W 151627656638615098062 1000x669

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 30-da qardaş ölkəyə yola salınıb.

AZƏRTAC xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunun tərkibində 100 əməkdaş Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşüb. Qrupun üzvləri Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və yanğınsöndürənlərə müvafiq tapşırıqlar verib.

E.Mirzəyev jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 əməkdaşı Türkiyənin Dalaman bölgəsinə göndərilir. Bildiyiniz kimi, son vaxtlar Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində insan tələfatı olub. Bununla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə yanğın nəticəsində həlak olanların yaxınlarına və qohumlarına başsağlığı verib, yararlılara şəfa diləyib”.

Nazir müavini Türkiyəyə göndərilən dəstə üzvlərinin fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunduqlarını vurğulayıb: “Dəstə üzvlərinin hamısı təcrübəli yanğınsöndürənlərdir. Onlar verilən tapşırıqların öhdəsindən lazımi səviyyədə gələ biləcəklər. Hazırda 500 nəfərdən artıq canlı qüvvə, 2 helikopter və 50-dən çox texnika yanğınların söndürülməsi işinə cəlb olunması üçün tam hazır vəziyyətə gətirilib. Əgər əlavə tapşırıq olarsa, biz onları da Türkiyəyə yola salmağa hazırıq”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email