TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Türkiyəli nazir: TANAP layihəsinin 80 faizdən çoxu icra edilib
Bakı, 4 yanvar, AZƏRTAC Bu vaxtadək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumilikdə 80 faizdən çoxu icra olunub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac xam neft boru kəməri uğurla həyata keçirilir və 10 ildən artıq müddətdə fəaliyyət göstərir. Azərbaycan təbii qazını Türkiyəyə və Avropa bazarına çatdıracaq TANAP-a gəldikdə isə layihənin 80 faizdən çoxu yekunlaşıb. Bu baxımdan TANAP, Trans-Adriatik boru kəməri (TAP) və digər layihələr başa çatdıqdan sonra bir çox Avropa ölkəsində enerji təchizatının təhlükəsizliyi təmin ediləcək. Xatırladaq ki, TANAP layihəsi üzrə Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlərin 96 faizi tamamlanıb. Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlərin isə 73 faizi icra edilib. TANAP-ın inşası çərçivəsində layihənin idarəetmə komandaları və podratçılar da daxil olmaqla hazırda tikinti sahələrində təxminən 9 min 200-dək işçi çalışır. Faza-0 çərçivəsində TANAP-la Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün 56 düymlük 1350 kilometr uzunluğundakı boru kəmərinin inşası mexaniki olaraq tamamlanıb. Türkiyəyə ilk təbii qazın verilməsi üçün boru kəməri marşrutu üzrə xəndəyin qazılması, boruların düzülməsi və qaynaq işləri artıq yekunlaşıb. Faza-0 üzrə blok klapan və pig stansiyaları, eləcə də “Telecom-SCADA” binalarının inşası tamamlanıb. İnşası aparılan 2 ədəd ölçmə stansiyası (MS1 və MS2) bu ayın sonunda təbii qazı qəbul etməyə hazır olacaq. Bu ilin yanvar ayı ərzində isə genişləndirilən Cənubi Qafqaz Boru Kəmərindən (CQBKG) TANAP-a sınaq və istismara hazırlıq məqsədilə ilk qaz qəbul edilməyə başlanacaq. Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu gələn il iyun ayının sonuna qədər davam edəcək. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz cari il iyulun 1-də veriləcək. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması və “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Həmçinin TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri də artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür. Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
 
20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Bakı, 4 yanvar, AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. AZƏRTAC xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib. Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək. Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır
 
Əli Həsənovun kitabı Daşkənddə dörd dildə çap olunub
Daşkənd, 3 yanvar, AZƏRTAC Daşkənddə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Bakıda səkkiz dildə nəşr edilən “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabları əsasında “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti və Xocalı soyqırımı” kitabı çap olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə layihəsi çərçivəsində Daşkənddəki “İstiqlol nuri” nəşriyyatında çap edilən kitabda mətnlər dörd dildə - özbək, Azərbaycan, rus və ingilis dillərində verilib. Birinci fəsildə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımına və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Bu fəsildə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı Şuşa, İrəvan quberniyası, Zəngəzur, Naxçıvan, Şərur, Ordubad, Qars və başqa bölgələrdə də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının qətlə yetirilməsi faktlara əsasən təhqiq olunur. İkinci fəsildə isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu hissədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir. Kitabda mövzularla bağlı müxtəlif tarixi sənədlər, xəritə və şəkillər də verilib.
 
TÜRKSAV 2017-ci ilin laureatlarını açıqlayıb
Ankara, 2 yanvar, AZƏRTAC Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-cı il üçün türk dünyasına xidmət mükafatlarının sahiblərini müəyyən edib. AZƏRTAC xəbər verir ki, TÜRSAV-ın sədri Yehya Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən Türk Tarix Qurumunun sədri Refik Turan və tarixi tədqiqatçı Ahmet Taşağıl, Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Serdar Çelebi, Holandiyadan QHT təmsilçisi Mahmet Tütünçü və başqalarının türk dünyası qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və “Ayla” bədii filmi də mükafata layiq görülüblər. Mükafatlar laureatlara bu ilin mayında TÜRSAV ilə Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin Niksar rayon kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə təqdim olunacaq.
 
Hikmət Hacıyev: İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid bəsləyirik
Bakı, 2 yanvar, AZƏRTAC ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil olunmasını müsbət qiymətləndiririk. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O deyib: “Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nin 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib. Bu əlavə barədə məlumat verən H.Hacıyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası 874 saylı qətnamədə ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli” adlı sənədini alqışlayır və təqdir edir. Həmçinin BMT TŞ-nin 874 saylı qətnaməsində ATƏM-in Minsk qrupunun “Yenilənmiş vaxt cədvəli”ndə nəzərdə tutulan qarşılıqlı və təcili tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” o zaman ATƏM-in Minsk konfransının üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb. 1993-cü il iyulun 28-də Mario Rafaelli ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından verdiyi bəyanatında və BMT baş katibinə təqdim etdiyi hesabatında bildirib: “Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir” (BMT Təhlükəsizlik Şurasının S/26184 1993-cü il 28 iyul tarixli sənədi). “Ümid edirik ki, İtaliya Respublikası ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri əlavə edib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 7 > 1726
  TKA 2008