Kategoriler
Azertac

Türkiyədə meşə yanğınlarının qarşısını almaq üçün yeni qurum yaradılıb

İstanbul, 5 fevral, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının qarşısının operativ şəkildə alınması üçün Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdində Aviasiya Baş İdarəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, idarə baş verə biləcək yanğınlar zamanı aviasiya xidmətlərinin yerinə yetirilməsi üçün kadr planlaşdırılması ilə yanaşı, zəruri hava vasitələrinin və digər avadanlığın satın alınması, icarəyə verilməsi, hazırlanması, eləcə də təhlükəsiz istifadəsini təmin edəcək.

Bundan əlavə, hava vasitələrinin texniki qulluğu, təmiri, modifikasiya və xidmət bülleteni tətbiqlərinin səlahiyyətli yerli və ya xarici texniki xidmət mərkəzlərində həyata keçirilməsi, uçuş, reyestr və texniki xidmət qeydləri ilə bağlı iş və əməliyyatların həyata keçirilməsi, aviasiya vasitələrinin uçuş və yer təhlükəsizliyi ilə bağlı fəaliyyətlərini yerinə yetirmək də idarənin vəzifələri arasında yer alır.

Kategoriler
Azertac

Şuşa məhəllələri: Merdinli məhəlləsi

Şuşa, 5 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri Merdinli məhəlləsidir. Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir.

Şuşa şəhərinin digər tarixi məkanları kimi, Merdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII-XIX əsrlərdə inşa edilmiş tikililəri dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər.

Kategoriler
Azertac

Daşkənddə “Əlişir Nəvai və XXI əsr” mövzusunda onlayn konfransda Azərbaycan alimləri də çıxış edib

Daşkənd, 5 fevral, AZƏRTAC

Daşkənddəki Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” mövzusundakı onlayn elmi-praktik konfransda Azərbaycan alimləri də çıxış edib.

AZƏRTAC xəbər verir ki, konfransa Özbəkistandan və Azərbaycandan başqa Türkiyə, Rusiya, Tacikistan, Əfqanıstan və digər ölkələrin alimləri qatılıb.

Konfransı universitetin rektoru, professor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Nizami Gəncəvi və Məhəmməd Füzuli özbək xalqı üçün nə qədər doğma və əzizdirsə, Əlişir Nəvai də Azərbaycan xalqı üçün o qədər doğma və əzizdir. Azərbaycan alimləri Əlişir Nəvai ilə bağlı keçirilən konfranslarda həmişə həvəslə iştirak ediblər. Əlişir Nəvai özbək xalqının dünya ədəbiyyatına bəxş etdiyi nadir simadır. Böyük şair ortaq türk ədəbiyyatının zirvəsində dayanan böyük ustaddır. Əlişir Nəvai böyük şair, dilçi alim, tarixçi, filosof olmaqla yanaşı, həm də dövlət xadimidir. Böyük şairin “Xəmsə”si o dövrdə yaradılan “Xəmsə”lər arasında xüsusi yer tutur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin fövqündə duran şəxsiyyətlərdən biridir. O deyib ki, Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof kimi tanınır. Əlişir Nəvai deyəndə özbək dilinin yaradıcısı, XV əsr ədəbi intibahın əsas sütunlarından biri, türkcə yazılmış ilk “Xəmsə”nin müəllifi nəzərdə tutulur.

AMEA Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin son dastanındakı tarixin nağılı” mövzusundakı məruzəsi də maraqla qarşılanıb.

Kategoriler
Azertac

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 14 terrorçunu zərərsizləşdirib

İstanbul, 5 fevral, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində daha 14 terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Terrorçular “Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdiriblər.

Əməliyyatlar davam edir.

Kategoriler
Azertac

Şimali Makedoniyadakı Osmanlı arxivi

Bakı, 3 fevral, AZƏRTAC

Uzun müddət Şimali Makedoniyada taleyin ixtiyarına buraxılmış minlərlə Osmanlı sənədinin təsnifatı və makedon dilinə tərcüməsi davam edir.

AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, təxminən 5 əsrlik bir dövrə aid olan sənədlərdən tərcüməsi tamamlananlar ictimaiyyətlə paylaşılır.

İndiki Şimali Makedoniya təxminən 5 əsr Osmanlı İmperiyasının hakimiyyəti altında olub. Bu dövrdə zəngin dövlət arxivi formalaşıb. Osmanlının 1913-cü ildə Balkanlardan çəkilməsi ilə arxiv tozlu rəflərdə unudulub. Arxivdə sultanın fərmanlarından tutmuş əyalət idarəsinin əmanətlərinə qədər müxtəlif və qiymətli sənədlər var.

Şimali Makedoniya Dövlət Arxivi bu tarixi-mədəni irsə qayğı ilə yanaşıb və onu üzə çıxarmaq üçün illər əvvəl işə başlayıb.

Araşdırmalar çərçivəsində Osmanlı sənədləri əvvəlcə təsnif edilir, sonra tərcümə olunur.

Şimali Makedoniya və Türkiyənin ortaq tarixinə işıq salan sənədlər elmi araşdırmalar üçün də mənbə təşkil edir.

