Oan

TÜRKSOY-un tarixi missiyasının təşəkkülündə Heydər Əliyevin misilsiz xidmətləri

Ankara, 14 dekabr, AZƏRTAC

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında “Heydər Əliyev və TÜRKSOY” mövzusunda konfrans və “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə TÜRKSOY tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, millət vəkilləri, geniş ictimaiyyətin təmsilçiləri, tanınmış alimlər və ədəbiyyatçılar, Ümummilli Lider Heydər Əliyev ilə ünsiyyətdə olmuş şəxslər, azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Əvvəlcə TÜRKSOY-un foyesində Ulu Öndərin həyat yolunu əks etdirən kitab və fotosərginin açılışı olub. İştirakçılara Ulu Öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyəti, eləcə də sərgilənən nadir kitab və fotolar barədə ümumi məlumat verilib.

Konfransın açılış mərasimində nümayiş etdirilən qısa filmdə Ulu Öndər Heydər Əliyevin TÜRKSOY-la bağlı fikirləri və təşkilatın təmsilçiləri ilə keçirdiyi görüşlər əksini tapıb.

TÜRKSOY-un Baş katibi Sultan Rayev açılış nitqində Ümummilli Liderin TÜRKSOY-un yaranmasında rolunu və təşkilata göstərdiyi xüsusi diqqəti tarixi missiya kimi dəyərləndirib. Ulu Öndərin şəxsiyyətinin ucalığı faktlar əsasında təqdim olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolundan, müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasındakı misilsiz xidmətlərindən danışaraq Ulu Öndərin türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərdiyini vurğulayıb.

Baş katib və səfir AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının müəllifi olduğu təqdimatı keçirilən “TÜRKSOY-un mübarək yolu” kitabını türk dünyasının mədəniyyət diplomatiyasındakı uğurları tərənnüm edən mühüm əyani vəsait kimi dəyərləndiriblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdət Ünivar və İğdırın sabiq bələdiyyə sədri Əli Ağrı Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər.

Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə ucalmasına diqqət çəkən millət vəkili Şamil Ayrım 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq iki qardaş ölkənin və xalqın hər zaman bərabər olacağını bildirib.

Rektor Necdət Ünivar Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə dahi şəxsiyyətin özünün universitetin həyətində əkdiyi ağacın dibinə Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş torpağın səpildiyini bildirib.

Sabiq bələdiyyə sədri Əli Ağrı Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbər kimi gəlişini Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyası üçün tarixi xilaskarlıq şansı adlandırıb.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov xalqımızın böyük oğlu Heydər Əliyevin hələ SSRİ rəhbərliyində olduğu dövrdə türk respublikalarında elm, mədəniyyət və təhsilin inkişafı üçün gördüyü işlərdən bəhs edib. Görkəmli alim vurğulayıb ki, bütün bu tarixi işlərə görə, dahi şəxsiyyət yalnız Azərbaycanda deyil, bütün türk dünyasında xalq məhəbbəti qazanıb.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ulu Öndərin liderlik keyfiyyətlərini, Vətən sevgisini, xalqa bağlılığını vurğulayıb, onun türk dövlətlərinin birliyinin əsasını qoyduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Ümummilli Lider Heydər Əliyevin XX əsrdə Azərbaycan mədəniyyətinin formalaşmasına verdiyi töhfələri milli qənimət kimi dəyərləndirib.

***

Tədbirin ikinci hissəsində “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib.

Əsərin ərsəyə gəlməsi prosesi barədə məlumat verən müəllif Sabir Şahtaxtı nəşrin işıq üzü görməsində əməyi olan şəxslərə, eləcə də belə bir yüksək səviyyəli təqdimata görə, TÜRKSOY-a və Azərbaycan səfirliyinin rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib.

Təqdimat barədə şərh verən Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu diqqətə çatdırıb ki, əsərin “TÜRKSOY Liderlərin baxışında” adlı birinci fəslində Ümummilli Lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirləri dahi şəxsiyyətin türk dünyasının birliyinə və həmrəyliyinə göstərdiyi diqqət və qayğının göstəricisidir.

Tədbirlərdəki bütün çıxışlarda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Azərbaycanda mədəniyyətin inkişafına, tarixi şəxsiyyətlərin tanınmasına, milli sərvətimiz olan tarixi əsərlərin tərcüməsinə və çoxtirajlı nəşrinə, o cümlədən TÜRKSOY-un fəaliyyətinin timsalında türk dünyasının mədəniyyət diplomatiyasının formalaşmasına, inkişafına və təşəkkülünə verdiyi dəyər, diqqət və qayğı yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, məhz bütün sahələr kimi mədəniyyəti də əhatə edən milli təmayüllü fəaliyyət, sərgilənən qətiyyətli mövqe sayəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri adını qazanaraq, bütün türk dünyasının sevimlisinə çevrilib.

Tədbirin sonunda “TÜRKSOY-un mübarək yolu” kitabına görə, yazıçı Sabir Şahtaxtıya “Əhməd Cavad” medalı təqdim edilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email