Oan

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək zirvəyə qaldırıb

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Bundan əlavə, Şuşa Bəyannaməsində ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bu gün artıq təsdiqləndi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov bildirib.

Ekspert bildirib ki, Şuşa Bəyannaməsi iki ölkənin bugünkü və gələcək vəziyyətinə ciddi töhfələr verə bilər. Dünyada gedən proseslər Azərbaycan və Türkiyənin daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zəruri etdi. Çünki böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Çox vaxt da ikili standartlara əsaslanan siyasət yürüdərək öz mənfəətlərinə uyğun hərəkət edirlər. Bu da həmin təşkilatların öz prinsiplərini pozması anlamına gəlir. Buna görə də Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar. Məsələn, türkdilli ölkələr Türk Dövlətləri Təşkilatı ətrafında birləşərək bu ittifaqı daha səmərəli etməyə çalışırlar.

“Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın miqdarı, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapıb.

Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də regionun digər ölkələri üçün vacib əhəmiyyət daşıyır. Həmçinin logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması Şuşa Bəyannaməsində öz əksini tapır.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email