Kategoriler
Azertac

Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistana 700 milyon avro dəyərində sərmayə yatırıb

Daşkənd, 5 fevral, АZƏRTAC

Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Özbəkistanda 700 milyon avro dəyərində 22 investisiya layihəsi həyata keçirib.

AZƏRTAC Özbəkistan İnvestisiya və Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunlar alternativ energetika, infrastruktur sahələri, kiçik və orta biznesin inkişafı və digər sahələri əhatə edir.

Məlumatda bildirilir ki, bu il ərzində bank ölkə iqtisadiyyatı ilə bağlı 838 milyon avro dəyərində 11 böyük layihə həyata keçirəcək. Bu layihələr enerjiyə qənaət edən texnologiyaların tətbiqi, iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə, ətraf mühitin mühafizəsi və digər istiqamətlərə tətbiq ediləcək.

Qeyd olunur ki, ümumiyyətlə Özbəkistanın AYİB ilə əməkdaşlığı dövründə 2,8 milyard avro dəyərində 106 layihə reallaşdırılıb. Bunun da 48 faizi özəl sektoru əhatə edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Kategoriler
Azertac

“Teknofest Azərbaycan” festivalı çərçivəsində “Baku Skills” müsabiqəsi təşkil olunacaq

Bakı, 5 fevral, AZƏRTAC

Mayın 26-29-da Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” tədbiri təşkil olunacaq.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb.

“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunur.

“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir.

Yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilərlər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müsabiqə ilə bağlı hər hansı sual olarsa, institutun Təhsildə innovasiyalar şöbəsinin elektron poçt ünvanı ([email protected]) vasitəsilə öyrənmək mümkündür.

Qeyd edək ki, 1, 2 və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.

Yarışma haqqında tələbələri ətraflı məlumatlandırmaq üçün yaxın günlərdə infosessiyaların keçirilməsi nəzərdə tutulur. İnfosessiyalarla bağlı ətraflı məlumat almaq üçün steam.edu.az səhifəsini izləmək tövsiyə edilir.

Kategoriler
Azertac

Tanınmış qazax yazıçısı Abdijamil Nurpeisov vəfat edib

Bakı, 5 fevral, AZƏRTAC

Tanınmış qazax yazıçısı və tərcüməçisi Abdijamil Nurpeisov 97 yaşında vəfat edib.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə respublika parlamentinin (aşağı palata) deputatı Janarbek Aşimjanov məlumat verib.

Nasir və tərcüməçi Abdijamil Nurpeisov 1924-cü il oktyabrın 22-də anadan olub. Onun “Qan və tər” tarixi trilogiyası 1974-cü ildə SSRİ Dövlət mükafatına layiq görülüb. Aral dənizinin ekoloji problemindən bəhs edən “Son vəzifə” roman-dilogiyası və “Kürlənd” romanı da yazıçıya şöhrət gətirib. Milli ədəbiyyatın inkişafındakı xüsusi xidmətlərinə görə yazıçı 2019-cu ildə “Qazaxıstanın əmək qəhrəmanı” adına layiq görülüb. Nurpeisov tərcüməçi kimi də tanınır. O, Anton Çexovun, Maksim Qorkinin hekayələrinin və başqa yazıçıların əsərlərini qazax dilinə çevirib.

Kategoriler
Azertac

Azərbaycan və Qazaxıstan arasında təhsildə keyfiyyətin təminatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttərova Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) ölkəmizdə səfərdə olan rəhbər heyəti ilə görüşüb.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkə arasında təhsildə keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsi, hər iki ölkədən olan ekspertlərin ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası prosesində beynəlxalq ekspert qismində iştirakı, üçüncü ölkələrdə müştərək beynəlxalq akkreditasiyanın həyata keçirilməsi, ehtiyac yarandığı təqdirdə hər iki tərəf üçün təlimlərin qarşılıqlı təşkil olunması haqqında müzakirələr aparılıb. Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və tədqiqat sahəsində əməkdaşlıq, eləcə də beynəlxalq konfransların təşkil edilməsi məsələlərinə də toxunulub.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında hər iki qurum arasında anlaşma memorandumu imzalanıb. Müqavilədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, ali təhsildə Avropa standartları və təlimatlarına əsaslanan daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə və ali təhsil müəssisələrinin müstəqil akkreditasiyasında iştirak etməsi üçün müəllimlərdən, işəgötürənlərdən və tələbələrdən ibarət işçi qrupunun yaradılmasına xüsusi diqqət ayrılıb.

Kategoriler
Azertac

Azərbaycan komandası “Pekin-2022”nin açılış mərasimində komandaların paradında iştirak edib

Bakı, 4 fevral, AZƏRTAC

“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi davam edir.

AZƏRTAC xəbər verir ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində komandaların paradında Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci keçiblər.

Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda təşkil olunan açılış mərasiminin paradında komandamızın şef de-missionu, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetveruxin və Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev iştirak ediblər.

Qeyd edək ki, açılış mərasimi 1 saat 40 dəqiqə davam edəcək. Mərasim üçün xüsusi şou hazırlanıb. Həmin şouya əksəriyyəti yeniyetmələr olmaqla 3 minə yaxın adam cəlb olunub.

Azərbaycanı Pekin Olimpiadasında Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.