Kategoriler
Azertac

Botanika İnstitutu Türkiyənin Ege Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 19 dekabr, AZƏRTAC

Türkiyənin Ege Universitetinin Kənd Təsərrüfatı fakültəsinin nümayəndələri professorlar Harun Yalçın, Arif Behiç Tekin və Aykut Güvensen Botanika İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər elmi əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda biomüxtəlifliyin öyrənilməsi üzrə birgə tədqiqatların aparılması, faydalı dərman, efir yağlı, texniki, yem bitkilərinin istifadəsi və müştərək layihələrin təşkilinə dair bir sıra məsələləri müzakirə ediblər.

İnstitutun əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən qonaqlar gələcəkdə elmi əlaqələrin qurulması üçün imkanlar olduğunu vurğulayıblar.

Görüşdə Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, icraçı direktoru Şakir Qasımov, Sistematika və biomüxtəliflik, Geobotanika şöbələrinin rəhbərləri Aydın Əsgərov, Naibə Mehdiyeva iştirak ediblər.

Kategoriler
Azertac

Buxarest Sazişi – Azərbaycan dünya enerji bazarında yerini müəyyənləşdirir

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Buxarestdə imzalanan saziş çox mühüm sənəddir. Bu saziş ölkəmizin enerji strategiyasında başladılan yeni və olduqca önəmli bir prosesin ölkəmizin sərhədlərindən kənara, bizim üçün daha geniş və geoiqtisadi baxımdan müstəsna əhəmiyyət kəsb edən coğrafi məkana daşınmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Neft və qaz sənayesinin ölkəmiz üçün ənənəvi sektor olduğunu qeyd edən E.Mirzəbəyli Azərbaycanın coğrafi məkan olaraq, tarixin ayrı-ayrı dönəmlərində innovasiyaların tətbiqi kontekstində bu sahənin birincilərindən olduğunu bildirib: “Bu o deməkdir ki, enerji istehsalı və ixracı, hətta klassik müstəvidə belə hələ uzun illər ölkə iqtisadiyyatı üçün prioritet təşkil edəcək. Mövcud olan ənənələr və prioritetlər ölkəmizin enerji sektorunun ən müasir texnologiyaların tətbiqi ilə yeni istiqamətlərdə inkişaf etdirilməsi üçün də əlverişli imkanlar yaradır. Buna həm ölkəmizin coğrafi mövqeyi, iqlimi və təbii ehtiyatları, həm iqtisadi potensialı və insan resursları, həm də enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində həyata keçirilən layihələrin yaratdığı reallıqlar da imkan verir”.

Siyasi ekspertin sözlərinə görə, bütün bunlar, eləcə də Azərbaycanda bərpaolunan və yaşıl enerji əsasında elektrik enerjisi istehsalının mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən potensialı ölkəmizin Avropanın enerji təhlükəsizliyinə həm də sözügedən istiqamətlərdə böyük töhfə verə biləcəyini göstərir.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır və ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Budapeştdə imzalanan dördtərəfli saziş isə, Avropa İttifaqının Azərbaycanın enerji sektorundakı yeni strateji hədəflərinə və ölkəmizin bu sahədə də etibarlı, məsuliyyətli tərəfdaş kimi davranışına olan yüksək inamının, etimadının göstəricisi kimi dəyərləndirilməlidir”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, son bir neçə il ərzində sürətlə dəyişən geosiyasi reallıqların fonunda dünya enerji bazarında baş verən kataklizmlər, tükənməyən və ekoloji cəhətdən təmiz olan enerjiyə olan tələbatı sürətlə artırır. Bu isə, öz növbəsində, yaxın onilliklərdə yaşıl enerjinin dünya bazarında ön plana çıxacağından xəbər verir. Azərbaycan isə, hər zaman olduğu kimi, sadəcə gələcəyin reallıqlarına hazırlaşmır, bu reallıqların qurucularından biri kimi çıxış edir, dünya enerji bazarının yeni və gələcək seqmentindəki yerini bu gündən etibarən müəyyənləşdirir.

Kategoriler
Azertac

Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Bakıda Azərbaycan Türkiyə birgə Mədəniyyət Komissiyasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb.

Sənəddə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri əks olunur.

