w_1616122485646303621243_1000x669

Bərdədə düşmənin raket atəşi nəticəsində dağılmış evlər yenidən tikilir

Bərdə, 2 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Bərdədə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Bərdə şəhərində və rayonun 6 kəndində vətəndaşlara məxsus yaşayış evlərinə, həmçinin sahibkarlıq obyektlərinə və sosial binalara ciddi ziyan dəyib. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirilib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Bir neçə gündür Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən evlərin tikintisi və bərpası işlərinə başlanılıb. Hazırda yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır və beton işləri görülür.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri rəğbətlə qarşılayır, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış rayon sakini Azər Həsənov deyib: “Ordumuzun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhədən uzaqda yerləşən şəhər və kəndlərimizi atəşə tuturdu. Bununla da bizi qorxutmaq istəyirdi. Lakin onlar istəyinə nail ola bilmədilər. Müzəffər ordumuz qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Cəbhədə döyüşlər gedən zaman düşmənin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində bizim də evimiz dağılmışdı. İndi evimizin yerində yeni, daha müasir ev inşa edilir”.

Digər sakin Xalid Əliyev isə deyib: “Oktyabrın 8-də Ermənistanın atdığı raket evimin yaxınlığına düşərək evimi dağıtmışdı. Hazırda həyətimizdə beşotaqlı yeni ev inşa edilir. Yeni layihədə otaqların sayı əvvəlki evimizdən çoxdur”.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlayıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email