16385160003663540464 1000x669

Azərbaycanın xarici işlər naziri niderlandlı həmkarına bölgədəki vəziyyət barədə məlumat verib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Ben Knapenlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son inkişaf barədə ətraflı məlumat verib, üçtərəfli bəyanatların icrası, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşması və delimitasiya danışıqlarına başlamağın əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.

Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayan nazir Ceyhun Bayramov, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirib, xarici ölkələrin ictimaiyyətinin, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email