Kategoriler
Azertac

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir

Bakı, 3 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınlarla əlaqədar Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyədə səfərdədirlər.

Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarəedilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoy ilə görüşüb.

Görüşdə E.Mirzəyev FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə gəldiyini deyib. Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin fəaliyyətinin koordinasiyasının təşkili olduğunu vurğulayıb.

E.Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətindən danışıb. Nazir müavini FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyədə olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib

Kategoriler
Azertac

Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir

İstanbul, 3 avqust, AZƏRTAC

Türkiyənin Muğla, Antalya və Isparta vilayətlərində meşə yanğınları davam edir. Uşak və Dənizli vilayətlərində bir neçə yanğın ocağının yaranması barədə məlumatlar daxil olub.

AZƏRTAC xəbər verir ki, artıq yeddinci gündür Türkiyənin Egey və Akdeniz bölgələrində meşə yanğınları davam edir.

Ölkənin Meşə İdarəçiliyindən verilən son məlumatlara əsasən, iyulun 28-dən avqustun 3-dək qardaş ölkənin 38 vilayətində 154 meşə yanğını qeydə alınıb. Bunlardan 145-i nəzarət altındadır. Isparta, Dənizli, Muğla və Antalyada doqquz yerdə yanğınla mübarizə davam etdirilir. Bundan əlavə, bu müddət ərzində 91 kənddə də yanğın hadisəsi baş verib.

Hazırda alovun yaşayış zonalarına keçməsinin qarşısının alınması üçün intensiv tədbirlər görülür.

Kategoriler
Azertac

Bakı-Tbilisi-Qars ilə daşınan konteynerlərin sayı artıb

Bakı, 3 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin 7 ayı ərzində BTQ ilə ümumilikdə 8348 TEU konteyner təyinat stansiyalarına çatdırılıbsa, bu ilin yanvar-iyun ayları bu rəqəm 13 min 610 TEU olub.

Bu ilin iyul ayı üzrə göstəricilərdə də müsbət dinamika müşahidə olunur. Belə ki, ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 faiz artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində daşınan 13 min 610 TEU konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.

BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.

Kategoriler
Azertac

Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Məlumat verildi ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Bildirildi ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verildi. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verildi.

Kategoriler
Azertac

Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olunub

Daşkənd, 3 avqust, АZƏRTAC

Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı Daşkənddəki “Renessans press” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunub.

AZƏRTAC xəbər verir ki, kitabı orijinaldan tanınmış jurnalist Rüstəm Cabbarov tərcümə edib.

Kitabı çapa hazırlayan və “Ön söz”ün müəllifi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.

Əsər “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir və müəllif bu günün tələblərinə uyğun olaraq əsərin özbək variantı üçün yeni faktlardan istifadə edib.

Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması ideyasına həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır, türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Böyük İpək yolu siyasətinin, Avrasiya geosiyasətinin inkişafı tarixində türklərin rolu, Avrasiyanın “Türk konsensusu” yeni yanaşma kontekstində təhlil edilir.

Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.

Kategoriler
Azertac

Prezident Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisinə 2,2 milyon manat ayırıb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Prezident İlham Əliyev “Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Kategoriler
Azertac

Yardımlı rayonunda meşə zolağı yanır

Bakı, 2 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağının yanması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Kategoriler
Azertac

İspaniya meşə yanğınları ilə mübarizə aparan Türkiyəyə təyyarələr göndərəcək

Bakı, 2 avqust, AZƏRTAC

İspaniya miqyaslı meşə yanğınları ilə üzləşən Türkiyəyə üç təyyarə göndərəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün nəqliyyat təyyarəsi, sabah səhər saatlarında isə iki amfibiya təyyarəsi Muğla əyalətinin Dalaman şəhərinə çatmalıdır. Həmçinin İspaniyadan Türkiyəyə 27 hərbçi – 22 ekipaj üzvü və fövqəladə vəziyyətlər üzrə hərbi dəstənin beş mütəxəssisi gələcək.

Bir qədər əvvəl Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli son günlər regionda 125 meşə yanğınının söndürüldüyünü, Antalya və Muğla əyalətlərində isə yeddi yanğının hələlik nəzarət altına almağın mümkün olmadığını bildirib. Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, yanğın nəticəsində ölənlərin sayı səkkiz nəfərə, zərər çəkənlərin sayı 864 nəfərə çatıb.

Kategoriler
Azertac

Avqustun 5-dən 20 ölkənin vətəndaşlarının hava nəqliyyatı ilə Azərbaycana giriş-çıxışına icazə verilir

Bakı, 2 avqust, AZƏRTAC

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığı nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, 2021-ci il avqustun 5-dən etibarən əlavə olaraq aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

– Almaniya Federativ Respublikası;

– Avstriya Respublikası;

– Belçika Krallığı;

– Çex Respublikası;

– Danimarka Krallığı;

– İrlandiya Respublikası;

– İspaniya Krallığı;

– İsveç Krallığı;

– İsveçrə Konfederasiyası;

– Kanada;

– Lüksemburq Böyük Hersoqluğu;

– Malta Respublikası;

– Niderland Krallığı;

– Polşa Respublikası;

– Portuqaliya Respublikası;

– Serbiya Respublikası;

– Sinqapur Respublikası;

– Slovakiya Respublikası;

– Sloveniya Respublikası;

– Yunanıstan Respublikası.

Bu qərar həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.

Həmin ölkələrin vətəndaşlarının da Azərbaycan Respublikasına səfər etmələri üçün aşağıdakı tələblər gözlənilməlidir:

– yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

– 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1-dən aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.

Kategoriler
Azertac

FHN-in nümayəndə heyəti yanğınlarla əlaqədar Türkiyəyə gedib

Bakı, 2 avqust, AZƏRTAC

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərilmiş yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti avqustun 2-də Türkiyəyə gedib.