Kategoriler
Azertac

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın iclası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb

Bakı, 3 fevral, Süleyman Qaradağlı, AZƏRTAC

Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib. İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycanla Macarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rolunu vurğulayıb.

O, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri diqqətə çatdırıb. Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işləri barədə məlumat verib. S.Babayev Macarıstan şirkətlərinin həmin quruculuq işlərində iştiraka maraq göstərmələrinin məmnunluq doğurduğunu qeyd edib.

Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran S.Babayev bu gün ölkəmizdə bir çox macar şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes-forum, işgüzar görüş, digər tədbirlərin, habelə 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açılmasının və s. əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətinin əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyəti qeyd edilib. Komissiyanın bugünkü iclasının, həmçinin iclas çərçivəsində təşkil olunan Azərbaycan-Macarıstan biznes-forumunun da bu istiqamətdə uğurlu nəticələr verəcəyinə əminlik ifadə edilib.

P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında strateji tərəfdaşlığından bəhs edib, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu bildirib. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək istiqamətlərə dair müzakirələr aparılıb.

Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.

Həmçinin Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstan Respublikasının “Ləyaqət” Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.

Komissiyanın həmsədrləri mətbuat üçün brifinq keçirərək Komissiyanın bu iclasının və imzalanan sənədlərin Azərbaycan və Macarıstanın əməkdaşlıq əlaqələrinin inkişafında önəmli rol oynayacağına ümidvar olduqlarını qeyd ediblər.

Kategoriler
Azertac

Rusiya Prezidenti bu ay Türkiyəyə səfər edə bilər

Moskva, 3 fevral, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfər edə bilər.

AZƏRTAC xəbər verir ki, Rusiya KİV-in Türkiyənin “A Haber” telekanalına istinadla yaydığı xəbərə görə, səfər fevralın ikinci yarısında baş tutacaq. Rusiya Prezidentinin Türkiyəyə səfəri Çin Olimpiadasının açılışında iştirakdan sonraya planlaşdırılır. Səfərin dəqiq tarixi də Olimpiadadan sonra məlum olacaq.

Kategoriler
Azertac

Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırdı

Bakı, 3 fevral, AZƏRTAC

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edildi. Bəyannamənin təsdiq olunması adi bir hadisə deyil. Çünki Şuşa Bəyannaməsindən irəli gələn müvafiq addımların atılması, strateji vəzifələrin yerinə yetirilməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Xüsusilə də nəzərə almaq lazımdır ki, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. İki qardaş ölkənin birgə fəaliyyəti və ortaq təşəbbüsləri əsasında regionun geostrateji arxitekturası yenidən qurulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması, yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına – istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə vurğulanır: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiq olunması strateji əhəmiyyət daşıyır.

Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən il imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, humanitar və hərbi-strateji münasibətlər ən yüksək zirvədədir. Tərəflər, eyni zamanda, beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər, prinsipial dəstək nümayiş etdirirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində rəsmi Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Bütün bu məqamlar Şuşa Bəyannaməsində də öz əksini tapıb.

Şuşa Bəyannaməsinin tərəflərin siyasi iradəsini əks etdirməklə yanaşı, regional təhlükəsizlik amili kimi də müstəsna əhəmiyyətə malik olduğunu qeyd edən deputat deyib: “Bu, olduqca vacib məqam və prinsipial məsələdir. Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq əlaqələrinin inkişafı diqqət mərkəzində olub. Şuşa Bəyannaməsinin imzalanması isə artıq hərbi-siyasi təhlükəsizliyin təmin olunması və başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır”.

Beləliklə, Azərbaycan Respublikasının Milli Məclisinin Şuşa Bəyannaməsini təsdiqlədiyini deyən S.Fətəliyeva bildirib ki, eyni addımın yaxın günlərdə Türkiyə Böyük Millət Məclisi tərəfindən atılması da gözlənilir. Bununla da Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olunur. “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi ortaq təhlükəsizliyimizin təmin olunması və ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfə verəcək.

Kategoriler
Azertac

Özbəkistan saytlarında Azərbaycan Prezidentinin AZƏRTAC-a müsahibəsi ilə əlaqədar məqalələr dərc edilib

Daşkənd, 3 fevral, АZƏRTAC

Özbəkistanın “xabar.uz” və “ziyouz.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsi ilə əlaqədar özbək və rus dillərində məqalələr yerləşdirib.

