TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
BANK RESPUBLİKA AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI İLƏ MÜQAVİLƏ İMZALAMIŞDIR

AzərTAc xəbər verir ki, Londonda "Bank Respublika" ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında yeni kredit müqaviləsi imzalanmışdır.
7 illiyə bağlanmış müqavilə üzrə ayrılmış 10 milyon ABŞ dolları respublikada ipoteka kreditləşməsinə sərf olunacaqdır. Həmçinin bankın resurs bazası diversifikasiya olunacaqdır.
"Bank Respublika" AYİB ilə 2004-cü ildən əməkdaşlıq edir. İndiyədək iki qurum arasında biznesin kreditləşməsi və ticarətin maliyyələşdirilməsi üzrə ümumi məbləği 52 milyon ABŞ dolları olan müxtəlif müqavilələr imzalanmışdır.
Hazırda Bakıda və regionlarda "Bank Respublika"nın 30 filialı və şöbəsi fəaliyyət göstərir.

 
PARİSDƏ ERMƏNİSTANIN MƏDƏNİYYƏTLƏRARASI DİALOQDAN DA QAÇDIĞI VURĞULANMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Mədəniyyət, Elm və Təhsil Komitəsinin qış sessiyası ərəfəsində son toplantısı keçirilmişdir.
İclasda "Avropada müəlliflik hüquqları", "Ən yaxşı Avropa muzeyi mükafatı", "Avropada sərhədsiz elektron mətbuat" mövzularında müzakirələr zamanı AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin məsələlərə öz münasibətini bildirmişdir. Dekabrın 2-3-də Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin beynəlxalq konfransı ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Milli Məclisin deputatı R.Hüseynov həmin mötəbər mərasimdə Avropa Şurasının təmsilçisi olaraq iştirak etmişdir. Azərbaycanlı deputat komitə iclasında çıxışında bildirmişdir: Quruma üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı mədəniyyətlərarası dialoq problemi üzrə indiyədək keçirilmiş bütün bu qəbil toplantılardan həm miqyasına, həm də mövzularının əhatə dairəsinə görə seçilir. Bakı konfransında Avropa Şurasına üzv olan ölkələrdən başqa, bir sıra Şərq dövlətlərindən də mədəniyyətə məsul olan yüksək vəzifəli nümayəndələr iştirak edirdi. 48 ölkədən gəlmiş nazirlər, nazir müavinləri, sənət xadimləri, mütəxəssislərdən savayı, 10 beynəlxalq təşkilat, o cümlədən YUNESKO, İSESKO, Ərəb Dövlətləri Liqası, ALESKO da bu konfransda ən yüksək səviyyədə təmsil olunurdu. Avropa Şurasının üzvü olan ölkələr arasında yalnız Ermənistan bu toplantıya gəlməmişdi. AŞ-nin baş katibi Terri Devis bundan təəssüfləndiyini, Ermənistanın özünü bu layihədən kənarda qoymasının anlaşma və yaxınlaşmaya mane olan hərəkət kimi dəyərləndirmişdir.
R.Hüseynovun bu məlumatı komitə üzvlərində də təəssüf hissi doğurmuşdur. Bu hal Ermənistanın mədəniyyətlərarası dialoqdan qaçması kimi qəbul edilmişdir.
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri toplantısının Bakıda ən yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulamış Rafael Hüseynov, bu tədbirin Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafının, Azərbaycanın bu qurumda getdikcə daha artıq nüfuz qazandığının göstəricisi olduğunu qeyd etmişdir.
Bakı konfransında qəbul edilmiş bəyannaməyə toxunan R.Hüseynov demişdir: Mədəniyyətlər və dinlər arası dialoq problemi Avropa Şurasında son bir neçə ildə daimi müzakirə mövzusu olsa da, ilk dəfədir ki, bu mövzuda beynəlxalq əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Həmin sənədin ikinci mühüm cəhəti ondan ibarətdir ki, indiyədək mədəniyyətlərarası dialoq məsələsi ilə bağlı yalnız nəzəri aspektdə söhbətlər gedirdisə, Bakı bəyannaməsi ilk dəfə bu istiqamətdə praktiki işlərlə bağlı konkret vəzifələr müəyyən edir. Gələcəkdə mədəniyyətlərarası dialoq mövzusu ilə əlaqədar qəbul ediləcək istənilən sənəd üçün Bakı bəyannaməsi başlıca istinad mənbəyinə çevriləcəkdir.
AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsi deputat R.Hüseynovun məruzəsini yüksək qiymətləndirmiş, mədəniyyət nazirlərinin Bakı konfransını Azərbaycanın mədəniyyətlərarası dialoqun tərəqqisinə layiqli töhfə olduğunu təsdiq etmişdir.

