TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



“Mehmet Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə - iki şair bir şeir” mövzusunda beynəlxalq elmi panel
Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Mehmet Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə - iki şair bir şeir” mövzusunda beynəlxalq elmi panel keçirilib. Tədbir Ədəbiyyat İnstitutu, TİKA və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə bağlı olduğunu deyib. Akademik bu münasibətlərin dünyada nümunə olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və ədəbiyyat sahələrində də əlaqələrin inkişaf etdiyini söyləyib. İsa Həbibbəyli bildirib ki, ümummilli lider Heydər Əliyevin güclü təməllər üzərində qurduğu Azərbaycan-Türkiyə qardaşlığı bu gün prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli addımları ilə daha da möhkəmlənir. Qeyd edilib ki, türk dünyasının böyük şairləri Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilən birgə tədbirin keçirilməsi bu dostluğa bariz nümunədir. İsa Həbibbəyli Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin türk dünyasında istiqlaliyyət şairi kimi məşhur olduqlarını və sevildiklərini deyib, onların yaradıcılığındakı oxşar cəhətləri diqqətə çatdırıb. Qeyd edib ki, Mehmet Akif Ərsoy Türkiyədə cümhuriyyət ideyalarını ortaya atan, milli düşüncə, istiqlaliyyət fikirlərini yayan, dövlətçilik təfəkküründən çıxış edən şair olub. Əsərlərində Vətənə, torpağa, millətinə sevgi hisslərini aşılayan şairin yaradıcılığı bir məktəbdir. Türkiyənin İstiqlal marşının müəllifi Mehmet Akif Ərsoya ölkəmizdə sevgi, hörmət böyükdür. Xalqımızın istiqlal şairi Bəxtiyar Vahabzadə də Türkiyədə çox yaxşı tanınır, əsərləri böyük sevgi ilə oxunur. Bəxtiyar Vahabzadə hələ keçmiş SSRİ dövründə müstəqillik, milli istiqlal ideyalarından çıxış edib, əsərlərində bu mövzulara geniş yer verib. Onun müstəqillik illərində ölkələrimiz arasında mənəvi körpüləri birləşdirən şair kimi mühüm xidmətləri olub. Bu iki sənətkar istiqlal, milli düşüncə və dövlətçilik ideyalarını öz əsərlərində mükəmməl əks etdiriblər. Mehmet Akif Ərsoy və Bəxtiyar Vahabzadə Azərbaycanın və Türkiyənin ortaq milli, istiqlal şairləridir. Akademik İsa Həbibbəyli beynəlxalq tədbirin ölkələrimiz arasında elmin, ədəbiyyatın inkişafına dəyərli töhfə verəcəyini söyləyib. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Gelibolu tarixi zonasının rəhbəri İsmayıl Kaşdəmir, TİKA Bakı Nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki və digər çıxış edənlər ölkələrimiz arasında dostluq münasibətlərindən, bu əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, eləcə də şairlərin yaradıcılığından söz açıblar. Sonra Azərbaycan və Türkiyədən olan alimlərin Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan məruzələri dinlənilib.
 
  TKA 2008