TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ RUMINİYADA VƏ TÜRKİYƏDƏ SƏFƏRDƏDİRLƏR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının nümayəndələri dekabrın 3-dən 7-dək Rumıniyanın milli müdafiə kollecində olacaqlar.
Dekabrın 1-dən 31-dək Ankarada yanıqlar zamanı ilk yardım kursu keçirilir. Əməkdaşlıq planına uyğun olaraq kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

 
MOSKVADA DAHİ BƏSTƏKAR QARA QARAYEVİN 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KONSERT OLMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin 90 illik yubileyi münasibətilə konsert olmuşdur. Konserti Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin RF-dəki səfirliyinin dəstəyi ilə təşkil etmişlər.
Rusiya mədəniyyət nazirinin müavini, stats-katib Yekaterina Çukovskaya yubiley tədbirini açaraq bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət konsert musiqi ictimaiyyəti üçün əsl bayramdır. Qara Qarayev Azərbaycan xalqının qəlbini dünya musiqi mədəniyyətində əks etdirmiş görkəmli Azərbaycan musiqiçilərindən biridir. O demişdir: "Qara Qarayevin misilsiz əsərləri dünya şöhrəti qazanmış və təkcə Azərbaycanın deyil, həm də dünya musiqi mədəniyyətinin inciləridir. Qara Qarayevin əsərlərindən ibarət konsert xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin Moskvada yubiley konsertinin təşkil olunması Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisədir. Dünya ictimaiyyətini Azərbaycan musiqisi ilə tanış etmiş görkəmli musiqiçi, istedadlı insanın yubileyinin İttifaqlar evinin Sütunlu salonunda keçirilməsi təsadüfi deyildir. Burada dəfələrlə onun musiqisi səslənmiş, yubiley gecələri təşkil olunmuşdur. P.Bülbüloğlu demişdir: "Dahi bəstəkar, görkəmli ictimai xadim Qara Qarayev təkcə Azərbaycanın deyil, həm də sovet və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermişdir".
P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri (dirijor Azərbaycanın xalq artisti Rauf Abdullayev) "Leyli və Məcnun" simfonik poeması, "Don Kixot" simfonik qravürü, "İldırımlı yollarla" baletindən süitanı ustalıqla ifa etmişdir. Salonda toplaşan Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Moskvada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları dahi bəstəkarın ölməz əsərlərini sürəkli alqışlarla qarşılamışlar.
Bu il Qara Qarayevin yubileyi münasibətilə konsertlər Azərbaycanda, Fransada, Avstriyada, ABŞ-da, Macarıstanda, Almaniyada, Qazaxıstanda və Qırğızıstanda təşkil olunmuşdur. Yubiley silsiləsinin yekun konsertinin Rusiyada olması rəmzi xarakter daşıyır. Qara Qarayev Moskva Konservatoriyasının məzunu, Dmitri Şostakoviçin tələbəsi olmuşdur, onun yaradıcılıq bioqrafiyasının əhəmiyyətli hissəsi Rusiya paytaxtı ilə bağlıdır.

 
İRAQDAKI AZƏRBAYCAN SÜLHMƏRAMLILARI DEKABRIN 7-DƏ VƏTƏNƏ YOLA DÜŞƏCƏKLƏR

AzərTAc xəbər verir ki, İraqdakı Azərbaycan sülhməramlıları dekabrın 7-də Vətənə yola düşəcəklər.
İraqın Əl-Əsəd şəhərindəki hərbi bazada Azərbaycan sülhməramlılarının missiyasının başa çatması münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycan hərbçilərinin İraqda beşillik xidməti müsbət qiymətləndirilmiş, fərqlənmiş Azərbaycan hərbçilərinə Koalisiya Qüvvələri Komandanlığının və yerli hökumətin mükafatları təqdim olunmuşdur.
Azərbaycan hərbçiləri mühafizə etdikləri obyektləri İraqın hökumət qüvvələrinə təhvil vermişlər.
Xatırladaq ki, Milli Məclis bu ilin noyabrında "Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında" qərarı təsdiq etmişdir.
Azərbaycan sülhməramlıları bölüyü Əl-Anbar vilayətinin Əl-Hədithə şəhəri yaxınlığında su anbarını və İraq ərazisinin 30 faizini elektrik enerjisi ilə təmin edən Su Elektrik Stansiyasını mühafizə edirdilər.