“xabar.uz” portalı yazır ki, AZƏRTAC-ın müxbirinin bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması ilə bağlı sualına Azərbaycan Prezidenti İlham Əliyev belə cavab verib: “İlk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında – İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib”.

“ziyouz.uz” portalı müsahibəyə istinadla yazır ki, Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb.

Prezident deyib: “Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu”.

Kategoriler
Azertac

QMİ-də Azərbaycanla Özbəkistanın qardaşlıq münasibətləri zəminində inkişaf edən dini-mənəvi əlaqələrindən danışılıb

Bakı, 2 fevral, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanovu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən dost Azərbaycan və Özbəkistan xalqlarının ümumi mənafelərinə xidmət edir.

Şeyxülislam A.Paşazadə İslam dünyasının ayrılmaz parçası olan, milli və mənəvi dəyərlərinə sadiq dünyəvi dövlət modellərinə malik Azərbaycanda və Özbəkistanda milli-mənəvi irsə qayğı və dövlət himayəsini dəyərli nümunə kimi qiymətləndirib.

Görüşdə İslam dünyasının tanınmış elm, irfan məkanı kimi təşəkkül tapmış mənəvi mərkəzlərindən biri olan Özbəkistanın dini-mənəvi məkanlarının tanıdılmasının vacibliyinə diqqəti çəkən səfir Bahrom Aşrafxanov ölkəsində bu istiqamətdə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib. O bildirib ki, Özbəkistan Prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edib ki, ölkənin dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərinin təşkili “Allahşükür Paşazadənin izi ilə” devizi altında həyata keçirilsin. Səfir B.Aşrafxanov şeyxülislam Allahşükür Paşazadənin Özbəkistanda böyük nüfuza malik olduğunu, hər zaman ehtiramla qarşılandığını vurğulayaraq adı çəkilən qərara əsasən nəzərdə tutulan, əsasən Azərbaycandan, Qafqazdan təşrif buyuracaq zəvvarlar üçün ziyarət turunun tabloidini QMİ sədrinə təqdim edib.

Şeyxülislam A.Paşazadə Özbəkistanı hər zaman ikinci vətəni saydığını, ömrünün təhsillə bağlı illərini bu ölkədə keçirdiyini, özbək xalqını və onun zəngin mədəniyyətini, mənəvi irsini yüksək dəyərləndirdiyini ifadə edib. İslamın elmi cəhətdən tədqiqi, müsəlman irsinin təbliği istiqamətində Özbəkistanın dünya miqyasında şöhrətinin təşviqində siyasi iradəsinin rolunu olduqca önəmli sayan A.Paşazadə şəxsinə olan hörməti özü üçün böyük nemət saydığını dilə gətirib, qədirbilən özbək xalqına, dövlətinə və onun dövlət başçısına ehtiramını və dərin minnətdarlığını bildirib. QMİ sədri xüsusi vurğulayıb ki, Özbəkistan dövləti Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə İslam İntibahı dövrünü yaşayır. Xalqının milli-mənəvi dəyərlərinə yüksək ehtiram bəsləyən Özbəkistan dövlətinin başçısı tərəfindən həyata keçirilən, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, beynəlxalq tədqiqat mərkəzləri, elmi ocaqların yaradılması, özbək xalqının zəngin mənəvi irsinin xaricdə dərindən öyrənilməsinə və tanıdılmasına yönəlmiş dövlət siyasətinin nəticələri böyük əhəmiyyət kəsb edir. Şeyxülislam A.Paşazadə Özbəkistan liderinin İslam irsinə, mənəvi dəyərlərə ali himayə və diqqətini yüksək qiymətləndirib, Uca Allahdan onun bu möhtəşəm fəaliyyətinə xeyir-dualar diləyib.

Şeyxülislam A.Paşazadə Özbəkistana ziyarət turlarının Azərbaycanda maraqla qarşılanacağına əminliyini ifadə edib və bu nəcib işə uğurlar arzulayıb. QMİ sədri Özbəkistana ziyarət səfərləri ilə bərabər yaxın gələcəkdə Azərbaycanın dini-mənəvi məkanlarına ziyarətlərin, o cümlədən azad olunmuş Qarabağ torpaqlarına turların təşkil ediləcəyinə ümidvar olduğunu bildirib. Şeyxülislam əlavə edib ki, Qarabağın dini-mənəvi, mədəni irsinə qarşı törədilmiş vandalizm halları ilə, habelə dövlətimiz tərəfindən mənəvi irsin bərpa və yenidənqurulması sahəsində görülən işlərlə ziyarətçilərin yerində tanış olmaq imkanı olduqca əhəmiyyətlidir.

