Oan

Buxarest Sazişi – Azərbaycan dünya enerji bazarında yerini müəyyənləşdirir

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Buxarestdə imzalanan saziş çox mühüm sənəddir. Bu saziş ölkəmizin enerji strategiyasında başladılan yeni və olduqca önəmli bir prosesin ölkəmizin sərhədlərindən kənara, bizim üçün daha geniş və geoiqtisadi baxımdan müstəsna əhəmiyyət kəsb edən coğrafi məkana daşınmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Neft və qaz sənayesinin ölkəmiz üçün ənənəvi sektor olduğunu qeyd edən E.Mirzəbəyli Azərbaycanın coğrafi məkan olaraq, tarixin ayrı-ayrı dönəmlərində innovasiyaların tətbiqi kontekstində bu sahənin birincilərindən olduğunu bildirib: “Bu o deməkdir ki, enerji istehsalı və ixracı, hətta klassik müstəvidə belə hələ uzun illər ölkə iqtisadiyyatı üçün prioritet təşkil edəcək. Mövcud olan ənənələr və prioritetlər ölkəmizin enerji sektorunun ən müasir texnologiyaların tətbiqi ilə yeni istiqamətlərdə inkişaf etdirilməsi üçün də əlverişli imkanlar yaradır. Buna həm ölkəmizin coğrafi mövqeyi, iqlimi və təbii ehtiyatları, həm iqtisadi potensialı və insan resursları, həm də enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində həyata keçirilən layihələrin yaratdığı reallıqlar da imkan verir”.

Siyasi ekspertin sözlərinə görə, bütün bunlar, eləcə də Azərbaycanda bərpaolunan və yaşıl enerji əsasında elektrik enerjisi istehsalının mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən potensialı ölkəmizin Avropanın enerji təhlükəsizliyinə həm də sözügedən istiqamətlərdə böyük töhfə verə biləcəyini göstərir.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır və ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Budapeştdə imzalanan dördtərəfli saziş isə, Avropa İttifaqının Azərbaycanın enerji sektorundakı yeni strateji hədəflərinə və ölkəmizin bu sahədə də etibarlı, məsuliyyətli tərəfdaş kimi davranışına olan yüksək inamının, etimadının göstəricisi kimi dəyərləndirilməlidir”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, son bir neçə il ərzində sürətlə dəyişən geosiyasi reallıqların fonunda dünya enerji bazarında baş verən kataklizmlər, tükənməyən və ekoloji cəhətdən təmiz olan enerjiyə olan tələbatı sürətlə artırır. Bu isə, öz növbəsində, yaxın onilliklərdə yaşıl enerjinin dünya bazarında ön plana çıxacağından xəbər verir. Azərbaycan isə, hər zaman olduğu kimi, sadəcə gələcəyin reallıqlarına hazırlaşmır, bu reallıqların qurucularından biri kimi çıxış edir, dünya enerji bazarının yeni və gələcək seqmentindəki yerini bu gündən etibarən müəyyənləşdirir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email