 
STRASBURQDAKI "AZƏRBAYCAN EVİ"NDƏ XƏZƏR DƏNİZİNİN STATUSU İLƏ BAĞLI MƏRUZƏ DİNLƏNİLMİŞDİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqda yaradılmış "Azərbaycan evi"nin gələcək fəaliyyətlə bağlı tərtib etdiyi fəaliyyət proqramına uyğun olaraq, qurumun mənzil-iqamətgahında Robert Şuman Universitetinin beynəlxalq hüquq üzrə doktorantı Xaqani Quliyevin "Xəzər dənizi: geosiyasi rəqabət məkanında hüquqi boşluqlar" mövzusunda məruzəsi dinlənilmişdir.
"Azərbaycan evi" idarə heyətinin üzvləri və Strasburqun müxtəlif ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbirdə məruzəçi Xəzər dənizinin enerji ehtiyatları ilə zənginliyindən, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan tərəfindən əhatə olunmasından, onun statusunun müəyyənləşdirilməsi və ehtiyatlarından bərabərhüquqlu şəkildə istifadə olunması barədə həmin ölkələr arasında dəfələrlə danışıqlar aparılmasından söhbət açmış, bu sahədə hüquqi boşluqlar olduğundan hələlik ümumi razılıq əldə edilməməsini diqqətə çatdırmışdır.
Sonda X.Quliyev suallara ətraflı cavab vermişdir.
Tədbir iştirakçıları mövzunun aktuallığını və xüsusi maraq döğurduğunu qeyd etməklə yanaşı, onun daha geniş auditoriyada- universitetin iclas zalında keçirilməsini təklif etmişlər.
Bu səpgidə olan tədbirlərin təşkilatçısı Strasburqda fəaliyyət göstərən jurnalist Fuad Qulubəyovdur.

 
ABŞ-IN HƏRBİ DONANMA QÜVVƏLƏRİ ALİ MƏKTƏBİNDƏ AZƏRBAYCAN BAYRAĞI QALDIRILMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Pentaqonun nəzdində yerləşən ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin məzunları sırasında ilk azərbaycanlı tələbə də olmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tamerlan Vahabov buraxılış mərasimində "Beynəlxalq təhlükəsizlik və müdafiə" ixtisası üzrə elmi dərəcə alarkən məktəbdə ilk dəfə Azərbaycan Respublikasının bayrağı qaldırılmışdır. Qeyd edək ki, özünün tələbələri sırasına məhdud sayda xarici hərbçilər və diplomatlar daxil edən Ali Məktəb hərbi elmlər üzrə Amerikanın ən nüfuzlu təhsil ocaqlarından sayılır. Burada azərbaycanlı tələbələrin təhsil alması ölkələrimiz arasında strateji və hərbi əməkdaşlıq münasibətlərinin faydalı hissəsidir. Tamerlan Vahabovun sözlərinə görə, tələbə heyəti sırasında Azərbaycan nümayəndəsinin olması Ali Məktəbdə bölgəmizə aid tədbrilər və təqdimatların keçirilməsi, Azərbaycanın strateji əhəmiyyəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair mütəmadi fikir mübadiləsinə imkan vermişdir. Ölkəmizin Los-Ancelesdəki baş konsulu Elin Süleymanov burada mühazirələrlə çıxış etmişdir.
Bu il ölkəmizin daha iki nümayəndəsi ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinə yola düşəcəkdir. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Rəşad Kərimov və müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Cahangir Araslı hərbi elmlərin müasir ixtisasları üzrə təhsil alacaqlar.

 
BAKIDA AYKİDO ÜZRƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLƏCƏKDİR

Dekabrın 19-dan 21-dək Bakıda aykido üzrə beynəlxalq seminar keçiriləcəkdir.
Azərbaycan Aykido Federasiyasından AzərTAc-a bildirmişlər ki, qurumun mərkəzi zalında keçiriləcək seminarı fransalı 6-cı dan qara kəmər ustası Nəbi Vural aparacaqdır.
Seminarda Azərbaycanın müxtəlif bölgələrindən 100-dən çox idmançının iştirakı nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak etmək üçün Türkiyə, Rusiya, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Fransa idmançılarına dəvətlər göndərilmişdir.
Seminarın sonunda idmançılar qara kəmərə sahib olmaq üçün imtahan verəcəklər.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1739 > 1745
  TKA 2008