 
OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

AzərTAc xəbər verir ki, Tbilisidə Cənubi Qafqaz ölkələrində əlillərin problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı öz işini başa çatdırmışdır.
Ombudsman Aparatından bildirmişlər ki, iki gün davam edən konfransda bu regionda yaşayan əlillərin problemlərinin öyrənilməsi və həlli yolları ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Yeganə Cəfərova "Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi vəziyyəti və Ombudsmanın bu sahədə fəaliyyəti" mövzusunda çıxış etmişdir. O, çıxışında dövlətimizin əlil insanların sosial müdafiəsinin yaxşılaşdırılması üçün mütəmadi olaraq zəruri tədbirlər gördüyünü faktlarla diqqətə çatdırmışdır.
Ombudsmanın nümayəndəsi qeyd etmişdir ki, Azərbaycanda əlilliyin dinamikasına bir sıra amillər öz təsirini göstərmişdir. Ermənistanın 1988-ci ildən etibarən azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti, həmçinin ölkəmizə hərbi təcavüzü nəticəsində 50 mindən çox soydaşımız işgəncələrə məruz qalmış və əlil olmuşdur. Bəşəriyyət tarixində ən müdhiş faciələrdən olan Xocalı soyqırımı zamanı 487 nəfərin əlil olması faktı konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

 
AZƏRBAYCAN BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATI İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏKDƏ MARAQLIDIR

Parisdə Beynəlxalq Mülki Aviasiya Şirkətinin növbəti yığıncağı keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov toplantıda ölkəmizi təmsil etmişdir.
A.Məmmədov yığıncaqla əlaqədar AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində demişdir: Dövlət Mülki Aviasiya Administrasiyası ölkəmizin Prezidentinin 2006-cı il dekabr Fərmanına əsasən yaradılmışdır. Administrasiyanın Əsasnaməsi isə 2007-ci ilin əvvəlində təsdiq olunmuşdur.
Hazırda kollektivdə 49 nəfər çalışır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə, iqtisadi və inzibati bölgüyə uyğun olaraq, Mülki Aviasiya Administrasiyası "Azərbaycan Hava Yolları" Şirkətindən ayrılmışdır. Administrasiyanın əsas funksiyası qanunvericilikdən, normativ bazanın yaradılmasından, müfəttişlik və bunun əsasında da şirkətlərə, aviasiya ilə məşğul olan bütün subyektlərə sertifikat verməkdən, ixtisaslarını yoxlamaqdan və onların təkmilləşməsinə nəzarət etməkdən ibarətdir.
Azərbaycandakı və ölkəmizə gələn hava laynerlərinin, hava limanlarının beynəlxalq standartlara uyğunluğu və beynəlxalq təşkilatlarla əlaqəsi də Dövlət Mülki Administrasiyasının funksiyasına daxildir.
Qısa vaxtda yaranmasına baxmayaraq, təşkilatımız artıq həm Beynəlxalq Mülki Aviasiya Təşkilatının, həm də baş qərargahı Parisdə yerləşən Avropa Mülki Aviasiya Konfransının və digər qurumların üzvüdür. Administrasiyamızın əsas işlərindən biri də həmin təşkilatların qabaqcıl təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etməkdən ibarətdir.
Beynəxalq Mülki Aviasiya Şirkətinə baş katibin seçilməsi prosesində də iştirak etdik və onun gələcək fəaliyyətlə bağlı proqramını dinlədik. Yığıncağın gedişi zamanı çox mühüm məsələlər həll olundu. Avropa Mülki Aviasiya Şirkətinin 2010-2012-ci illərə dair planları müzakirə olunaraq qəbul edildi.
Avropa İttifaqının üzvü olan ölkələr öz aralarında Mülki Aviasiya Nazirliyi kimi bir təşkilat yaradır. Yığıncağın gedişi zamanı Avropa İttifaqının üzvü olmayan bir dövlət kimi yaranmaqda olan həmin təşkilatla iş birliyi qurmaq barədə ümumi razılığa gəldik. Bununla əlaqədar işçi qrupu yaradıldı və onun fəaliyyəti ilə bağlı sənədlər hazırlandı. Həmin sənədləri nəzərdən keçirdikdən sonra onu imzalayacağıq.
Bir sözlə, Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər təşkilatlarla əlaqələri genişləndirməkdə maraqlıdır.

 
<< Başlat < Önceki 1721 1722 Sonraki > Son >>

Sayfa 1721 > 1722
  TKA 2008