16686101582477363765 1000x669

Səfir: Qazaxıstanda keçiriləcək prezident seçkilərinə Azərbaycan da müşahidəçi missiyası göndərəcək

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 20-də Qazaxıstanda keçiriləcək prezident seçkilərində yüksək post uğrunda 6 namizəd mübarizə aparacaq. İlk dəfədir ki, dövlət başçısı seçkilərində iki qadın namizəd iştirak edir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, seçkiləri izləmək üçün 641 beynəlxalq müşahidəçinin gələcəyi gözlənilir. Səfir Azərbaycandan da 8 müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.

Noyabrın 19-da bütün ölkədə “sükut günü” elan ediləcəyini xatırladan diplomat Qazaxıstanın Bakıdakı səfirliyinin binasında da səsvermə məntəqəsinin fəaliyyət göstərəcəyini qeyd edib. “Gələn ilin birinci yarısında da parlament seçkiləri keçiriləcək. Qarşıdakı dövr Qazaxıstan üçün çox vacibdir, ona görə də biz həm prezident, həm də parlament seçkilərində yüksək fəallığın olacağına ümid edirik”, – deyə səfir bildirib.

Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olduğunu vurğulayan Serjan Abdıkarimov qeyd edib ki, dövlət başçılarının əməkdaşlığın möhkəmləndirilməsi barədə imzaladığı birgə bəyannamə müxtəlif sahələr üzrə münasibətlərin inkişafına yeni stimul verəcək: “Biz ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləmişik. Biznes dairələr qarşılıqlı olaraq sərmayə yatırmaqda maraqlıdırlar. Ölkələrimizdə ticarət evləri fəaliyyət göstərir”. Səfir əlavə edib ki, Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xətti layihəsinin reallaşdırılmasına başlayacaq. Bu, hər iki ölkə arasında sürətli internet kommunikasiyasının yaradılmasına səbəb olacaq.

Serjan Abdıkarimov bildirib ki, bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir və bununla əlaqədar sənədli filmin çəkilişlərinə başlanılacaq. Diplomat gələn il Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçiriləcək tədbirlərə Qazaxıstandan da nümayəndə heyətlərinin qatılacağını söyləyib. Türküstan və Şuşa şəhərlərinin qardaşlaşmasını o, iki ölkə üçün vacib hadisə olduğunu deyib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email