Kategoriler
Azertac

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd olunur

Ankara, 19 may, AZƏRTAC

Mayın 19-u Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü kimi milli bayram səviyyəsində qeyd olunur. Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması ilə əlaqədar təsis edilən bu bayram münasibətilə ölkədə ümumi tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə ölkə gənclərinin nümayəndələri və görkəmli gənc idmançılarla görüşü nəzərdə tutulub.

Dövlətimizin başçısı, ali hakimiyyət orqanlarının rəhbərləri, eləcə də siyasi partiya liderləri bayram münasibətilə ölkə ictimaiyyətinə təbrik ünvanlayıblar. Müraciətlərdə ulu öndər Atatürkün tarixi missiyasının əbədiyyətə qədər qəhrəman türk xalqının qəlbində silinməz izlər buraxdığı ifadə olunub.

Gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərliyi ilə ölkə gənclərini təmsil edən geniş heyət Anıtqəbirə gələrək Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni ifa edilib, xatirə dəftərinə ürək sözləri yazılıb.

Anıtqəbr-muzey kompleksində növbəti dəfə Atatürkə tükənməz sevgi və məhəbbəti ehtiva edən izdiham yaşanır.

Xatırladaq ki, Qazi Mustafa Kamal Paşa silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu qurtuluşun başlanğıcı Türkiyə xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılan unudulmaz səhifələrdəndir.

Kategoriler
Azertac

Bakıda Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Azərbaycan–Türkiyə əlaqələrindən və tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə bir əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcək. A.Əliyeva qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edildi.

Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olundu.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.

Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” – Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Kategoriler
Azertac

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 19 may, AZƏRTAC

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri çərçivəsində keçirilən görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Kategoriler
Azertac

Azərbaycanın xarici işlər naziri TÜRKSOY-un Baş katibi ilə görüşüb

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 18-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Sultan Raevi TÜRKSOY-un Baş katibi seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Nazir Şuşada keçiriləcək konfransda iştirakı çərçivəsində Baş katibin azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən orada aparılan genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olacağını bildirib.

Baş katib Sultan Raev namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Təşkilatın rəhbəri qismində fəaliyyətin yüksək məsuliyyət tələb etdiyini söyləyən Baş katib Türk dünyasının mədəniyyətinə xidmət edəcəyini vurğulayıb. TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu xatırladan Sultan Raev bu xüsusda qarşıdan gələn il ərzində zəngin proqramların təşkil ediləcəyini söyləyib.

Görüşdə tərəflər, həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin görülməsi və digər qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.

Kategoriler
Azertac

Çanaqqala Troya Muzeyi Beynəlxalq Muzeylər Günündə Avropada təmsil olunacaq

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Muzeylər Günündə bu il Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası, UNESCO və Beynəlxalq Muzeylər Şurası tərəfindən təşkil edilən bu tədbir mayın 18-də keçiriləcək. Bu barədə Troya Muzeyinin direktoru Rıdvan Gölcük məlumat verib.

Türkiyə 17 ildir bu tədbirdə iştirak edir. Muzeyin bağçasındakı zeytun bağında “Troya” əfsanəsi və “İlliada” dastanından səhnələr Troya Muzeyi 3D xəritəçəkmə görüntüsü ilə ilk dəfə seyirçilərə təqdim olunacaq. Daha beş görüntü isə ilboyu xüsusi gecələr təşkil edilərək iştirakçıların ixtiyarına veriləcək.

Qeyd edək ki mayın 18-də keçirilən Beynəlxalq Muzeylər Günündə əksər ölkələrdəki muzeylər gün boyu ziyarətçilər üçün açıq olacaq.

Kategoriler
Azertac

Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış ediblər.

Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.

Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

Kategoriler
Azertac

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb

Ankara, 18 may, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, mayın 18-də Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub.

Universitetin rektoru Haluk Özən səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayaraq xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti arasında protokol imzalanıb. Burada səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Həmin gün Azərbaycan nümayəndə heyəti Türkiyə Səhiyyə Nazirliyinin müxtəlif qurumlarının fəaliyyətləri ilə tanış olub. Qardaş ölkənin səhiyyə sistemindəki yeniliklər barədə təqdimatlar verilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində ən sonda Ankara şəhər Xəstəxanasına gələrək buradakı xidmət sahələri ilə tanış olub.

Kategoriler
Azertac

Səhiyyə naziri qardaş Türkiyədə müalicə alan qazilərimizi ziyarət edib

Ankara, 18 may, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyətinin mayın 17-dən başlayan iki günlük Türkiyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, mayın 18-də səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən qazilərimizi ziyarət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan nazir deyib: “Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.

Vətən müharibəsindəki 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birinin yazıldığını diqqətə çatdıran Teymur Musayev əlavə edib: “Böyük Qələbə şəhidlərimizin qanı bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazanılıb. Siz Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz. Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, tezliklə sağalıb vətənə qayıdacaqsınız”.

Görüş zamanı səhiyyə naziri qazilərə Vətənə qayıtdıqdan sonra müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə biləcəklərini deyib.

Kategoriler
Azertac

Mustafa Şentop: Dünyada “mədəni toplum görüntüsü yaratmağa çalışanlar”ın törətdikləri mədəni cinayətləri Şuşada görə bilirik

Bakı, 18 may, AZƏRTAC

Ötən ilin iyunundan sonra yenə Şuşaya gəldik. Həqiqətən çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, dağıdılan yollar, məhv edilən binalar sürətli təmir edilir. Tarixi abidələr yenidən bərpa olunur. Burada çox böyük dağıntılar var. Bu həqiqətlərin, dağıdılmış bütün abidələrin, tarixi əsərlərin dünyaya çatdırılması lazımdır. Şuşa, əslində, açıq hava altında muzey kimi bir yerdir. Buradakı əsərlərin hamısı məhv edilib. Burada arxamızda olan heykəlləri götürüb aparmışdılar və ulu öndər Heydər Əliyev tərəfindən geri qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şuşada jurnalistlərə müsahibəsində deyib.

Mustafa Şentop qeyd edib ki, indi bütün dünyada “mədəni toplum, mədəni insan görüntüsü yaratmağa çalışanlar”ın törətdikləri mədəni cinayətləri, təxribatları Şuşada görə bilirik. Bunun bütün dünyaya çatdırılması lazımdır. Hər kəs məsuliyyəti özü daşıyır. Bütün cəmiyyəti gunahlandırmaq doğru deyil, amma bunu edənlər də cəmiyyətdə olan insanlardır. Bunu da hər kəs bilməlidir. Biz bununla bağlı etdiyimiz beynəlxalq simpozium təşkil edəcəyik. Tədbirin bir və ya iki panel iclasını da Şuşada təşkil etməyi planlaşdırırıq. Daha çox elm və mədəniyyət xadimlərinin gəlib bunları görmələri önəmlidir. Biz də beynəlxalq ictimaiyyətin, insanların diqqətini buraya çəkmək istəyirik.