Kategoriler
Azertac

Buxarest Sazişi – Azərbaycan planetar yaşıl təşəbbüskar dövlət mövqeyində

Bakı, 19 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Buxarestə işgüzar səfəri və “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkəmizin beynəlxalq güc kimi önəmini daha da artırdı. Sirr deyil ki, hazırda istənilən dövlət üçün təhlükəsizlik konsepsiyasının ən mühüm aspektlərindən biri, dinc dövrdə isə birincisi enerji təhlükəsizliyidir. Qeyd edilən Sazişin imzalanması ilə Azərbaycan faktiki olaraq Gürcüstan, Rumıniya və Macarıstan dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olmaqla, həm də bu ölkələrin, o cümlədən Avropa İttifaqının milli təhlükəsizliyinin qarantoruna çevriləcək. Əlbəttə, Avropanın 3 inkişaf etməkdə olan vacib ölkəsi ilə bu səviyyədə münasibət, ayrı-ayrı beynəlxalq mexanizmlərdə birgə fəaliyyətdə, habelə eyni mövqedən çıxış etməklə maraqların qorunması baxımdan çox əhəmiyyətlidir. Çünki Tiflis, Budapeşt və Buxarest milli təhlükəsizliyində önəmli rol oynayan Azərbaycanın mövqeyinin güclənməsinə özünün məsələsi kimi baxmalıdır. Digər tərəfdən, heç şübhəsiz ki, Azərbaycan mövcud əməkdaşlıq formatını yalnız bu üç ölkə ilə məhdudlaşdırmayacaq. İmzalanma mərasimində Prezident İlham Əliyev özü də açıq formada bəyan etdi ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Digər vacib məqam isə qurulan infrastrukturla bağlıdır. Daha dəqiq desək, əgər Mərkəzi Asiya ölkələri, yaxud Çin Qərbə elektrik enerjisi ixracı barədə düşünsə, – hansı ki, düşündüyünü də ehtimal etmək çətin deyil, – artıq mövcud infrastruktur Azərbaycanı həm də mühüm tranzit habına çevirəcək.

Prosesin digər mühüm aspekti isə ixracın özü ilə bağlıdır. Birincisi, elektrik enerji ixracını zəngin ehtiyatlara malik olduğumuz neft-qaz nəqli ilə eyniləşdirmək olmaz. Elektrik enerjisi, xüsusən yaşıl enerji tükənməz mənbədən əldə edilir, neft və qazdan fərqli olaraq daimi gəlir deməkdir.

İkincisi, elektrik enerjisi idxal edən hər bir ölkədə bu və ya digər formada enerji istehsalını təmin etmək mümkündür, lakin enerji infrastrukturun qurulması ciddi vəsaitlə yanaşı, həm də siyasi iradə tələb edir. Bu gün reallıq odur ki, Azərbaycan Prezident İlham Əliyevin timsalında mövcud iradəni nümayiş etdirərək enerji nəhənginə çevrilə bilib. Elə bu məqamda başqa bir reallığı da xüsusi qeyd etməliyik, sirr deyil ki, cəmi 25 il əvvəl Azərbaycanın özündə elektrik enerjisi defisiti var idi, kəndlərə gündə bir neçə saat elektrik enerjisi verilirdi və hətta şəhərlərimizdə belə elektrik təchizatında ciddi fasilələr müşahidə olunurdu. Amma bu gün biz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü tədbirlərin nəticəsində həmişə inkişafın ali mərhələsində hesab etdiyimiz Avropa üçün elektrik təchizatçısına çevrilməkdəyik.

Buxarest Sazişinin çox mühüm siyasi aspektlərindən biri isə Azərbaycanın Avropada artıq yaşıl artım ölkəsi kimi tanınmağa başlamasıdır. Yəni, Prezident İlham Əliyevin fəaliyyətində ekoloji məsələlər yalnız siyasi bəyanatlarda ifadə olunmaqla kifayətlənmir. Məsələn, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaq yaxın 10 il üzrə Azərbaycanın özünün milli prioriteti kimi rəsmən təsdiqlənib, eyni zamanda, yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması Azərbaycanı planetar yaşıl təşəbbüskar, bu istiqamətdə aparıcı dövlətlərdən biri mövqeyinə yüksəltməkdədir.

Kategoriler
Azertac

Özbəkistanda ölkəmizdə keçirilən Milli Yaylaq Festivalı haqqında veriliş yayımlanıb

Bakı, 19 dekabr, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın “Yoshlar” telekanalının “Sayohatlar shamoli” verilişində Azərbaycan və Türk xalqlarının min illərə söykənən zəngin yaylaq ənənələri və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə ölkəmizdə hər il keçirilən Milli Yaylaq Festivalı haqqında veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, verilişdə bu il Göygöl rayonunun Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçirilmiş İkinci Milli Yaylaq Festivalı ilə bağlı maraqlı materiallar nümayiş etdirilib.

Jurnalist Mavluda Tashpulatovanın aparıcılığı ilə yayımlanan verilişdə dünyanın 22 ölkəsindən 300-ə yaxın qonağın iştirak etdiyi Milli Yaylaq Festivalının Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaqların və köçəri mədəniyyətin beynəlxalq miqyasda qorunması barədə məlumat əksini tapır.

