TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar sessiyasında gənclərin ekstremizmə qarşı mübarizədə rolu məsələsi müzakirə olunub
Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib. BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi. Xanım Leyla Əliyevanın çıxışı -Əziz dostlar. Həmkarlar. Xanımlar və cənablar. İlk növbədə, mən sizin hamınızı gözəl Bakı şəhərində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnun olduğumu bildirirəm. Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır. Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq. Əziz dostlar, təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşma və bütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir. Çünki gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək kimi bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar. Bununla belə gənclərə həddindən artıq təzyiq göstərilməməlidir. Bəzən ən intellektli gənclər belə tam xoşbəxt olmurlar. Ona görə də biz gənclərə dəstək göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan daha çox zövq alsınlar. Yüksək texnologiyanın inkişafı sayəsində biz fikirlərimizi daha sürətlə ifadə edirik. Bizim fikirlərimiz ən güclü enerjilərdəndir, hətta işıq sürətindən də sürətlidir. Dünya bu potensiala investisiya yatırmalı və əmin olmalıdır ki, gənc nəslin inkişaf üçün bütün zəruri imkanları var. Bu gün dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər tərəqqinin təcəssümüdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, gəlin hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər daim əməllə müşayiət olunmalıdır. Hər bir bəşər övladına verilmiş müqəddəs hədiyyə olan intuisiyamızı unutmamalıyıq. Xalqların sülhsevər və dayanıqlı cəmiyyət formalaşdırmasında hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə bəşəriyyətə olan baxışlarını müsbət mənada dəyişə bilərlər. Əziz dostlar, İsa peyğəmbərin dediyi kimi, gəlin uşaqlardan öyrənək. Uşaqlar sözü birbaşa deməyə və yaxşı işlər görməyə can atırlar. Maddiyyat heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan sevgidir, sağlamlıqdır, xoşbəxtlikdir, birlikdir, anlaşmaqdır və bir-birini təmənnasız şəkildə dəstəkləməkdir. Bütün bunları hamımıza diləyirəm. Çox sağ olun.
 
  TKA 2008