Oan

Daşkənddə “Əlişir Nəvai və XXI əsr” mövzusunda onlayn konfransda Azərbaycan alimləri də çıxış edib

Daşkənd, 5 fevral, AZƏRTAC

Daşkənddəki Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” mövzusundakı onlayn elmi-praktik konfransda Azərbaycan alimləri də çıxış edib.

AZƏRTAC xəbər verir ki, konfransa Özbəkistandan və Azərbaycandan başqa Türkiyə, Rusiya, Tacikistan, Əfqanıstan və digər ölkələrin alimləri qatılıb.

Konfransı universitetin rektoru, professor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yerindən və mövqeyindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Nizami Gəncəvi və Məhəmməd Füzuli özbək xalqı üçün nə qədər doğma və əzizdirsə, Əlişir Nəvai də Azərbaycan xalqı üçün o qədər doğma və əzizdir. Azərbaycan alimləri Əlişir Nəvai ilə bağlı keçirilən konfranslarda həmişə həvəslə iştirak ediblər. Əlişir Nəvai özbək xalqının dünya ədəbiyyatına bəxş etdiyi nadir simadır. Böyük şair ortaq türk ədəbiyyatının zirvəsində dayanan böyük ustaddır. Əlişir Nəvai böyük şair, dilçi alim, tarixçi, filosof olmaqla yanaşı, həm də dövlət xadimidir. Böyük şairin “Xəmsə”si o dövrdə yaradılan “Xəmsə”lər arasında xüsusi yer tutur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin fövqündə duran şəxsiyyətlərdən biridir. O deyib ki, Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof kimi tanınır. Əlişir Nəvai deyəndə özbək dilinin yaradıcısı, XV əsr ədəbi intibahın əsas sütunlarından biri, türkcə yazılmış ilk “Xəmsə”nin müəllifi nəzərdə tutulur.

AMEA Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin son dastanındakı tarixin nağılı” mövzusundakı məruzəsi də maraqla qarşılanıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email