Oan

Azərbaycan, Türkiyə və Türkmənistan bir-birinə ortaq mənəvi dəyərlərlə sıx bağlıdırlar

Bərdə, 17 dekabr, AZƏRTAC

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının geniş və məhdud tərkibdə görüşlərinin keçirilməsidir. Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşü bir daha türk dünyası birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinin önəminə işıq saldı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.

Təşkilatın sədri bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi istiqamətində davamlı addımlar atılır. Bunu Prezident İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin davamlı xarakter alması, ölkələr arasında müxtəlif sahələrin inkişafına xidmət edən sənədlərin imzalanması və sair kimi addımlar da təsdiqləyir. Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində 6 sənədin imzalanması da bu tərkibdəndir. Yeni əməkdaşlıq formatının yaradılması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinə imkanlar yaradacaq.

“Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Ötən il 15 İyun – Milli Qurtuluş Günündə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşa Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi dünyaya bir mesaj oldu. Bu, birlik, həmrəylik, sülh, əməkdaşlıq mesajı idi. Vətən müharibəsinin başlandığı gündən “Azərbaycan tək deyil” bəyanatını səsləndirməklə dünyaya mesajını çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövrünün mühüm hadisələrində də Azərbaycan Prezidentinin yanında oldu. Dünyaya Zəfərimizin təqdimatı olan Zəfər paradından başlayaraq Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılmasına qədər dünya Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığının şahidi oldu”, – deyə Fəqət Şadlinskaya qeyd edib.

O əlavə edib ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, mühüm sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək: “Hər üç ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif sahələrdə genişlənən, daha da möhkəmlənən əlaqələrimiz onu deməyə əsas verir ki, Azərbaycan, Türkiyə və Türkmənistan yeni əməkdaşlıq formatını yaratmaqla bu birliyə töhfələrini artırmaq niyyətindədirlər”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email