TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



PARİSDƏ ERMƏNİSTANIN MƏDƏNİYYƏTLƏRARASI DİALOQDAN DA QAÇDIĞI VURĞULANMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Mədəniyyət, Elm və Təhsil Komitəsinin qış sessiyası ərəfəsində son toplantısı keçirilmişdir.
İclasda "Avropada müəlliflik hüquqları", "Ən yaxşı Avropa muzeyi mükafatı", "Avropada sərhədsiz elektron mətbuat" mövzularında müzakirələr zamanı AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin məsələlərə öz münasibətini bildirmişdir. Dekabrın 2-3-də Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin beynəlxalq konfransı ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Milli Məclisin deputatı R.Hüseynov həmin mötəbər mərasimdə Avropa Şurasının təmsilçisi olaraq iştirak etmişdir. Azərbaycanlı deputat komitə iclasında çıxışında bildirmişdir: Quruma üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı mədəniyyətlərarası dialoq problemi üzrə indiyədək keçirilmiş bütün bu qəbil toplantılardan həm miqyasına, həm də mövzularının əhatə dairəsinə görə seçilir. Bakı konfransında Avropa Şurasına üzv olan ölkələrdən başqa, bir sıra Şərq dövlətlərindən də mədəniyyətə məsul olan yüksək vəzifəli nümayəndələr iştirak edirdi. 48 ölkədən gəlmiş nazirlər, nazir müavinləri, sənət xadimləri, mütəxəssislərdən savayı, 10 beynəlxalq təşkilat, o cümlədən YUNESKO, İSESKO, Ərəb Dövlətləri Liqası, ALESKO da bu konfransda ən yüksək səviyyədə təmsil olunurdu. Avropa Şurasının üzvü olan ölkələr arasında yalnız Ermənistan bu toplantıya gəlməmişdi. AŞ-nin baş katibi Terri Devis bundan təəssüfləndiyini, Ermənistanın özünü bu layihədən kənarda qoymasının anlaşma və yaxınlaşmaya mane olan hərəkət kimi dəyərləndirmişdir.
R.Hüseynovun bu məlumatı komitə üzvlərində də təəssüf hissi doğurmuşdur. Bu hal Ermənistanın mədəniyyətlərarası dialoqdan qaçması kimi qəbul edilmişdir.
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri toplantısının Bakıda ən yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulamış Rafael Hüseynov, bu tədbirin Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafının, Azərbaycanın bu qurumda getdikcə daha artıq nüfuz qazandığının göstəricisi olduğunu qeyd etmişdir.
Bakı konfransında qəbul edilmiş bəyannaməyə toxunan R.Hüseynov demişdir: Mədəniyyətlər və dinlər arası dialoq problemi Avropa Şurasında son bir neçə ildə daimi müzakirə mövzusu olsa da, ilk dəfədir ki, bu mövzuda beynəlxalq əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Həmin sənədin ikinci mühüm cəhəti ondan ibarətdir ki, indiyədək mədəniyyətlərarası dialoq məsələsi ilə bağlı yalnız nəzəri aspektdə söhbətlər gedirdisə, Bakı bəyannaməsi ilk dəfə bu istiqamətdə praktiki işlərlə bağlı konkret vəzifələr müəyyən edir. Gələcəkdə mədəniyyətlərarası dialoq mövzusu ilə əlaqədar qəbul ediləcək istənilən sənəd üçün Bakı bəyannaməsi başlıca istinad mənbəyinə çevriləcəkdir.
AŞPA-nın Mədəniyyət, Elm və Təhsil Komitəsi deputat R.Hüseynovun məruzəsini yüksək qiymətləndirmiş, mədəniyyət nazirlərinin Bakı konfransını Azərbaycanın mədəniyyətlərarası dialoqun tərəqqisinə layiqli töhfə olduğunu təsdiq etmişdir.

 
  TKA 2008