TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Sami Yusuf: Nəsimi poeziyası onu dərk edən insanın həyatını dəyişməyə qadirdir
Azərbaycanda ilk dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının iştirakçıları arasında olan Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusuf AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik. - Sizin Nəsimi yaradıcılığı haqqında nə kimi məlumatınız var? - Nəsimi haqqında hələ erkən yaşlarımda valideynlərimdən, eləcə də evimizə gələn musiqiçilər və şairlərdən eşitmişdim. O, mistik dünyagörüşünə malik dahi şairlərdən və mütəfəkkirlərdən biri olub. Azərbaycan dilində ilk divanların müəllifi kimi tanınsa da, Nəsiminin yaradıcılığının təsiri Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Türkdilli şair kimi şöhrət qazanmış Nəsimi, həmçinin fars və ərəb dillərində yazdığı əsərlərlə də tanınırdı. Nəsiminin dahiliyi ondadır ki, əsərlərindəki mesaj, ifadə və bənzərsiz bəlağət onun yaşadığı dövrə və məkana sığmırdı. Nəsimi yaradıcılığının ilham mənbəyində əbədilik dayandığı üçün əsərləri öz dövründə olduğu kimi, bu gün də aydın başa düşülür. - İştirak etdiyiniz festivalı necə dəyərləndirərdiniz? - Festival çox gözəl bir şəkildə düşünülmüş və təşkil edilmişdi. Nəsiminin əsərlərində ifadə olunan ideyalar ətrafında keçmişi və müasir dövrü bir araya gətirən, dünyadakı müxtəlifliklərə baxmayaraq bütün həyatın birliyini və İlahi mənbəyə çatmaq üçün əsas insan potensialının əhəmiyyətini önə çəkən festival, həmçinin gələcəyə aparan yola işıq saçırdı. Bu yol isə Nəsimi yaradıcılığında ifadə edilən və Azərbaycanı dünyada tanıdan multikulturalizm və tolerantlıq dəyərlərini özündə birləşdirən bir yoldur. Festival çərçivəsində təşkil edilən tamaşalar, nümayiş etdirilən eksponatlar və keçirilən görüşlər öz müxtəlifliyi ilə seçilsə də, onların hamısı eyni məqsədə xidmət edirdi. Mən festivalın bütün təşkilatçılarına, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və vitse-prezidenti Leyla xanım Əliyevaya, həmçinin Mədəniyyət Nazirliyinin bu işdə əməyi olan hər bir əməkdaşına minnətdarlığımı bildirirəm. - Eşitdiyimizə görə, yeni qlobal musiqi janrının yaradıcısı Sizsiniz. Bu, nə dərəcədə doğrudur? - Musiqi karyerama başlayanda görürdüm ki, mənim ifa tərzimə uyğun bir janr yoxdur. Ona görə də mən qeyd etdiyiniz bu janrı “Spiritik” adlandırdım. Bu ifa tərzinin əsasında insanlarda mənəviyyat hissi oyatmaq, bəzən müqəddəsliyi əks etdirən sözlər, bəzən isə ictimai birgəyaşayış, tolerantlıq və birlik kimi müsbət dəyərləri təşviq edən mesaj dayanır. Bu mənada, onu deyə bilərəm ki, musiqi sənətinə verdiyim töhfələrə görə Roehampton Universitetinin fəxri doktorluq dərəcəsi ilə təltif olunmuşam və səhv etmirəmsə, indiyə qədər bu mükafata layiq görülən ən gənc ifaçıyam. Bu, mənim “Spiritik” adlı həmin yeni musiqi janrını yaratmağım və onu ərsəyə gətirməyimlə bağlı zəhmətimə verilən qiymətdir. Musiqi vasitəsilə adət-ənənə və irsin qorunmasını özüm üçün prioritet hesab edirəm. Son bir neçə il ərzində demək olar ki, bütün fəaliyyətimi bu sahəyə həsr etmişəm. Bu, heç də mənim “Spiritik” janrından uzaqlaşmağım demək deyil. - Muğamı sevirsinizmi? - Muğam dərin məna kəsb edən, gözəl bir musiqidir. Onun mürəkkəb melodiyaları və ritmləri əsrlər boyu nəsildən-nəslə ötürülüb, eyni zamanda, dinləyicilərin və ifaçıların ruhunu qidalandırıb. Dünyada muğam qədər simvolizm və ya bilavasitə müqəddəsliyə, ilahiliyə bağlı olan hər hansı musiqi və şeir forması mövcud deyil. Əslində, muğam mənə meditasiyaya və düşünməyə kömək edir. Ənənəvi sərvətin laqeydsizlik və diqqətsizlik ucbatından itirildiyi bir dövrdə bu dəyərli musiqi irsinin qorunması və təbliği üçün görülən işlər həqiqətən də həyati əhəmiyyət daşıyır. Mən Heydər Əliyev Fondunun Beynəlxalq Muğam Mərkəzinin yaradılması və Beynəlxalq Muğam Festivalının keçirilməsi kimi möhtəşəm işini bir daha qeyd etmək istəyirəm. Bu, Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı misilsiz layihələrin