TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
NAZİRLƏR KABİNETİ NOVRUZ, RAMAZAN, QURBAN BAYRAMLARI GÜNLƏRİ VƏ BU BAYRAMLARLA ƏLAQƏDAR İSTİRAHƏT GÜNLƏRİ HAQQINDA QƏRAR QƏBUL ETMİŞDİR
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “2009-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında” Qərar qəbul etmişdir. Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, 2009-cu ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 20, 21 sentyabr Ramazan bayramı, 27, 28 noyabr isə Qurban bayramıdır. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir ki, mövcud qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
 
DÖVLƏT BÜDCƏSİNDƏN SOSİAL MÜDAFİƏ XƏRCLƏRİ ÜÇÜN 352,2 MİLYON MANATDAN ÇOX VƏSAİT AYRILACAQDIR

AzərTAc xəbər verir ki, ölkəmizin Prezidenti İlham Əliyevin dekabrın 10-da imzaladığı "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmana uyğun olaraq, növbəti ilin dövlət büdcəsindən sosial müdafiə xərcləri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 352 milyon 215 min 15 manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Dövlət büdcəsindən ayrılmış vəsait mərkəzləşdirilmiş qaydada xərclənəcəkdir.

 

 
İRANIN MÜDAFİƏ NAZİRİ BAKIDA ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKDİR

İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri Mustafa Məhəmməd Nacarın Bakıya rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır.
AzərTAc xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Naser Həmidi Zare dekabrın 12-də keçirilmiş mətbuat konfransında bildirmişdir.
Diplomatın sözlərinə görə, səfər çərçivəsində İran naziri Azərbaycanın rəsmi şəxsləri ilə də görüşəcəkdir.
Səfir demişdir: "İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərinin təfsilatı mətbuatda işıqlandırılmır. Buna görə də səfərin proqramından danışmaq çətindir. Lakin istisna deyildir ki, səfər zamanı regional məsələlərin müzakirəsi ilə yanaşı, əməkdaşlıq haqqında sənədlər də imzalanacaqdır".
H.Zarenin sözlərinə görə, hazırda İran nazirinin səfərinin müddəti və proqramı dəqiqləşdirilir. İlkin məlumata əsasən, o, ölkəmizə cari ilin sonunda gələcəkdir.

 
İSTANBULDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 12-də İstanbulda görkəmli insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimat mərasimi keçirilmişdir. Milli Məclisin deputatları Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, Hüseynbala Mirələmov, ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, Türkiyənin millət vəkilləri Mustafa Kabakçı, Orhan Erden, Ərtoğrul Kumcuoğlu, şəhər bələdiyyəsinin və valiliyin nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli liderimizin İstanbulun mərkəzində yerləşən Sarıyer rayonundakı abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. Burada keçirilmiş mərasimdə çıxış edən deputatlar Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov ümummilli lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətindən, türk dünyasının birliyi üçün gördüyü mühüm işlərdən danışmışlar.
Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inzibati binasında Azərbaycanın İstanbuldakı baş konsulluğu və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə tanınmış rus yazıçısı və publisisti Viktor Andriyanov və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun birgə yazdıqları görkəmli insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimatı olmuşdur. Kitabı türk dilinə Yasəmin Bayer tərcümə etmişdir.
Hüseynbala Mirələmov bildirmişdir ki, bu kitabda ümummilli liderin dövlət təhlükəsizliyi orqanında çalışdığı dövr və 1991-1993-cü illərin ağır hadisələri öz əksini tapmışdır. O, rus, ərəb dillərində nəşr olunmuş əsərin Türkiyə oxucusu ilə qovuşmasından duyduğu məmnunluğu dilə gətirmişdir.
Daha sonra mərasimdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, deputatlar Eldar İbrahimov və Nizami Cəfərov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı və digərləri bu kitabın Heydər Əliyev haqqında yazılmış ən uğurlu əsərlərdən biri olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, kitab indiyədək 6 dildə nəşr olunmuş və daha 4 dildə də işıq üzü görəcəkdir. Mərasimdə o da bildirildi ki, İstanbuldakı Aydın Universitetində Heydər Əliyev Araşdırmalar Mərkəzi yaradılmışdır və bu mərkəzdə ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi və təbliği həyata keçiriləcəkdir.

 
AZƏRBAYCANLI MÜĞƏNNİ TÜRKİYƏ ƏSGƏRLƏRİNİN QARŞISINDA ÇIXIŞ ETMİŞDİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyədə populyar olan azərbaycanlı müğənni Azərin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun xüsusi dəvəti ilə müqəddəs Qurban bayramında İraqla sərhəd rayonlardakı hərbi hissələrdə konsert vermişdir.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi internet saytında bildirilir ki, Azərin və onu müşayiət edən musiqiçilər Diyarbəkir, Siirt və Şırnakdakı əsgərlərin qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişdir. Əsgərlər və zabitlər Azərinin ifa etdiyi və Əhməd Cavadın sözlərinə bəstələnmiş "Çırpınırdı Qara dəniz" mahnısını ayaq üstə və alqışlarla qarşılamışlar.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1738 > 1748
  TKA 2008