16317105515545518880 1000x669

Avrasiya Media Forumunda türk dünyasında vahid informasiya məkanının yaradılması təklif olunub

Nur-Sultan, 15 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyası XVII Avrasiya Media Forumunun təşkilat komitəsi ilə birlikdə “Türkdilli ölkələrdə media. Yeni reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Tacikistandan tanınmış media menecerləri və ekspertlər dəyirmi masada iştirak ediblər.

Azərbaycandan politoloq, teleaparıcı Tofiq Abbasov, Türkiyənin NTV telekanalının Xarici xəbər xidmətinin meneceri Ahmet Yeşiltepe, Macarıstan “Duna TV” şirkətinin direktoru Palfi İstvan, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Türkmənistan Dövlət Xəbər Agentliyinin (TDH) direktor müavini, “Avesta” İnformasiya Agentliyinin baş redaktoru Janothan Kurbanovanın qatıldıqları görüşdə türk dünyası ilə Mərkəzi Asiya ölkələri arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparıblar.

Çıxış edənlər türk dünyası KİV-lərinin yeni reallıqlarda əməkdaşlığı inkişaf etdirməsinin və təcrübə mübadiləsi aparmasının, həmçinin qarşıda duran maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, türkdilli ölkələrin televiziya tarixi layihələrinin mübadiləsi üçün platforma yaratmağı təklif ediblər.

İştirakçılar türk dünyasında vahid informasiya məkanının yaradılması perspektivləri və KİV-lər arasında mübadilə dəhlizinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən jurnalistlərin və media təmsilçilərinin Forumda onlayn iştirakı təmin olunur.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email