Oan

Anar Məmmədov: Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib

Bakı, 19 may, AZƏRTAC

Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri və Rize-Artvin Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi iki qardaş ölkənin əməkdaşlığını yeni mərhələyə çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğulduğu Rizedə beynəlxalq hava limanının açılışında Azərbaycan Prezidentinin iştirak etməsi çox əlamətdar hadisədir. Dövlətimizin başçısının bu tədbirə dəvət olunması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Həmçinin bir daha sübut edildi ki, Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib, dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu diqqətə çatdıran A.Məmmədov vurğulayıb ki, bu birlik və qardaşlıq iki liderin yorulmaz fəaliyyəti ilə öz zirvəsini yaşayır. “44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu”, – deyə deputat qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimində İkinci Qarabağ müharibəsində Zəfərimizi bizim müştərək, ortaq şanlı tariximiz olduğunu qeyd etdi. Dövlətimizin başçısının “Otuzillik işğala son qoyduq və müharibənin ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Bu, bir daha bütün dünyaya Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməlinin qoyulmasını göstərdi.

A.Məmmədov bildirib ki, hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

“Bu gün fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb”, – deyə Anar Məmmədov vurğulayıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email