01_agdam-turkiya-rusiya monitornq markazi

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb

Ağdam, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib.

Mərkəzin əsas məqsədi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan, Türkiyə və Rusiyanın dövlət himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən müdafiə naziri Zakir Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən münaqişəyə son qoyulub.

“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, – deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılmasını sülhməramlı fəaliyyətdə mahiyyətcə yeni mərhələ adlandıran Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduqlarını bildirib.

O qeyd edib ki, atəşkəs rejiminə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması Rusiya və Türkiyənin Müdafiə nazirliklərinin sıx əməkdaşlığına və bölgədə sabit sülh üçün əlverişli şəraitin yaradılmasına xidmət edir: “Azərbaycan, bilavasitə dövlət başçısının rəhbərliyi ilə bu gözəl mərkəzin yaradılması və zəruri avadanlıqla təchiz olunması üçün çox böyük iş aparıb. Bu, bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir”.

Rusiyanın Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduğunu vurğulayan Aleksandr Fomin bildirib ki, Suriya ərazisində münaqişədən sonrakı nizamlama prosesində qarşılıqlı əməkdaşlıq buna gözəl nümunədir.

Həm rusiyalı, həm də türk hərbçilərinə müraciət edən Aleksandr Fomin deyib: “Bu torpaqlarda sülhün bərqərar olması üçün bütün zəruri tədbirlərin nə dərəcədə sürətlə və etibarlı görülməsi indi sizdən asılıdır”.

Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu çıxış edərək, regionda sülh və sabitliyin Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin səyləri və qətiyyətli iradələri ilə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, son illərdə davam edən qlobal və regional proseslər Rusiya ilə əməkdaşlığımızla yanaşı, regional məsələlərin həllində dialoqun nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub.

Türkiyənin həm ikitərəfli, həm də regional məsələlərdə Azərbaycan və Rusiya ilə nümayiş etdirdiyi həmrəyliyin Qafqazda sülh, sabitlik və inkişafın təmini üçün əhəmiyyətini vurğulayan Yunus Emre Karaosmanoğlu deyib: “Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin önəmi böyükdür. Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəyimizə inanırıq. Gələcəkdə bu əməkdaşlığın davam etməsinin faydalı olacağını düşünürəm”.

O qeyd edib ki, Türkiyə və Rusiya əsgərləri birlikdə fəaliyyət göstərərək regionda sülh və sabitliyin təmin edilməsi missiyasını yerinə yetirəcəklər. Mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək istiqamətində fəaliyyət göstərəcək.

Sonra ikitərəfli görüşlər keçirilib, Mərkəzin ərazisində ağac əkilib.

Qeyd edək ki, Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş otaqlar da hazırlanıb.

Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email