16560842814226544272 1000x669

Sahibə Qafarova: TÜRKPA-nın adının dəyişdirilməsi onun tarixində yeni bir səhifə açır

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində TÜRKPA-nın 11-ci plenar İclasının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib. Mətbuat konfransında təşkilata üzv dövlətlərin parlament sədrləri iştirak ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələrinə tədbirin yekunları ilə bağlı açıqlama verib. Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir və qardaş ölkələrin parlamentləri arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirir.

O, TÜRKPA-nın 11-ci plenar iclasının uğurla başa çatdığını bildirərək, həm şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu qeyd edib. Gündəliyə daxil olan bütün məsələlərin işgüzar şəraitdə müzakirə olunduğunu və müvafiq qərarlar qəbul edildiyini diqqətə çatdıran Sahibə Qafarova xüsusilə TÜRKPA-nın 11-ci plenar iclası çərçivəsində qəbul edilmiş ən mühüm qərarlardan biri kimi, “Türkdilli Ölkələrin Parlament Assambleyası”nın adının “Türk Dövlətləri Parlament Assambleyası”na dəyişdirilməsini qeyd edib. O, bu qərarın təşkilatımızın tarixində keyfiyyət baxımından yeni bir səhifə açdığını və qarşılıqlı etimad və dəstəyə əsaslanan parlamentlərarası əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi niyyətindən irəli gəldiyini vurğulayıb.

Qeyd olunub ki, qurumun ayrı-ayrı komissiyalarının iclasları, qarşılıqlı maraq doğuran mövzulara həsr edilmiş seminarlar, qanunvericilik sahəsində təcrübə paylaşımı, seçki və referendum müşahidə missiyaları TÜRKPA-nın məhsuldar fəaliyyətinin nəticələridir. Xüsusən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz və səmərəli əməkdaşlığımız da uğurla davam etdirilir. O, həmçinin 11-ci plenar iclasın yekunlarına dair qəbul olunmuş Çolpon-Ata Bəyannaməsinin də əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, Bəyannamədə bir çox önəmli məsələlərə dair fikir birliyimiz və ortaq mövqeyimiz öz əksini tapıb. Bu mənada, Bəyannamə qardaş ölkə parlamentlərinin qarşılıqlı etimad və dəstəyi baxımından əhəmiyyətlidir.

Milli Məclisin sədri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası və yenidən qurulması istiqamətində göstərdiyi səylərlə bağlı Azərbaycan Respublikası ilə həmrəyliyin nümayiş etdirilməsinə, türk dövlətləri arasında daha qısa və effektiv nəqliyyat bağlantısı olacaq Zəngəzur dəhlizinin təşviqinə görə qardaş ölkə parlamentlərinə öz təşəkkürünü bildirib.

Yekunda Sahibə Qafarova əminliyini ifadə edib ki, TÜRKPA-nın Çolpon-Ata şəhərində keçirilmiş 11-ci plenar iclası təşkilatın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Milli Məclisin sədri toplantıda qəbul edilmiş qərarların qardaş xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsi, birgə maraqlarımızın müdafiəsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email