Kategoriler
Azertac

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilirAzərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Kategoriler
Azertac

Prezident İlham Əliyev: Azərbaycan keçən il beynəlxalq bazarlara 19 milyard kubmetr təbii qaz ixrac edib

Bakı, 4 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8,5 milyard kubmetri Türkiyəyə, təxminən 7 milyard kubmetri İtaliyaya, yerdə qalanı isə Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

Bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur”.

Kategoriler
Azertac

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli“çərçivəsində “Qarabağnamə” filminin təqdimatı olub

Bakı, 4 fevral, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli“ çərçivəsində “Qarabağnamə” filminin təqdimatı və Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərginin açılışı olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, filmdə görkəmli qrafika ustası Arif Hüseynovun Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, eləcə də qazanılan şanlı Zəfərlə bağlı xüsusi ustalıqla çəkdiyi təsvirlər, eyni zamanda, bununla bağlı məlumatlar öz əksini tapır.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb və təşkilatın bu ilin ilk tədbirini Qarabağa xüsusi olaraq həsr etdiyini bildirib: “Düşünürəm ki, Şuşa öz əsrarəngiz təbiəti, gözəlliyi, zəngin mədəniyyəti, adət ənənələri, milli mənəvi dəyərləri ilə bizim bu ilimizə yansıyacaq. Biz də maraqlı tədbirlərlə dolu bir il yaşayacayıq. Fevralın 2-də Prezident İlham Əliyevin gənclərlə görüşü keçirildi. Hər zamankı kimi möhtəşəm şəkildə gənclərimizin, tələbələrimizin suallarını cavablandıran Prezident Şuşanın hər birimiz üçün müqəddəs bir rəmz olduğunu bildirdi”.

Fondun prezidenti şanlı Qələbədən sonra beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda, Azərbaycana akkreditə olunan səfirlərlə birlikdə Şuşaya, Qarabağa səfər etdiyini və səfər müddətində duyğulu anlar yaşadığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Qarabağ Zəfərini həm Azərbaycanın, həm də türk dünyasının yeni tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. O, rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa İli”nə öz töhfəsini verməyə çalışacağını vurğulayıb: “Film Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Qarabağa həsr olunmuş 45 əsəri əsasında çəkilib. Əvvəlcə gözəl rəsmlər yaradıldı. Daha sonra onlar “Qarabağnamə – tarixin səhifələri” adlı kitaba daxil oldu. Bu kitabı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ərsəyə gətirdi. Bunun ardından Arif müəllimin fikirləri lentə alınaraq film şəklində hazırlandı”.

“Qarabağnamə” sənədli filminin nümayişindən sonar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin təşkilinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkür edib. Fuad Muradov bu tədbirlə Azərbaycan xalqının istedadının, türk dünyasının birliyinin nümayiş olunduğunu vurğulayıb: “Prezidentin tapşırığı ilə çalışırıq ki, bizim xaricdə yaşayan soydaşlarımız Azərbaycan mədəniyyətinə dəstək olsunlar, Azərbaycan dili və adət-ənənələrinin qorunmasına çalışsınlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün dünyada 14 Azərbaycan evi təsis etmişik. Azərbaycan evlərinə artıq bu kitablar çatdırılıb”.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi dəyərli işlərlə türk dünyasının mədəni irsinin təbliğinə bir daha töhfə verdiklərini bildirib: “Həqiqətən, çox təsirləndim. Filmdə Qarabağın zənginliyi bizə çox gözəl təqdim olundu. Gələcəkdə torpaqları azad edən qəhrəmanların övladları, nəvələri bu ərazilərin kimə aid olduğunu göstərəcəklər. Biz də öz növbəmizdə Türkiyədə bu qiymətli əsərin tanıdılmasına hər zaman hazırıq”.

Tədbirdə Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar jurnalist Etibar Babayev, “Qarabağnamə” filminin rejissoru Elnurə Kazımova işğaldan azad olunan Azərbaycan torpaqlarına həsr edilən film barədə öz fikirlərini bölüşüblər.

Xalq rəssamı Arif Hüseynov tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna minnətdarlğını bildirib. Arif Hüseynov çəkdiyi rəsm əsərləri ilə Qarabağın tarixini, milli-mədəni irsini bütün dünyada tanıtmağa çalışdığını qeyd edib. O, çıxışında rəsmlərinin təqdimatının Qarabağda keçirilməsini arzuladığını vurğulayıb.

Daha sonra qonaqlar muğam sədaları altında Arif Hüseynovun rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Kategoriler
Azertac

Kiyevdən Gəncəyə müntəzəm aviareyslər həyata keçiriləcək

Kiyev, 4 fevral, AZƏRTAC

“Bees Airline” aşağı büdcəli aviaşirkəti bu ilin yayından Kiyevdən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin kommersiya direktoru Aleksandr Djidjor məlumat verib.