QMİ sədri özbək səfirə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə məlumat verib. O bildirib ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından uğurlu və perspektivli olub. A.Paşazadə qeyd edib ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulanıb.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparılıb. QMİ sədri A.Paşazadə qeyd edib ki, bu birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.

Kategoriler
Azertac

Cahid Bağçı: İşğaldan azad olunan ərazilərdə ən müasir tibb müəssisələrinin yaradılmasında Türkiyə köməyini əsirgəməyəcək

Bakı, 2 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, hər bir sahədə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də iki ölkə arasında yüksəksəviyyəli əməkdaşlıq mövcuddur: “Uzun illər ərzində tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün səmərəli işlər görülüb. Belə ki, ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlıq həyata keçirilir, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Eyni zamanda, Azərbaycan Tibb Universiteti Türkiyənin nüfuzlu tibb universitetləri ilə elmi əməkdaşlığı genişləndirir, müxtəlif istiqamətdə ortaq layihələr icra olunur. Bundan başqa, ölkələrimizin mütəxəssis və həkimləri üçün təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur. Səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Belə ki, güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var. Türkiyədə tibb texnologiyası ən innovativ və sürətlə inkişaf edən sənayelərdən biridir. Hazırda Azərbaycanda tibbi avadanlıqlar üzrə mühəndislərin yetişdirilməsinə tələbat mövcuddur”.

Teymur Musayev qardaş Türkiyə tərəfinə pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Çıxışının sonunda nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində səfir Cahid Bağçı qeyd edib ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır, hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.

Cahid Bağçı, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə ən müasir tibb müəssisələrinin yaradılmasında Türkiyənin köməyini əsirgəməyəcəyini söyləyib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.

Kategoriler
Azertac

Prezident: Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik

Bakı, 2 fevral, AZƏRTAC

Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident İlham Əliyev bildirib ki, bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir: “Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi”.

Şuşanın azad olunması xəbərindən qürur hissi keçirdiyini söyləyən Prezident deyib: “Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. Çünki on minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib – Şuşanı görmədən, azadlığı görmədən”.

Kategoriler
Azertac

Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib.

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 kilometr, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 kilometr təşkil edir.

Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə isə 2021-ci ilin avqust ayında başlanılıb.

Artıq birinci mərhələ üzrə torpaq işləri 98 faiz həcmində yerinə yetirilib, həmçinin 35 ədəd suötürücü boru, iki ədəd körpü, səkkiz ədəd ehtiyat keçidi tam tikilib. 16,8 kilometr dəmir yolunun üst quruluşu elementləri və 18 ədəd yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib.

İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Kategoriler
Azertac

Azərbaycan və Özbəkistanın qida mütəxəssisləri arasında müzakirələr aparılıb

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Özbəkistan Respublikasının Bitki Karantini və Mühafizəsi üzrə Agentliyi arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə tərəflər arasında razılaşdırılmaqda olan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə edilib.

İki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bitki mənşəli məhsulların qarşılıqlı tədarükü zamanı operativ məlumat mübadiləsinin təşkili, fitosanitar sertifikatlar barədə məlumatların elektron mübadiləsi sahəsində əməkdaşlığın mümkünlüyünə dair fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Bakı, 2 fevral, AZƏRTAC

2 fevral – Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz ulu öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 25 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarında ikinci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, iki il əvvəl şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları, Teymur Rəcəbovun ötən il Dünya Kubokunun qalibi olması, yeniyetmə şahmatçımız Aydın Süleymanlının 14 yaşlılar arasında dünya çempionu adını qazanması və digər nailiyyətlər Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurlardan bəziləridir.

Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, post-neft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən il təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı.

Bu mühüm tədbirdən sonra Azərbaycan Ordusu gənclərinin də ümumrespublika toplantısının keçirildi. Ordu gəncləri həmin toplantıda bildirdilər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ümumrespublika toplantısında proqram xarakterli nitqi hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini artırıb. Onlar Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətimizi bəyan etdiklərini qəti şəkildə bəyan etdilər.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.