Kategoriler
Azertac

Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələr daha da genişlənəcək

Bakı, 6 avqust, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgin arasında videoformatda görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlığı qeyd edib. Ölkələrimizin ikitərəfli əlaqələrinin davamlı, sabit və uzunmüddətli inkişafında iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edərək həmin günlərdə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları, yanğınların törətdiyi fəsadlarla bağlı kədərini ifadə edən S.Babayev dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Həmişə olduğu kimi, bu gün də xalqımızın qardaş Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.

Nazir Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsini, imzalanmış əməkdaşlıq sənədlərini, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Bu sahədə əlaqələrin getdikcə gücləndirilməsinin və müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda icra olunan sosial müdafiə və aktiv məşğulluq proqramlarını diqqətə çatdıran S.Babayev aparılan islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər barədə məlumat verib. Postmüharibə dövründə şəhid ailələri və qazilərlə əlaqədar sosial dəstək tədbirlərini, bu sahələrdə fəal əməkdaşlıq müstəvisində ardıcıl təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini qeyd edib.

V.Bilgin Azərbaycanın Türkiyə üçün dost və qardaş ölkə olduğunu, iki ölkənin hər zaman bir-birinin yanında olmasının və əlaqələrin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. O, Türkiyənin sosial islahatlar sahəsində təcrübəsindən və əldə olunan uğurlardan bəhs edib. Əməkdaşlığın daim yeni fəaliyyət istiqamətləri üzrə genişləndirilməsinin qarşılıqlı faydasını, bu sahədə onlar tərəfindən bütün səylərin göstərilməsinə hazır olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin, bu məqsədlə müqavilə-hüquq bazasının genişləndirilməsinə, yeni əməkdaşlıq sənədlərinin layihələrinə, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər

Kategoriler
Azertac

Özbəkistan, Tacikistan, Rusiya Əfqanıstan sərhədi yaxınlığında birgə təlimlərə başlayıb

Bakı, 5 avqust, AZƏRTAC

Əfqanıstan sərhədi yaxınlığında yerləşən Harb-Maydon poliqonunda Tacikistan, Özbəkistan və Rusiya birgə təlimlərə başlayıb.

AZƏRTAC Rusiya KİV-inə istinadla xəbər verir ki, təlimlərdə hərbi təcrübənin yoxlanılması, qoşunların istifadəsinin optimal formalarının tətbiq olunması və hərbi əməliyyatların aparılmasına ümumi yanaşmanın işlənib hazırlanması planlaşdırılır.

Avqustun 5-dən 10-dək davam edəcək təlimlərə təxminən 2,5 min hərbi qulluqçu, 500-ə yaxın silah və texnika cəlb olunacaq.

Hərbi təlimlər Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqədar hökumət qüvvələri ilə “Taliban” hərəkatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda keçirilir. Son aylar ölkənin kənd rayonlarında xeyli əraziyə nəzarəti ələ keçirən taliblər iri şəhərlər uğrunda döyüşlərə başlayıb.

Kategoriler
Azertac

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb

Qrupa 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir

Bakı, 5 avqust, AZƏRTAC

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 5-də saat 11 radələrində qardaş ölkəyə yola salınıb.

AZƏRTAC xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi isə avqustun 5-də səhər saat 06 radələrində Türkiyəyə yola düşüb.

Qrupun üzvlərini FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, onlara müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq Marmaris bölgəsində yanğınların söndürülməsinə çalışırlar. Azərbaycan yanğınsöndürənləri isti hava şəraitində mürəkkəb relyefli dağlıq ərazidə yanğınların söndürülməsi üçün fədakarlıqla mübarizə aparırlar.

FHN-in 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət yola düşən ikinci qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb. İkinci qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Türkiyədədir.

Kategoriler
Azertac

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Mövlud Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

Kategoriler
Azertac

Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 5 avqust, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov nümayəndə heyətini səmimi salamlayıb, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının törətdiyi fəsadlardan sarsıldığını bildirib, eləcə də yanğınlar zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb.

İnstitutun rəhbəri isə öz növbəsində qardaş Azərbaycanın göndərdiyi yardım heyəti və texnika dəstəyinə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət, kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin zəngin və qədim tarixi ilə tanınan Qarabağa həsr olunmuş filmlərin çəkilməsi, ortaq mədəni irsin qorunması, qarşılıqlı uzunmüddətli təlimlərin keçirilməsi, tarixi abidələrin araşdırılması ilə bağlı müzakirələr aparılıb. Digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Şeref Ateş qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyəti bundan sonra da uğurla davam etdirməyə hazır olduqlarını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidentinin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq Sərəncamının icrası məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.

Sonra müdafiə naziri komandanlığın tərkibindəki idarələrin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.

Kategoriler
Azertac

Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir

Muğla, 5 avqust, AZƏRTAC

Yardımımıza gələn hər kəsə öz adımdan və millətim adından təşəkkür edirəm. Onların arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir. Azərbaycan bir yanğınsöndürmə helikopteri və çox sayda canlı qüvvəsi ilə yanğınla mücadilə edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” və ATV telekanallarına verdiyi müsahibədə ifadə edib.

Prezident İlham Əliyevin köməyə daha bir təyyarə göndərəcəyi barədə ictimaiyyəti məlumatlandıran dövlət başçısı əminliklə vurğulayıb ki, bununla yanğınla mücadilə işləri tamam fərqli bir mərhələyə gəlmiş olacaq. Hazırda ölkədə 20 təyyarə və 51 helikopter fəaliyyətdədir.

Kategoriler
Azertac

Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə hazırda qardaş ölkədə olan nazir müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Mirzəyev Türkiyədə baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə FHN-in yanğın, xilasetmə, aviasiya və tibb qüvvələrinin qardaş ölkəyə gəldiyini qeyd edib. Türkiyəyə gəlməsində məqsədinin yardıma gəlmiş FHN-in qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili olduğunu vurğulayan E.Mirzəyev qüvvələrin tərkibi və imkanları, həmçinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətləri barədə ətraflı məlumat verib.

Türkiyəli nazir Bekir Pakdemirli ölkəsində baş verən meşə yanğınlarının miqyası və yanğınla mübarizə tədbirləri haqqında danışıb. B.Pakdemirli, həmçinin meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

Kategoriler
Azertac

Müdafiə Nazirliyi: Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Bakı, 4 avqust, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.