TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
TÜRMƏNİSTANIN MÜVAFİQ MÜƏSSİSƏLƏRİ İLƏ ƏMƏKDAŞLIQLA BAĞLI RAZILIQ ƏLDƏ OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə AzərTAc-a bildirmişdir ki, Türkmənistan Neft-Qaz Sənayesi və Təbii Ehtiyatlar Nazirliyi, "Türkmənqaz" Dövlət Konserni, Neft və Qaz İnstitutu, Geoloji Kəşfiyyat Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıqla bağlı razılıq əldə olunmuşdur.
Bundan əlavə, Tayvan Hidrogeoloji və Hidroloji Laboratoriyası ilə əməkdaşlıq sazişi imzalanmışdır. Sənəddə Azərbaycan və Tayvanda arsenli yeraltı suların əmələ gəlməsini öyrənmək üçün birgə tədqiqatlar aparılması nəzərdə tutulur.
 
TÜRK ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNA 840 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ SƏRMAYƏ YATIRMIŞLAR

İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, hazırda 400-dən çöx türk şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Bu şirkətlərdə 5 min türk və 50 mindən çox Azərbaycan vətəndaşı çalışır. 1995-2007-ci illərdə Azərbaycanın qeyri-neft sektoruna türk şirkətləri tərəfindən 840 milyon ABŞ dolları məbləğində sərmayə yatırılmışdır.
Son illərdə sürətlə inkişaf edən Azərbaycan da, öz növbəsində, Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunu artırır. "Petkim" şirkətinin səhmlərinin ARDNŞ tərəfindən alınması buna misal ola bilər.

 
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞA DAİR 20 SƏNƏD İMZALANMIŞDIR

İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, Azərbaycanın xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
İndiyədək Türkiyə ilə Azərbaycan arasında yalnız iqtisadi sahədə əməkdaşlığa dair imzalanmış 20 sənəd əlaqələrimizin hüquqi təməlini təşkil edir.
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyə xüsusi çəkiyə malik olmuşdur. Bu ilin 9 ayının nəticələrinə görə həmin göstərici 1,1 milyard ABŞ dolları, o cümlədən Azərbaycanın Türkiyəyə ixracının həcmi 552 milyon dollar, Türkiyədən idxal isə 590 milyon dollar təşkil etmişdir.

 
ALMANİYA MƏKTƏBLƏRİNDƏ ALMAN DİLİNDƏ İSLAMIN ƏSASLARININ TƏDRİSİNƏ BAŞLANMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyada İslamın əsaslarının alman dilində tədrisi üzrə dövlət proqramı həyata keçirilir. 2008-ci ilin mart ayında Almaniyadakı islam təşkilatları belə bir təşəbbüs irəli sürmüş və federal hökumət onu bəyənmişdir.
Din yeganə tədris fənnidir ki, Almaniya məktəblərində onun tədrisi ilə bağlı AFR Konstitusiyasında müddəa vardır.
Hazırda Almaniyada 3,5 milyon müsəlman yaşayır. Onların 20 faizi məktəb yaşlı uşaqlardır. Dini etiqad azadlığı bütün konfessiyalar üçün bərabər hüquqlara zəmanət verdiyinə görə, federal hökumət başa düşür ki, dövlət müsəlman ailələrindən olan uşaqlar üçün məktəblərdə İslamın əsaslarının tədris olunmasını təmin etməlidir.
Almaniyada xristian dininin tədrisi proqramını katolik və yevangelist kilsələr müəyyən edir, bu fənni tədris edən müəllimləri də həmin kilsələr hazırlayır. İslamın tədrisi sahəsində isə vəziyyət bir qədər mürəkkəbdir. Məsələ bundadır ki, islamda vahid ruhani təşkilat mövcud deyil, təriqətlərin sayı isə çoxdur. Buna görə də Almaniyada fəaliyyət göstərən çoxsaylı müsəlman təşkilatlarının əksəriyyəti öz aralarında dil tapa bilmir və onların hər biri Almaniyadakı bütün müsəlmanların yeganə təmsilçisi roluna iddialıdır. Məsələnin həlli məqsədi ilə ən iri müsəlman ittifaqlarından dördü "Almaniya müsəlmanlarının əlaqələndirmə şurası" yaratmışdır, lakin hələlik ümumi platforma hazırlanması işi tamamlanmamışdır.
2008-ci ilin mart ayında islami məsələlər üzrə 3-cü konfransda Almaniya məktəblərində İslamın tədrisini tənzimləmək və genişləndirmək üçün cəhd edilmişdir. Müsəlman cəmiyyətləri və federal hökumət nümayəndələrinin iştirak etdikləri bu cür konfranslar Almaniyanın daxili işlər naziri Volfqanq Şoyblenin himayəsi ilə müntəzəm keçirilir və həmin konfranslarda Almaniya müsəlmanlarının cəmiyyətə inteqrasiyası problemləri müzakirə edilir. Volfqanq Şoyble müsəlmanları vahid mövqe formalaşdırmağa çağırır və xatırladır ki, Konstitusiyaya görə dövlət dini təhsilin məzmununun müəyyən edilməsi və müəllimlərin təyin edilməsi məsələlərini dini birliklərlə razılaşdırmadan həll edə bilməz. Federal hökumət və federal əyalətlərin hökumətləri isə islam dərslərinin alman dilində keçilməsində israrlıdırlar və hesab edirlər ki, yalnız belə olduğu halda təhsilə dövlət nəzarəti təmin edilə bilər.
Mənşəcə alman olan, yetkin yaşda islam dinini qəbul etmiş Yorq İmran Şryoter Karlsrue Pedaqoji İnstitutunda məktəblərdə islam dərslərini deyəcək müəllimlər hazırlayır. Onun fikrincə, islamın alman dilində tədris edilməsi miqrantların çoxmillətli Almaniya cəmiyyətinə inteqrasiyası üçün də zəruridir.
Mövcud çətinliklərə baxmayaraq, müəyyən uğurlar qazanılmışdır. 2008-2009-cu tədris ilinin əvvəlində 5-ci və 6-cı sinif şagirdləri üçün alman dilində islama aid ilk dərslik çapdan çıxmışdır. İbtidai və yuxarı sinif şagirdləri üçün islam dərslikləri və dərs vəsaitləri hazırlanır. Lakin müəllimlər çatışmır. Bu gün bütün Almaniyada ən azı 3.000 islam müəllimi tələb edildiyi halda, təxminən 150 müəllim vardır. Hazırda ölkənin bir neçə universitetində və pedaqoji institutlarda islam ilahiyyatı və pedaqogikası bölmələri açılmışdır.

 

 
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ RUMINİYADA VƏ TÜRKİYƏDƏ SƏFƏRDƏDİRLƏR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının nümayəndələri dekabrın 3-dən 7-dək Rumıniyanın milli müdafiə kollecində olacaqlar.
Dekabrın 1-dən 31-dək Ankarada yanıqlar zamanı ilk yardım kursu keçirilir. Əməkdaşlıq planına uyğun olaraq kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 Sonraki > Son >>

Sayfa 1742 > 1744
  TKA 2008