Kategoriler
Azertac

Hərbi qulluqçularımız “Anatolian Phoenix-2022” beynəlxalq təlimində iştirak edəcəklər

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.

Kategoriler
Azertac

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun qalibləri mükafatlandırılıb

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olublar.

Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafonda iştirakçılar Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi – Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) – Dövlət Bayrağı Meydanı marşrutu üzrə yürüş ediblər.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. “Bakı Marafonu-2022″də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak ediblər. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün verilib. Üçüncü start isə ümumi iştirakçılar üçün olub.

Marafonun qalibləri iki kateqoriya üzrə seçilib. Kişilər arasında rusiyalı Rinas Axmadeyev birinci olub. Türkiyə təmsilçisi Ömər Alkan yarışı ikinci, çexiyalı Vladimir Marçik üçüncü pillədə başa vurublar.

Qadınların mübarizəsində Ukrayna atleti Valentina Veretskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dilek Öztürk və Valentina Poltavskaya (Ukrayna) ilk üçlükdə yer alıblar.

Marafonun qalibinə 3000, ikinci yeri tutan iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat məbləğində pul mükafatlar verilib. Mükafatçılar, həmçinin medal və sertifikatlarla təltif ediliblər. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2022”nin xüsusi medalları ilə təltif olunub. “Bakı Marafonu-2022”də yeni nominasiyalar – qadın və kişilər arasında 5 yaş kateqoriyası (18-29, 30-39, 40-49, 50-59, 60+) üzrə qaliblər seçilib.

Bundan əlavə, qadın və kişi kateqoriyaları üzrə tələbələr arasında finiş xəttini ilk keçən “Gənc ol” (Azercell), eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı”, “ən kreativ kostyum” nominasiyalarında da mükafatlar təqdim olunub. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar veriləcək.

“Bakı Marafonu-2022”nin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə “Baltika 0” şirkətidir.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilir.

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir. Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

Kategoriler
Azertac

Valentina Veretskaya: Bakı marafonunda qadınlar arasında finişə birinci çatdığım üçün xoşbəxtəm

Bakı, 15 may, AZƏRTAC

Bakıda keçirilən marafonda birinci dəfədir iştirak edirəm. Marafonda qalib gəldiyim üçün çox sevincliyəm. Ən böyük arzularımdan birinə nail oldum və finişə birinci çatdım. Növbəti illərdə bir daha paytaxtınıza gəlməyi planlaşdırıram. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Ötən il Albaniyada keçirilən marafonda da birinci yer tutmuşdum. 2019-cu ildə Almaniyada üçüncü olmuşdum. Bu yarışın təşkilində əməyi olanlara təşəkkür edirəm. Belə möhtəşəm yarışlar təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu 2022”də qadınlar arasında yarışda birinci yeri tutan ukraynalı iştirakçı Valentina Veretskaya söyləyib.

V.Veretskaya, həmçinin deyib: “Hələ ilk dəfə Bakıya gələndə buranı çox bəyənmişdim. Xalqınız çox qonaqpərvərdir, burada çoxlu dostlarım var. Bakı çox gözəldir, insanları isə mehribandır”.

Xatırladaq ki, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən nümayəndələr marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında Türkiyə, ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

Kategoriler
Azertac

Rinas Axmadeyev: Çox şadam ki, Bakı marafonunda finiş xəttinə birinci çatdım

Bakı, 15 may, AZƏRTAC

Bu il Bakı marafonunda qalib gəlmək istəyirdim. İstəyimə nail oldum və finişə birinci çatdım. Gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Belə möhtəşəm yarış təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu 2022”də kişilər arasında birinci yeri tutan rusiyalı iştirakçı Rinas Axmadeyev söyləyib.

Bakı haqqında danışan rusiyalı atlet bildirib ki, Azərbaycan paytaxtı çox gözəl şəhərdir. Buranı gəzmək üçün iki gün bəs etmir. Həqiqətən Bakı çox valehedicidir.

Xatırladaq ki, Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən nümayəndələr marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında Türkiyə, ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

Kategoriler
Azertac

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”nin kişilər arasında qalibi müəyyənləşib

Bakı, 15 may, AZƏRTAC

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”nin kişilər arasında qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda kişilər arasında rusiyalı Rinas Axmadeyev qalib gəlib. Rusiyalı atlet marşrutu 1 saat 4 dəqiqəyə qət edib.

Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Kategoriler
Azertac

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri ölkəmizə rəsmi səfərə gəlib

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcək.

Rəsmi səfər mayın 19-da başa çatacaq.

Kategoriler
Azertac

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” başlayıb

Bakı, 15 may, AZƏRTAC

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu-2022” başlayıb.

AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək. Belə ki, yarışa Dövlət Bayrağı Meydanından başlayacaq iştirakçılar Dənizkənarı bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ şəhər bulvarı – Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi – Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) yürüşü Dövlət Bayrağı Meydanında başa çatdıracaqlar.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Kategoriler
Azertac

Prezident İlham Əliyev: İkinci Qarabağ savaşının ilk saatlarından son gününə qədər qardaş Türkiyə xalqı bizim yanımızda idi

Bakı, 14 may, AZƏRTAC

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı söyləyib.

Rize-Artvin Hava Limanının açılışının Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürü olduğunu bildirən dövlətimizin başçısı deyib: “Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır”.

Türkiyənin bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə, söz sahibinə çevrildiyini, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadir olduğunu vurğulayan dövlətimizin başçısı bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd edərək bildirib: “Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

Kategoriler
Azertac

Sərdar Karagöz: AZƏRTAC və Anadolu Agentliyi Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırır

İstanbul, 14 may, AZƏRTAC

Bu gün burada türk dünyasının mediasına istiqamət verən vacib şəxslər bir araya gəldilər. Bir çox mövzu haqqında fikir mübadilələri aparıldı. Türk dünyasını bir-birinə yaxınlaşdıran ortaq media dilinin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Biz də Anadolu Agentliyi olaraq türk dünyasında fəaliyyət göstərən xəbər agentliklərini bir araya gətirmək istəyirik. Xüsusilə AZƏRTAC və Anadolu Agentliyinin təşkilatçılığı ilə Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırırıq.

Bu fikirləri Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz AZƏRTAC-a müsahibəsində bildirib.

Qarşıdan gələn iyun ayı ərzində türk dünyasındakı xəbər agentliklərini İstanbula dəvət edəcəklərini açıqlayan S.Karagöz deyib: “AZƏRTAC ilə birlikdə türk dünyası xəbər agentlikləri birliyini yaradacağıq. Bu, olduqca vacibdir. Sadəcə bir-birimizə foto, video, xəbər ötürülməsi baxımından deyil, türk dünyasının, ictimaiyyətinin bir-birinə yaxınlaşması və türk mədəniyyətlərinin bir-biri ilə daha yaxın olması baxımından da xəbər agentlikləri birliyini olduqca əhəmiyyətli hesab edirik. Anadolu Agentliyi bunun liderliyini AZƏRTAC-la birgə həyata keçirir ki, bundan da çox məmnunuq. Bu, eyni zamanda, cəmiyyətlərimizin daha yaxından ünsiyyətdə olmasına dəstək verəcək”.

Kategoriler
Azertac

İstanbulda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul şəxslərin 4-cü toplantısı keçirilib

İstanbul, 14 may, AZƏRTAC

Mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Toplantı çərçivəsində nümayəndə heyətləri arasında media üçün qapalı şəraitdə görüşlər keçirilib.

Sonra tədbirin rəsmi hissəsi başlayıb.

Toplantıda çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qeyd edib ki, şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəylik sosial mediada da özünü büruzə verdi. Biz informasiya cəbhəsində Azərbaycanla birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin qazanılmasına töhfəmizi verdik.

Bu tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini deyən F.Altun bildirib ki, TDT yarandığı gündən ötən 13 il ərzində təşkilat təkmilləşərək beynəlxalq quruma çevrilib. Liderlər bu təşkilatın inkişafı və birliyi istiqamətində mühüm addımlar atıblar. Ölkələrimizin birliyinin daha da möhkəmləndirilməsinə töhfəmizi verməliyik. Media sahəsinin inkişafı isə bu sahəni təmsil edənlərin əlindədir.

“Bu il keçirilən toplantı ilə müştərək yol xəritəmiz və yeni əməkdaşlıq imkanları dəyərləndirilir. Xüsusilə sosial mediada dezinformasiya ilə mübarizə toplantımızın əsas mövzularındandır. Təəssüflə qeyd etmək istərdim ki, biz bu dezinformasiyaya məruz qalan ölkələrdən biriyik. Bu çağırışla birgə mübarizə və onun qarşısının alınması hər birimiz üçün çox vacibdir. Burada, eyni zamanda, televiziya və film sahəsi üzrə birgə layihələrimizin təkmilləşdirilməsi məsələləri də müzakirə olunacaq. Türkiyənin kommunikasiya modelinin türk dünyasına inteqrasiyası barədə addımların atılması nəzərdə tutulur. Türk coğrafiyasında son zamanlar baş verən mənfi hadisələr türk birliyinin vacibliyini bir daha ortaya qoydu. Bu gün türk dünyasına qarşı yönələn dezinformasiya “müharibəsinə” və “faşizminə” məruz qalırıq. Bu, bizim ortaq problemimizdir. Biz xüsusilə rəqəmsal platformalarda insanlığa xidmət edəcək yeni layihələri inkişaf etdirmək əzmindəyik. Dəyişməyən tək amil həqiqətdir və biz bunun qorunması üçün əlimizdən gələni edəcəyik”, – deyə F.Altun vurğulayıb.

