Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan ərazilərində yenə də 350 mina tapılıb, avqust ayından etibarən 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-ə yaxın mina aşkarlanıb. Bununla bağlı Azərbaycan tərəfindən Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov dəvət olunmuşdu ki, o, yaranmış vəziyyətlə tanış olsun. Azərbaycan tərəfdən bütün sənədlər rəsmiləşdirilir və müvafiq beynəlxalq qurumlara təqdim edilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi tamamilə qəbuledilməzdir. Bu, postmünaqişə normallaşmasına vurulan ən ciddi zərərdir.
“2021-ci ildə istehsal olunan minaların Azərbaycan ərazilərinə daşınması yalnız Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bu da üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizinin istifadə qaydalarına ziddir. Hesab edirik ki, buna son qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfindən bundan sonra da bütün lazımi addımlar atılacaq”, – deyə nazir qeyd edib.