Aparıcı M. Tashpulatova qeyd edib ki, tədbirdə türk xalqlarının nümayəndələri öz çadırlarının quraşdırılması və tematik guşələrin açılması ilə ölkələrinin mədəniyyətini nümayiş etdiriblər.

Verilişdə “Xan yaylağı”nın ərazisində yerləşən “Yaylaq yurdu”nda yaradılmış etno-qəsəbədə “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr nümayiş etdirilir və onlar haqqında geniş məlumat verilir.  Hazırlanmış proqramda tamaşaçılar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının, yerli kollektivlərin çıxışları, milli rəqslər, xalq mahnıları, Azərbaycan mədəniyyətinin nümunələri, səhnə və teatr kompozisiyaları, qədim xalq oyunları, əl işləri, milli geyim nümunələri ilə tanış ola biliblər.

Qeyd olunur ki, Milli Yaylaq Festivalı həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələri və mədəniyyətlərinin qarşılıqlı tanıdılması, bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır.

Müəllif vurğulayır ki, festivalda idman oyunları, atçılıq oyunları , yarışları, səhnəciklər və milli idman növləri nümayiş etdirilib, mədəni-etnoqrafik hissəyə aşıq mahnıları, milli rəqslər (yallı, cəngi), xalq mahnıları, skit və tamaşalar daxil edilib.

Verilişdə festivalda “Yaylaq (idman) oyunları” şərti adı altında qədim ənənələrə əsaslanan yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışlar, nümunəvi çıxışlar nümayiş olunub.

Kategoriler
Azertac

Azərbaycan, Türkiyə və Türkmənistan bir-birinə ortaq mənəvi dəyərlərlə sıx bağlıdırlar

Bərdə, 17 dekabr, AZƏRTAC

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının geniş və məhdud tərkibdə görüşlərinin keçirilməsidir. Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşü bir daha türk dünyası birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin önəminə işıq saldı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.

Təşkilatın sədri bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi istiqamətində davamlı addımlar atılır. Bunu Prezident İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin davamlı xarakter alması, ölkələr arasında müxtəlif sahələrin inkişafına xidmət edən sənədlərin imzalanması və sair kimi addımlar da təsdiqləyir. Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində 6 sənədin imzalanması da bu tərkibdəndir. Yeni əməkdaşlıq formatının yaradılması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinə imkanlar yaradacaq.

“Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Ötən il 15 İyun – Milli Qurtuluş Günündə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşa Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi dünyaya bir mesaj oldu. Bu, birlik, həmrəylik, sülh, əməkdaşlıq mesajı idi. Vətən müharibəsinin başlandığı gündən “Azərbaycan tək deyil” bəyanatını səsləndirməklə dünyaya mesajını çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövrünün mühüm hadisələrində də Azərbaycan Prezidentinin yanında oldu. Dünyaya Zəfərimizin təqdimatı olan Zəfər paradından başlayaraq Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılmasına qədər dünya Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığının şahidi oldu”, – deyə Fəqət Şadlinskaya qeyd edib.

O əlavə edib ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, mühüm sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək: “Hər üç ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif sahələrdə genişlənən, daha da möhkəmlənən əlaqələrimiz onu deməyə əsas verir ki, Azərbaycan, Türkiyə və Türkmənistan yeni əməkdaşlıq formatını yaratmaqla bu birliyə töhfələrini artırmaq niyyətindədirlər”.

Kategoriler
Azertac

Azərbaycanla Türkiyə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq edəcəklər

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 4-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, bu sənədin 1-ci hissəsində qeyd olunan Fəaliyyət Planı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə Fəaliyyət Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Kategoriler
Azertac

Türkiyədə Avropanın ən nəhəng yeraltı qaz anbarının açılışı olub

Ankara, 16 dekabr, AZƏRTAC

Türkiyədə Avropanın ən nəhəng “Silivri” yeraltı təbii qaz anbarının (genişlənmiş versiya) açılışı münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki çıxışında Türkiyənin çoxistiqamətli inkişafından danışıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin uğurlu Zirvə görüşü üç qardaş ölkənin iqtisadi inkişafına böyük təsir göstərəcək.

Energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkənin enerji siyasətinin icra vəziyyəti barədə məlumat verib.

Xatırladaq ki, “Silivri” yeraltı qaz anbarının 3,2 milyard kubmetr həcmində olan tutumu genişləndikdən sonra 4,6 milyard kubmetr, gündəlik ixrac imkanı isə 28 milyon kubmetrdən 75 milyon kubmetrə çatdırılıb.

