16353300221809715691 1000x669

Qobustan qoruğu Qazaxıstanın Tanbalı qoruğu ilə əməkdaşlıq edəcək

Bakı, 27 oktyabr, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin rəhbərlik etdiyi heyət Qazaxıstan Respublikasında olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günündə heyət Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetini ziyarət edib. Qazaxıstan Respublikasının dövlət suverenliyinin 30-cu ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində universitetdə Qobustan qayaüstü abidələrindən bəhs edən sərgi təşkil olunub.

Sərginin açılışında Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ülvi Baxşəliyev, Qazaxıstanın Tanbalı Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruq-Muzeyinin direktoru Madyar Amirqaliyev, Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin prorektoru Aliya Masalimova iştirak ediblər.

Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin rəhbərliyi Vüqar İsayevə qazax xalçası hədiyyə olunub. Qobustan Milli Tarix-Bədii Qoruğu adından Qobustan qayaüstü abidələrindən bəhs edən kitab və kataloqlar universitetin kitabxanasına təqdim edilib.

Azərbaycanın və Qazaxıstanın UNESCO-nun Dünya İrsi Siyahısına salınmış məkanları – Qobustan Milli Tarix-Bədii Qoruğu ilə Tanbalı Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruq-Muzeyi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Tanbalı qoruq-muzeyində keçirilən mərasimdə, həmçinin Qobustan abidələrini əks etdirən sərgi açılıb.

Memoranduma əsasən, birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, geniş təcrübə mübadiləsinin aparılması və mədəni-maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mərasimdə çıxış edən Vüqar İsayev memorandumun hər iki qayaüstü incəsənət abidəsinin öyrənilməsi və təbliğinə, o cümlədən iki ölkə arasında elmi və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini deyib. Qeyd edib ki, sənədə əsasən, Qobustan Milli Tarix-Bədii Qoruğunda Tanbalı qayaüstü incəsənət abidələrindən bəhs edən sərgi təşkil olunacaq.

Tədbirdə Qazaxıstanın Əl-Fərabi Dövlət Universiteti ilə Qobustan qayaüstü abidələrinin öyrənilməsi və təbliği istiqamətində eyni məzmunlu memorandumun bağlanılması barədə ilkin razılığa gəlindiyi də diqqətə çatdırılıb. Həmin sənədə əsasən, universitetin muzeyşünaslıq ixtisası üzrə magistr səviyyəsində təhsil alan tələbələrin Qobustan qoruğunda ikihəftəlik təcrübə keçmələri nəzərdə tutulur.

Tədbirdən sonra keçirilən mətbuat konfransında Vüqar İsayev jurnalistlərin suallarını cavablandırıb, Qazaxıstanın televiziya kanallarına müsahibələr verib.

Sonda iştirakçılar üçün Tanbalı qayaüstü abidələrinə ekskursiya təşkil edilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email