yalnız bir hissəsidir. - Siz Nəsimi festivalında tanınmış xanəndə Alim Qasımovla bir səhnəni bölüşdünüz. Yeni qlobal musiqi janrını və muğamı nə birləşdirir? - Alim Qasımov öz daxili “mənəvi yanğı"sını musiqi və muğam vasitəsilə parlaq şəkildə ifadə edən canlı əfsanədir. Mən hələ 2015-ci ildə Bakıda keçirilmiş konsertdə Alim Qasımovla bir səhnəni bölüşmək şərəfinə nail olmuşam. Biz birlikdə yalnız ənənəvi alətlərin müşayiəti ilə "Sarı gəlin" mahnısını ifa etmişik. Muğamın musiqi forması “Spiritik” janrın parametrlərinə mükəmməl şəkildə uyğun gəlir və gələcək albomumda Alim Qasımovla əməkdaşlıq etməyi planlaşdırıram. - Ailənizdə Sizdən və bəstəkar olan atanızdan başqa professional musiqi ilə daha kim məşğul olub? - Mənim anam da musiqiçidir. Lap erkən yaşlarımdan məndə musiqiyə həvəsin oyanmasına təkan verən bir ailədə dünyaya göz açmağıma görə özümü çox xoşbəxt hesab edirəm. Mən musiqi ilə uşaqlıqdan məşğul olmağa başlamışam və valideynlərim bu günə qədər mənə dəstək olublar. Mənim atam, anam da musiqiçi ailəsində böyüyüblər. Onlar bir-biri ilə çox bağlı olan klassik və ənənəvi musiqi, eləcə də mistik şeir ənənələrinə çox yüksək dəyər veriblər. - Yeri gəlmişkən. Azərbaycan dilini nə dərəcədə bilirsiniz? Ailənizdə hansı dildə danışırsınız? - Mən Böyük Britaniyada böyüdüyüm üçün Azərbaycan dilində sərbəst danışa bilmirəm. Lakin Azərbaycan dili dünyada ilk eşitdiyim dildir. Bu, valideynlərimin, qohumlarımın danışdığı dildir. Deyərdim ki, bu, qanımda olan və mənə çox doğma dildir. Dilin mədəniyyətləri və xalqları formalaşdırdığı kimi, Azərbaycan dili də mənim həyatımın mənasıdır. - Bilirsinizmi ki, almaniyalı alim Mixail Hessin Nəsimi şeriyyətinə sevgisi onu Azərbaycan dilini öyrənməyə sövq edib? - Bu barədə məlumatım yoxdur, amma buna heç də təəccüblənmirəm. Nəsimi poeziyasının kəsb etdiyi dərin məna və miqyas məftunedicidir və dərk olunan zaman insanların həyatını dəyişməyə qadirdir. - Bakıya gələndə hansı hissləri keçirirsiniz? - Qısaca desəm, Bakıda özümü evdəki kimi hiss edirəm. Şəhərin köhnə və müasir küçələri heyranedicidir. Hər ikisi öz fərqli xüsusiyyətləri ilə gözəldir. Azərbaycana axırıncı səfərim zamanı Şamaxı rayonunda oldum və buranın ənənəvi mühiti mənə dərin təəssüratlar bağışladı. Hər şeydən əvvəl, əlbəttə ki, Azərbaycanın unikal xüsusiyyəti buradakı insanların qonaqpərvərliyi və ürəklərinin həyat eşqi ilə döyünməsidir. Yeri gəlmişkən, mənim Bakıda bir çox dostlarım var. Onlardan biri də bu müsahibənin təşkilinə yardımçı olan BP Azərbaycan şirkətinin baş müşaviri Qivami Rəhimlidir. - Növbəti albomunuzu nə vaxt buraxmağı planlaşdırırsınız? - 2018-ci ilin noyabrında Britaniya-Qərb musiqi üslubunu özündə birləşdirən yeni “Sami” adlı albomum işıq üzü görəcək. Bundan sonra mənim Sufi cərəyanından ilhamlanmış mistik şairlərin əsərlərindən ibarət albomum çıxacaq. Düşünürəm ki, bu albomda da Nəsimi poeziyasından istifadə edəcəyəm. Məhz bu albomda Alim Qasımovla əməkdaşlıq etmək niyyətindəyəm. - Gələcəkdə yeni albomunuzu Bakı ilə əlaqələndirmək istərdinizmi? - Bu mənim çoxdankı arzumdur. Bakıda heç olmasa, bir klip çəkdirmək istərdim. Azərbaycanda həyata keçirmək istədiyim başqa layihələr də var. Əsas məsələ əlverişli imkan və vaxt tapmaqdır. - Bakıda solo konsert verməyi planlaşdırırsınızmı? - Bakıda iki dəfə - 2015-ci və 2017-ci illərdə konsertim olub. Hər iki konsert çox yaxşı qarşılanıb və bundan məmnun qalmışam. Əslində, mən tez-tez konsert vermirəm. Yalnız inandığım və dəstəklədiyim müəyyən məqsəd və ideyalar üçün bunu edirəm. Məftunedici məkan olan Heydər Əliyev Mərkəzində solo konsert verməyi çox istərdim. Muğam musiqisi və mənim janrımın daxil olduğu ənənəvi konsert proqramı tərtib etməyi nəzərdə tuturam. - Qərb auditoriyasının Sizin İslamla bağlı yaradıcılığınıza münasibəti necədir? - Çox maraqlı sualdır. Mən buna daha çox Qərb auditoriyası deyil, Qərbdə yaşayan qeyri-müsəlman auditoriyası deyərdim, çünki Qərbdə mənim kimi çoxlu müsəlmanlar yaşayır. Təcrübəmdən deyə bilərəm ki, bu auditoriya ənənəvi musiqiləri və ifaları sevir. İnsanlar əsrlərdən və dərin mədəniyyətlərdən keçib gələn musiqini eşitdikdə çox duyğulanırlar. Sözləri başa düşməsələr də, bu musiqi onlara mənəviyyat dünyasının sədasını çatdırır və onlar sanki bu dünyaya dalmış olurlar. Bu mənəviyyat dünyası hər bir insanın mahiyyətində dayanır, mənim insanlara çatdırmaq istədiyim də məhz həmin mahiyyətdir. Tamaşaçıların aldığı təəssüratlar mənim nə qədər uğurlu olduğumu göstərir.
 
Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Çin-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq həmin səfərin çox yaxşı nəticələr verdiyini vurğuladı. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını dedi. Turizm sahəsində də əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, Çin vətəndaşları Azərbaycana elektron viza vasitəsilə rahat gələ bilərlər. Dövlətimizin başçısı turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin, eyni zamanda, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq etdiyini, Çindən Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılan məhsulların sayının və həcminin artdığını vurğuladı. Qəbula görə Çin nümayəndə heyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinq bunu Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi çox böyük önəmin göstəricisi kimi dəyərləndirdi. Hi Pinq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Sinxua xəbər agentliyinin baş redaktoru, öz növbəsində, bildirdi ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və orada imzalanan əməkdaşlıq sazişləri əlaqələrimizin inkişafına çox böyük təkan verib. O qeyd etdi ki, iki ölkənin dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində son illər Azərbaycan-Çin münasibətlərinin inkişafı uğurla davam edir. Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq Sinxua ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı. Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını da məmnunluqla qeyd etdi. Sinxua xəbər agentliyinin baş redaktoru Çinin “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etdiyini bildirdi.
 
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
Azərbaycanda səfərdə olan Çinin Sinxua informasiya agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 17-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin keçmişi, bu günü və gələcəyi ilə bağlı geniş aspektli məsələlər müzakirə olunub. Xüsusən də iki ölkənin maraqlarının informasiya sahəsində təmin edilməsi, AZƏRTAC ilə Sinxuanın tərəfdaşlıq münasibətləri, gələcəkdə bu fəaliyyətin genişləndirilməsi, Çində Azərbaycan, ölkəmizdə isə Çin haqqında müxtəlif mövzularda daha çox informasiyanın verilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin qədim İpək Yolunun bərpasında, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Çinin iştirakı ilə bağlı ortaq maraqlar çərçivəsində məsələlərin dəstəklənməsində hər iki ölkənin milli agentliklərinin fəaliyyəti və digər mövzular müzakirə olunub. Əli Həsənov Çinin nümayəndə heyətinə Azərbaycanın tarixi, bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, o cümlədən dövlətimizin başçısının Çin Xalq Respublikasına son səfəri, bu səfər çərçivəsində Çinin dövlət başçısı Si Cinpin ilə keçirdiyi görüşlər və bu görüşlərdən sonrakı vəziyyət haqqında məlumat verib. Hi Pinq Azərbaycanda ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, bu səfərin ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfərindən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı daha da sürətlənib. Çin ilə Azərbaycanın beynəlxalq məsələlərdə ortaq maraqları olduğunu deyən Hi Pinq əlavə edib ki, bu baxımdan Sinxua AZƏRTAC ilə əməkdaşlığa çox böyük önəm verir. Əminik ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcək. Çin nümayəndə heyətinin rəhbəri, həmçinin Sinxua agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında informasiya sahəsində münasibətlərin digər aspektləri də müzakirə olunub.
