VƏ RUSİYANIN AKTYORLARI ÇƏKİLƏCƏKLƏR

AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə və Rusiya aktyorlarının iştirakı ilə "Alın yazısı" filminin istehsalına başlanacaqdır.
Filmdə Azərbaycanın xalq artistləri Amaliya Pənahova, Yaşar Nuri, Türkiyənin tanınmış aktyorları Halil Ergün, Hülya Dərca, Rusiyanın xalq artisti Lyudmila Qurçenko, Türkiyədə yaşayan azərbaycanlı aktyor Məlahət Abbasova və başqaları çəkiləcəklər.
Eşq hekayəsi üzərində qurulan və bəşəri mövzuların təbliğ olunduğu "Alın yazısı"nın ssenari müəllifləri İradə Sultan, Səma Tunsi, Lalə Nağdəliyeva, quruluşçu rejissoru Sərxan Kərəmoğlu, operatoru Pərviz Əzimzadədir. Baş rolda gənc azərbaycanlı modelyer Qərinə Aslanova çəkiləcəkdir.
Çəkilişlər Bakı, İstanbul və Moskvada aparılacaqdır. Üç dildə səsləndiriləcək film hər üç ölkənin kinoteatrlarında və televiziya kanallarında nümayiş etdiriləcəkdir.

 
AZƏRBAYCANIN ANKARADAKI SƏFİRİ TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ İLƏ GÖRÜŞMÜŞDÜR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 19-da Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov qardaş ölkənin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğ ilə görüşmüşdür.
Görüşdə İlkər Başbuğ Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən bəhs etmiş, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını söyləmişdir. O, cari ilin noyabr ayında ilk rəsmi səfərini Azərbaycana etdiyini xatırlatmış, səfər çərçivəsində keçirdiyi görüşlərin səviyyəsindən məmnunluğunu vurğulamışdır. Ordu generalı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların nəticələri ilə maraqlanmış, bu problemin aradan qaldırılmasında Türkiyənin Azərbaycanı hər zaman dəstəkləyəcəyini bildirmişdir.
Zakir Həşimov Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qaldığını bildirmiş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT çərçivəsində aparılan danışıqlar haqqında məlumat vermişdir.
Səfir, son zamanlar, Türkiyədə bir qrup ziyalının "erməni soyqırımı" ilə bağlı apardığı "üzr istəmə" kampaniyasına İlkər Başbuğun münasibəti ilə maraqlanmışdır.
İlkər Başbuğ bu kampaniyanın yanlış və zərərli olduğunu vurğulayaraq, Türkiyə ordusunun bununla bağlı açıqlama yaydığını söyləmişdir.
Görüşdə səfirliyin hərbi attaşesi, polkovnik Ənvər İbrahimov iştirak etmişdir.

 
AZƏRBAYCAN VƏ RUSİYA GÖMRÜK İDARƏLƏRİNİN RƏHBƏRLƏRİ TEZ XARAB OLAN MALLARA GÖMRÜK NƏZARƏTİ ZAMANI YARANANPROBLEMLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR

Dağıstan gömrükxanasının "Yaraq Qazmalar" beynəlxalq avtomobil buraxılış məntəqəsində Rusiya Federal Gömrük Xidməti Cənub Gömrük İdarəsinin (CGİ) və Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin nümayəndələrinin işgüzar görüşü olmuşdur.
AzərTAc "Dağıstan" informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya nümayəndə heyətinə CGİ rəisinin müavini vəzifəsini icra edən Georgi Kozlyak, Azərbaycan nümayəndə heyətinə isə DGK Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundov başçılıq etmişdir.
Görüşdə Rusiya-Azərbaycan sərhədindən avtomobil və dəmir yolu nəqliyyatı ilə daşınan tez xarab olan mallara gömrük nəzarəti zamanı yaranan problemlər müzakirə edilmişdir. Yük qatarlarının və müşayiət sənədlərinin tərtib ediməsinə nəzarətin spesifikası məsələsinə baxılmışdır. Bundan əlavə, "Yaraq Qazmalar" və "Samur" buraxılış məntəqələri arasında sərnişin daşımaları marşrutunun təşkil edilməsi barədə çoxdan vaxtı çatmış məsələ də müzakirə edilmişdir. Tərəflər bu cür daşımaların təşkil edilməsinin mümkünlüyü məsələsinə dair maraqlı fikir mübadiləsi aparmışlar.
Rusiya və Azərbaycan gömrükçülərinin bu səviyyədə ilk işgüzar görüşü qarşılıqlı anlaşma və etimad şəraitində keçmişdir. Xatırladaq ki, tərəflər bu görüşə iki il hazırlaşmış, həmin müddətdə zəngin material toplanmışdır.
G.Kozlyak bu cür görüşlər keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, onlar Azərbaycanın və Rusiyanın gömrük xidmətlərinin eyni məcrada fəaliyyət göstərməsi üçün zəruri münasibətləri tənzimləməyə imkan verir.

 
TBİLİSİDƏ BAKI-TBİLİSİ-QARS YENİ DƏMİR YOLU XƏTTİNİN TİKİNTİSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AzərTAc xəbər verir ki, dekabrın 18-də Tbilisidə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı” layihəsinin həyata keçirilməsi üzrə Əlaqələndirmə Şurasının V iclası keçirilmişdir. İclasa Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadi inkişaf naziri Laşa Jvaniya sədrlik etmişlər. Həmsədrlər dünyadakı maliyyə böhranının layihə üçün yarada biləcəyi çətinliklərə baxmayaraq, dəmir yolunun tikintisinin dayandırılmayacağınа ümid etdiklərini vurğulamışlar. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov iclasdan sonra bildirmişdir ki, görüşdə 7 məsələ müzakirə edilmişdir və onların heç biri ilə bağlı ölkələrimiz arasında fikir ayrılığı yoxdur. Gürcüstanın iqtisadi inkişaf naziri layihənin hər iki ölkə üçün əhəmiyyətli olduğunu bir daha vurğulamışdır və demişdir ki, iclasda layihənin reallaşması üçün əlavə vəsaitlərin cəlb edilməsi məsələsinə də toxunulmuşdur. Ümid edirəm ki, layihənin icrası dayandırılmayacaq və nəzərdə tutulmuş vaxtda başa çatacaqdır.
 
<< Başlat < Önceki 1701 1702 1703 1704 1705 1706 1707 1708 1709 1710 Sonraki > Son >>

Sayfa 1709 > 1744
  TKA 2008