“Silivri” su sahəsində Piri Mehmet Paşa və Ali Paşa adlı, hər biri tam Türkiyə istehsalı olan iki platforma qurulub, bu ərazilərdəki 18 quyuda genişləndirmə işləri aparılıb.

Kategoriler
Azertac

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq platformaları yaradılacaq

Bakı, 16 dekabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq platformalarının yaradılması müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşü barədə məlumat verən nazir deyib: “Görüşdə türk dövlətlərinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb, üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr aparılıb”, – deyə M.Cabbarov qeyd edib.

Kategoriler
Azertac

Siyasi ekspert: Türkmənistan türk dünyasının Mərkəzi Asiyaya açılan qapısıdır

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Türkmənbaşı şəhərində keçirilən Zirvə Görüşü hər üç ölkənin və bütövlükdə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əlaqələrinin, eləcə də qarşılıqlı münasibətlərin ortaq hədəflər və strateji müttəfiqlik münasibətləri müstəvisindən inkişafı üçün tarixi əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli Azərbaycan-Türkiyə münasibətlərinin, həmçinin iki dövlət arasındakı iqtisadi-siyasi və müdafiə sahələri də daxil olmaqla, müasir dövrdə dövlətlərarası əlaqələrin bütün istiqamətləri üzrə həyata keçirilən əməkdaşlığın real nəticələrinin türk dövlətləri birliyinin də cazibədarlığını artırdığını bildirib. Onun sözlərinə görə, bu prosesə qardaş Türkmənistanın da fəal şəkildə qoşulması və qarşılıqlı münasibətlərin inkişafına hərtərəfli töhfə vermək niyyətini əməli addımlarla büruzə verməsi mühüm önəm kəsb edir. Əgər Azərbaycan qardaş Türkiyə də daxil olmaqla, türk dövlətləri arasında həm ideoloji, həm də coğrafi baxımdan körpü rolunu oynayırsa, Türkmənistan türk dünyasının Mərkəzi Asiyaya, sözügedən regionda yerləşən dost və qardaş ölkələrin Xəzər üzərindən Cənubi Qafqaza, subregiona və daha geniş əraziyə açılan qapısıdır. Türkmənistan, eyni zamanda, Asiya və Avropa arasında yükdaşımalarının vaxt və maliyyə baxımından optimallaşmasında mühüm, bəlkə də aparıcı seqmentə çevriləcək. Bu ölkə Türk dünyası üçün strateji əhəmiyyət daşıyan “Orta Dəhliz” (Transxəzər) üzərində önəmli coğrafi mövqeyə, logistik imkanlara malikdir. Müasir dövrdə “dəhliz” anlayışının daha geniş məna daşıdığını və təkcə nəqliyyat sahəsini deyil, həmçinin paralel olaraq enerji sektorunu da əhatə etdiyini nəzərə alsaq, nəhəng təbii ehtiyatlara, o cümlədən böyük neft və qaz resurslarına malik türk dövlətlərinin öz imkanlarını bir araya gətirəcəkləri təqdirdə nə qədər böyük bir potensiala sahiblənəcəklərini təxmin edə bilərik.

“Üçtərəfli Zirvə Görüşündə diqqət çəkən amillərdən biri də müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələrdir. Bu gün beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə ayrı-ayrı güc mərkəzlərinin nümayiş etdirdiyi sayğısızlığın fonunda beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxması öz milli dövlətçilik ənənələri və dəyərləri üzərindən müstəqil inkişaf yolu seçən xalqları və dövlətləri ciddi çağırışlar qarşısında qoyub. Düzənini itirmiş və sərt reallıqlarla müşayiət olunan beynəlxalq münasibətlər sisteminin, yumşaq, amma əzici iqtisadi-siyasi təzyiqlərin, dəyişkən geosiyasi alqoritmlərin qarşısında duruş gətirməyin və inkişaf etməyin yeganə düsturu ortaq dəyərlər, hədəflər və səmimi qardaşlıq, dostluq münasibətləri üzərində qurulan əməkdaşlıq platformalarıdır. Məhz bu baxımdan, türk xalqlarının və dövlətlərinin birliyi ilə bağlı on illər öncə Azərbaycandan yüksələn ideyaların, yenə də Azərbaycandan, Naxçıvan Bəyannaməsindən başlayan yolun, mübaliğəsiz olaraq, yüz il öncəni görə bilən strateji zəkanın, ağılın, idrakın gözünün məhsulu olduğunu deyə bilərik.

Gözümüzün önündə əsrlər boyu əcdadlarımızın düşüncəsinə hakim kəsilən tarix yazılır. Dekabrın 14-də Türkmənistanda keçirilən Üçtərəfli Zirvə Görüşü də bu tarixin əhəmiyyəti illər sonra daha aydın görünəcək çox önəmli bir parçasıdır.