Oan

Siyasi ekspert: Türkmənistan türk dünyasının Mərkəzi Asiyaya açılan qapısıdır

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Türkmənbaşı şəhərində keçirilən Zirvə Görüşü hər üç ölkənin və bütövlükdə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əlaqələrinin, eləcə də qarşılıqlı münasibətlərin ortaq hədəflər və strateji müttəfiqlik münasibətləri müstəvisindən inkişafı üçün tarixi əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli Azərbaycan-Türkiyə münasibətlərinin, həmçinin iki dövlət arasındakı iqtisadi-siyasi və müdafiə sahələri də daxil olmaqla, müasir dövrdə dövlətlərarası əlaqələrin bütün istiqamətləri üzrə həyata keçirilən əməkdaşlığın real nəticələrinin türk dövlətləri birliyinin də cazibədarlığını artırdığını bildirib. Onun sözlərinə görə, bu prosesə qardaş Türkmənistanın da fəal şəkildə qoşulması və qarşılıqlı münasibətlərin inkişafına hərtərəfli töhfə vermək niyyətini əməli addımlarla büruzə verməsi mühüm önəm kəsb edir. Əgər Azərbaycan qardaş Türkiyə də daxil olmaqla, türk dövlətləri arasında həm ideoloji, həm də coğrafi baxımdan körpü rolunu oynayırsa, Türkmənistan türk dünyasının Mərkəzi Asiyaya, sözügedən regionda yerləşən dost və qardaş ölkələrin Xəzər üzərindən Cənubi Qafqaza, subregiona və daha geniş əraziyə açılan qapısıdır. Türkmənistan, eyni zamanda, Asiya və Avropa arasında yükdaşımalarının vaxt və maliyyə baxımından optimallaşmasında mühüm, bəlkə də aparıcı seqmentə çevriləcək. Bu ölkə Türk dünyası üçün strateji əhəmiyyət daşıyan “Orta Dəhliz” (Transxəzər) üzərində önəmli coğrafi mövqeyə, logistik imkanlara malikdir. Müasir dövrdə “dəhliz” anlayışının daha geniş məna daşıdığını və təkcə nəqliyyat sahəsini deyil, həmçinin paralel olaraq enerji sektorunu da əhatə etdiyini nəzərə alsaq, nəhəng təbii ehtiyatlara, o cümlədən böyük neft və qaz resurslarına malik türk dövlətlərinin öz imkanlarını bir araya gətirəcəkləri təqdirdə nə qədər böyük bir potensiala sahiblənəcəklərini təxmin edə bilərik.

“Üçtərəfli Zirvə Görüşündə diqqət çəkən amillərdən biri də müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələrdir. Bu gün beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə ayrı-ayrı güc mərkəzlərinin nümayiş etdirdiyi sayğısızlığın fonunda beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxması öz milli dövlətçilik ənənələri və dəyərləri üzərindən müstəqil inkişaf yolu seçən xalqları və dövlətləri ciddi çağırışlar qarşısında qoyub. Düzənini itirmiş və sərt reallıqlarla müşayiət olunan beynəlxalq münasibətlər sisteminin, yumşaq, amma əzici iqtisadi-siyasi təzyiqlərin, dəyişkən geosiyasi alqoritmlərin qarşısında duruş gətirməyin və inkişaf etməyin yeganə düsturu ortaq dəyərlər, hədəflər və səmimi qardaşlıq, dostluq münasibətləri üzərində qurulan əməkdaşlıq platformalarıdır. Məhz bu baxımdan, türk xalqlarının və dövlətlərinin birliyi ilə bağlı on illər öncə Azərbaycandan yüksələn ideyaların, yenə də Azərbaycandan, Naxçıvan Bəyannaməsindən başlayan yolun, mübaliğəsiz olaraq, yüz il öncəni görə bilən strateji zəkanın, ağılın, idrakın gözünün məhsulu olduğunu deyə bilərik.

Gözümüzün önündə əsrlər boyu əcdadlarımızın düşüncəsinə hakim kəsilən tarix yazılır. Dekabrın 14-də Türkmənistanda keçirilən Üçtərəfli Zirvə Görüşü də bu tarixin əhəmiyyəti illər sonra daha aydın görünəcək çox önəmli bir parçasıdır.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email