İstanbul, 2 avqust, AZƏRTAC
Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 1-də Odessadan hərəkət edən ilk gəmi İstanbulun Boğaziçi sahillərində lövbər salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Syerra-Leone bayrağı altında üzən 27 min ton qarğıdalı yüklü “Razoni” adlı quru yük gəmisi avqustun 3-də səhər saatlarında İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Livana doğru hərəkət edəcək.
İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.