Aşağı büdcəli aviaşirkət hələ bilet satışına başlamasa da, Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfə müntəzəm uçuşlar həyata keçirmək hüququnu alıb.

Kiyev-Gəncə-Kiyev aviaşirkətin Azərbaycana ikinci reysi olacaq. Belə ki, “Bees Airline” artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir. Kiyevdən uçuşlara başladıqdan sonra isə bu marşrutu dayandırmaq niyyətindədir.

Kategoriler
Azertac

Bu gün Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bakı, 4 fevral, AZƏRTAC

Bu gün Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Oyunlarda 91 ölkədən ümumilikdə 3 minədək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq.

Pekin tarixdə yeganə şəhərdir ki, həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Çinin paytaxtının Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 2015-ci il iyulun 31-də Kuala-Lumpurda təşkil olunan iclasında qəbul olunub.

Olimpiadanın medallarının bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və “Pekin-2022”nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Fevralın 20-dək davam edəcək dördilliyin zirvə yarışında Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Komandanın bayraqdarı olan V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-də və 17-də isə Y.Ryabova öz məharətini sərgiləyəcək.

Kategoriler
Azertac

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

Ankara, 4 fevral, AZƏRTAC

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

AZƏRTAC-ın xüsusi müxbiri Türkiyə Böyük Millət Məclisinin iclas salonundan xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.

Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə Türkiyə vaxtı ilə saat 23:25 dəqiqədə başa çatıb.

Kategoriler
Azertac

İşğaldan azad edilmiş ərazilərdə macar şirkətlərinin iştirakı müzakirə edilib

Bakı, 3 fevral, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə macar şirkətlərinin iştirakı müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə iqtisadi əlaqələrimizin gücləndirilməsi, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr apardıq”, – deyə iqtisadiyyat naziri vurğulayıb.

Kategoriler
Azertac

Nazir: Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib

Bakı, 3 fevral, AZƏRTAC

Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün dırnaqarası icadlara ehtiyac yoxdur. Ermənistanın buna haqqı yoxdur. Bu məsələdə Azərbaycanın mövqeyi bəllidir.

Prosesə başlamaq üçün ilkin şərtlərin irəli sürüldüyünü deyən nazir vurğulayıb: “Ermənistan tərəfi komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”.

Kategoriler
Azertac

Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Şuşa Bəyannaməsinin parlamentdə təsdiqlənməsi üçün müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib

Ankara, 3 fevral, AZƏRTAC

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, TBMM-in sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini, eləcə də ortaq milli maraqları özündə ehtiva edən tarixi sənəd kimi dəyərləndirilib.

Xarici İşlər Komissiyasının sədri Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən iclasda deputatlar, hökumətin təmsilçiləri və ekspertlər Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran və başqaları diqqətə çatdırıblar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə dövləti və xalqı haqq işində hər zaman Azərbaycanın yanında olub. Bildirilib ki, Şuşa Bəyannaməsi mövcud beynəlxalq geosiyasi vəziyyətdə qəbul edilmiş ən düzgün tarixi sənəddir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət bütün tərəflər üçün tarixi şans kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə şanlı Vətən müharibəsində olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaqdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini özündə tam dolğunluğu ilə əks etdirir.

Çıxışlarda qeyd olunub ki, Şuşa Bəyannaməsinə söykənərək Ermənistanla normallaşma, Zəngəzur dəhlizinin açılması, regionda çoxtərəfli əməkdaşlıq məsələlərində ortaq addımlar atılacaq.

Müzakirələrdən sonra TBMM-in Xarici İşlər Komissiyası Şuşa Bəyannaməsinin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Kategoriler
Azertac

Asiya İnkişaf Bankı Özbəkistan iqtisadiyyatına 3 milyard dollara yaxın sərmayə qoyacaq

Daşkənd, 3 fevral, АZƏRTAC

2022-2024-cü illərdə Asiya İnkişaf Bankı (AİB) Özbəkistanda 2,8 milyard dollarlıq 27 layihə həyata keçirəcək.

AZƏRTAC Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı razılıq Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov ilə AİB-nın prezidenti Masatsuqu Asakava arasında keçirilən onlayn görüşdə əldə olunub.

Görüşdə bildirilib ki, indiyədək AİB Özbəkistan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə qoyub.

Qeyd olunub ki, AİB ölkə iqtisadiyyatının təchizatının yaxşılaşdırılması, elektroenergetika sahəsinin modernləşdirilməsi, səhiyyə və nəqliyyat infrastrukturlarının inkişafına da sərmayə yatıra bilər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd