16382785116403835016

Aşıq Ələsgərin yubileyi Türkiyənin Sivas şəhərində qeyd olunub

Ankara, 30 noyabr, AZƏRTAC

Türkiyənin Sivas şəhərində Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nəşr etdiyi “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.

TÜRKSOY-un katibliyindən AZƏRTCA-a verilən məlumata görə, toplantıdan əvvəl mərasimdə iştirak edəcək Azərbaycan və Türkiyəni təmsil edən heyət Sivas valisi Salih Ayhan və Sivas Bələdiyyəsinin sədri Hilmi Bilgin tərəfindən ayrı-ayrılıqda qəbul edilib. Heyətə rəhbərlik edən Elçin Qafarlı hər iki məsul şəxsə TÜRKSOY nəşrlərini, eləcə də valiyə “Zəfər salnaməsi” kitabını və bələdiyyə sədrinə “Qarabağ” kitabını hədiyyə edib.

Məlumatda bildirilir ki, mərasimin rəsmi hissəsində Sivas valisinin müavini Şakir Önər Öztürk, Sivas Bələdiyyəsinin sədr müavini Turan Topgül və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış ediblər.

“Ulu Göyçə” sənədli filminin nümayişindən sonra tədbir panel iclasla davam etdirilib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, “Ozan dünyası-aşıq yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Musa Nəbioğlu və tədqiqatçı alim Doğan Kayanın Aşıq Ələsgərlə bağlı çıxışları dinlənilib.

Daha sonra “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.

Çıxışlarda, hələ sağlığında aşıq sənətinin əvəzedilməz ustadı adını qazanan aşıq Ələsgərin yüksək insani keyfiyyətləri, bənzərsiz yaradıcılığı, sazın, simin və sözün qüdrəti ilə insanlara zövq verən ifaları ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, türk dünyasının ortaq mədəniyyət sərvəti olan Aşıq Ələsgər yaradıcılığı zəngin irs kimi bundan sonra da öyrənilməli, araşdırılmalı və təbliğ edilməlidir. Vurğulanıb ki, onun yaradıcılığının bütün istiqamətləri, gətirdiyi yeniliklər müasir aşıq sənətinin inkişafında əvəzsiz səltənətdir.

TÜRKSOY və Sivas Valiliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin bədii hissəsində aşıqlar Ramin Qarayev, Yavuz Altay Ərkani və Ruhsati Eroğlunun nəfis ifaları olub.

Qeyd edək ki, “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabı Türkiyənin tanınmış şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email