Oan

Türkiyədə “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında yeni layihəyə start verilib

Ankara, 18 may, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında yeni layihəyə start verib. Layihə əsasında Azərbaycan Xalq Cümhuriyyəti və Cümhuriyyət qurucularının tarixi fədakarlığı, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin zəngin mənalı həyat və fəaliyyəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyəti, xalqımızın qədim mədəniyyəti, həmçinin görkəmli şəxsiyyətləri və s. barədə ətraflı məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində Türkiyədəki universitet və məktəblərdə Azərbaycan otaqlarının qurulmasına başlanılıb.

İlk Azərbaycan otağı Müstəqillik Günü və Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi münasibətilə Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində (Samsun Bafra Kolay Orta okulu) qurulub və otağın açılışı olub.

Məktəbin müəllim və şagirdlərinin böyük sevinclə qarşıladığı açılışda Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov layihə və onun ayrı-ayrı hissələri barədə müfəssəl məlumat verib.

Layihəyə Samsundan start verilməsi təsadüfi deyil. Çünki Samsun Türkiyənin milli azadlıq mübarizəsində öz yeri və rolu ilə seçilən bölgədir. Qazi Mustafa Kamal Atatürk silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu tarixi həqiqətlə öyünən samsunluların Qarabağ Zəfərini xüsusi bir sevinclə qarşılaması olduqca təbiidir. Ən azı ona görə ki, Anadolunun bu məkanında gözünü həyata açan hər kəs vətənpərvərlik eşqi ilə tərbiyə olunur, torpaq və yurd sevdası ilə böyüyür.

Digər tərəfdən, Samsundakı Kolay kənd orta məktəbinin direktoru Faruk Akkurt Azərbaycanın Türkiyədəki səfirliyinə məktubla müraciət edərək, müəllim və şagirdlərin Azərbaycanı daha yaxından tanımaq arzusunu və istəklərini diplomatik nümayəndəliyimizə çatdırıb.

Məktəbdə yaradılan Azərbaycan otağında 11 lövhədən ibarət məlumatlandırıcı stendlər quraşdırılıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email