TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər
Bakı, 11 aprel, AZƏRTAC Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də keçirilən qanvermə aksiyasında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən həmin uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov bildirib ki, Azərbaycanda təxminən 1500-ə yaxın irsi qan xəstəliyindən əziyyət çəkən xəstə var. Eyni zamanda, cərrahi müdaxilələr və digər əməliyyatlar zamanı da vətəndaşlara qan lazım olur: “Bildiyimiz kimi, hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar qan banklarında qan azlığı yaranıb. Hər zaman olduğu kimi, xalqımız yenə də çətin günlərdə həmrəylik, birlik nümayiş etdirir. Belə ki, çoxsaylı aksiyalar keçirilir və vətəndaşlar ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara öz qanlarını verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva problemin həlli üçün təşəbbüs irəli sürüb. Təşəbbüsə əsasən Heydər Əliyev Mərkəzində qanvermə aksiyası təşkil olunub. Digər qurumları da bu aksiyalara qoşulmağa dəvət edirik”. V.Hüseynov qeyd edib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölgələrdə 8 regional qan mərkəzi var. Milli Hematologiya və Transfuziologiya Mərkəzi regional qan mərkəzlərinə də öz yardım və dəstəyini göstərir. O, belə xeyirxah aksiyaların davam edəcəyinə inandığını bildirib. Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.
 
  TKA 2008