 
Sinxuanın baş redaktoru Hi Pinq: AZƏRTAC ilə əməkdaşlığımız xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir
Sinxua informasiya agentliyi Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. İki agentlik arasındakı əməkdaşlıq müqaviləsi informasiya mübadiləsini daha da genişləndirmək və birgə layihələr həyata keçirmək üçün geniş imkanlar açır. Bu fikirlər Çinin Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərliyi ilə Bakıda səfərdə olan nümayəndə heyətinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşündə səslənib. Azərbaycanın və Çinin qədim tarixi əlaqələrə malik olduğunu deyən İdarə Heyətinin sədri Aslan Aslanov xalqlarımız arasında əlaqələrin dərinləşməsində hər iki ölkənin milli informasiya agentliklərinin böyük rolu olduğunu vurğulayıb. Qeyd olunub ki, AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik hazırda AZƏRTAC-ın sədri olduğu iki beynəlxalq təşkilatda - Dünya Xəbər Agentlikləri Konqresində və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edir. “Bu ilin iyununda Pekində Sinxuanın prezidenti Çay Mincao ilə görüşdə bir sıra əməkdaşlıq məsələlərini geniş müzakirə etdik. Bundan əlavə, orada Şanxay Əməkdaşlıq Təşkilatının birinci media sammiti çərçivəsində Sinxua ilə yeni əməkdaşlıq sazişi imzaladıq. Əminəm ki, bu, əlaqələrimizin inkişafı üçün yeni imkanlar açacaq”, - deyə Aslan Aslanov bildirib. Diqqətə çatdırılıb ki, Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün, həmçinin Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının həyata keçirilməsi informasiya sahəsində də əlaqələrin intensivləşməsini şərtləndirir. Bununla əlaqədar Sinxuanın təsis etdiyi “Bir kəmər – bir yol İqtisadi İnformasiya Tərəfdaşlığı” alyansına AZƏRTAC-ın da qoşulacağı və dünyanın hər yerindən xəbər təchizatçıları ilə informasiya mübadiləsi aparacağı qeyd olunub. AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verdiklərini deyən Sinxua agentliyinin baş redaktoru Hi Pinq ikitərəfli münasibətlərdəki dinamikliyi yüksək qiymətləndirdiklərini vurğulayıb. O, AZƏRTAC-ın informasiya təchizatçısı kimi inkişafının göz qabağında olduğunu söyləyib. “Sizinlə mənim Pekində imzaladığımız müqavilə informasiya mübadiləsini artırmağa yönəlib ki, bu da xalqlarımızın bir-birini daha yaxından tanımasına, ölkələrimizin iqtisadi və mədəni həyatındakı hadisələrin qarşılıqlı işıqlandırılmasına böyük töhfə olacaq”, - deyə Hi Pinq qeyd edib. Baş redaktor AZƏRTAC-ın OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün irəli sürdüyü təklifləri Sinxuanın dəstəklədiyini bildirib. AZƏRTAC-ın Çin dilində informasiya yayımının onlar üçün önəmli olduğunu deyən Hi Pinq bu istiqamətdə də lazımi dəstək göstərməyə hazır olduqlarını söyləyib. Görüşdə birgə layihələrin reallaşdırılması, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın fəaliyyətinin artırılması, müasir medianın inkişaf meyilləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
 
Azərbaycan Prezidenti: Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq
Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib. Türkiyənin böyük iqtisadi gücə malik ölkə olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin çox güclü orduya malik olduğunu da diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu həm Türkiyə, həm də Azərbaycan üçün qürur mənbəyidir. “Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim”, - deyə Azərbaycan Prezidenti bildirib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 5 > 1748
  TKA 2008