Çıxışı zamanı 2021-ci ilin Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əhəmiyyətli il olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunun əsas səbəbinin İstanbul Sammitində təşkilatın məhz Türk Dövlətləri Təşkilatı adı altında təsis edilməsi olduğunu deyib.

O bildirib ki, həmin Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edildi ki, burada digər sahələrdə olduğu kimi, media və informasiya sahəsində də ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və tapşırıqlar qoyuldu.

Media sahəsi üzrə birgə işlərin daha sistemli və koordinasiyalı şəkildə aparılması üçün təşkilat daxilində yaradılan qrupun üzv ölkələr arasında birgə fəaliyyətin təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayan H.Hacıyev deyib ki, xüsusilə 2019-cu ildə VII Bakı Sammitində liderlərimiz tərəfindən qəbul edilən qərarlarla media, televiziya kimi sahələr üzrə əməkdaşlıq qarşımıza məqsəd kimi qoyulub. Türk dünyası olaraq bugünkü toplantıda çox mühüm məsələləri müzakirə etdik.

Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə dövlətinə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin köməkçisi ötən il keçirilən media forumunu xatırladaraq, onun ölkələrimiz arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil, eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli olduğunu bildirib.

Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə, əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə verdiyini diqqətə çatdıran Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.

“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və Türkiyə mediasının birgə fəaliyyəti, birgə səyləri sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

İnformasiyanın ölkələr arasında rəqabətin, mübarizənin ən mühüm alətlərindən birinə çevrilməsi müasir dövr üçün bu sahədə əməkdaşlığın nə dərəcə vacib istiqamət olduğunu göstərdiyini vurğulayan H.Hacıyev bildirib ki, Azərbaycanın tarixi və əzəli torpaqlarının 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal müddətində, həmçinin Vətən müharibəsinin 44 günlük gedişatında bu reallıqların şahidi olduq. Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki dağıntılarla bağlı obyektiv həqiqətlərin dünya mediasına daha səmərəli çatdırılması məqsədilə TDT-ya üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın media nümayəndəsinin iştirakı ilə 2021-ci il avqustun 30-dan sentyabrın 4-dək Azərbaycana xüsusi mediatur təşkil edildi. Mediatur çərçivəsində qonaqların Bakı ilə yanaşı Gəncəyə və işğaldan azad edilən ərazilərimizə, Şuşa, Cəbrayıl, Füzuli və Ağdama səfərləri təşkil olundu.

Qırx dörd günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə Respublikasına bir daha təşəkkür edən H.Hacıyev Vətən müharibəsi dövründə erməni lobbisinin informasiya sahəsində ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasında, saxta xəbərlərlə mübarizədə və Azərbaycanın haqq səsinin çatdırılmasında göstərdiyi dəstəyə görə Fahrettin Altuna və bütün Türkiyə mediasına da təşəkkürünü bildirib.

Azərbaycan-Türkiyə Media Platformasının fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin bütün təkliflərə açıq olduğunu bildirən Prezidentin köməkçisi ölkəmizin TDT-yə daxil digər qardaş və dost ölkələrlə də informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Müasir dövrün ən vacib informasiya alətlərindən birinin sosial media olduğunu vurğulayan H.Hacıyev deyib: “Sosial media platformalarında ölkələrimizə qarşı mənfi tendensiyaların, informasiya təxribatlarının, yalan məlumatların yayılmasının qarşısının alınması üçün bu sahədə əməkdaşlığımızın və fəaliyyətimizin əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu mənada, sosial mediada birgə fəaliyyətimizin əlaqələndirilməsi üzrə işlək və çevik mexanizmlərin yaradılması faydalı olar. Bu məqsədlə, zəngin tarixi və mədəni irsimizin, görkəmli şəxsiyyətlərimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyət, bədii və sənədli filmlərin çəkilişi, şair və yazıçılarımızın əsərlərindən ibarət ortaq nəşrlərin hazırlanması, beynəlxalq media tədbirlərində birgə iştirak mühüm addımlardandır”.

Azərbaycan Prezidentinin köməkçisi Türk Dövlətləri Təşkilatının Audiovizual Şuralarının (qurumlarının) ilk forumunun bu ilin sentyabr-oktyabr aylarında Bakıda keçirilməsini təklif edib.

Toplantıya videomüraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda aparılmayıb, yazılı və vizual mediadan tutmuş sosial mediaya qədər bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə aparılıb.

Rəqəmsal faşizmin milyardlarla insanın dəqiq və qərəzsiz xəbər almaq hüququnu əngəlləyən təhlükəyə çevrildiyini qeyd edən Türkiyə Prezidenti xüsusən də nəzarət, yoxlama, qayda və etik dəyərlərin olmadığı sosial media kanallarının bütün cəmiyyətlər üçün ciddi risklər yaratdığını deyib.

TDT-yə üzv dövlətlər – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirməkdir.

Tədbir “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serial-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclaslarla davam etdirilib.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılıblar.